Sənətin zirvəsində

 

 

 

Zəngin mədəniyyətə malik olan xalqımız daim özünün yetişdirdiyi adlı-sanlı, istedadlı övladları ilə fəxr edir. Azərbaycan bəstəkarlıq sənətinin bugünkü mənzərəsi çoxşaxəli və rəngarəngdir. Haqqında söhbət açdığımız Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov bu sənətin tanınmış nümayəndələrindən biridir.

Yaradıcılığa əsasən simfonik, eləcə də kamera musiqisi sahəsində başlayan istedadlı bəstəkarın maraq dairəsinin genişliyi, onun həm tarixi keçmişimizin, həm də müasir dövrümüzün ən müxtəlif mövzularına, obrazlarına müraciət etməsi böyük maraq doğurur.

Bu günlərdə 70 yaşını qeyd edən Məmmədağa Umudov uzun illərdir Azərbaycan incəsənəti üçün yorulmadan çalışır. Milli ruh, muğamlara bağlılıq, gözəl melodizm, dərin musiqi təfəkkürü, konsert üslubu ilə lirikanın birliyi, incə ahəngdarlıq, özünəməxsus harmonik dil onun yaradıcılığının özünəməxsus xüsusiyyətlərindəndir.

Ötən əsrin 70-ci illərindən müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar müxtəlif janrlarda əsərlər yazmışdır. O, üç simfoniya, “Qobustansimfonik poeması, “Gənclik” uvertürası, fortepiano üçün prelüdlər və sonatina, tar ilə simfonik orkestr üçün, violinsimfonik orkestr üçün konsertlər, “Balet süitası”, “Çahargahmuğam simfoniyası və s. əsərlərin müəllifidir.

1949-cu il mayın 27-də Bakının qədim kəndlərindən biri olan Əmircanda dünyaya göz açan Məmmədağa Umudov uşaqlıqdan musiqiyə bağlanmış, həyatını musiqiyə həsr etmişdir. Ali musiqi təhsilini iki ixtisas üzrə almışdır. 1968-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) İfaçılıq fakültəsinin tar ixtisası üzrə təhsilini davam etdirmişdir. 1973-cü ildə tar ixtisası diplomunu alıb konservatoriyanın Bəstəkarlıq fakültəsinin 2-ci kursunaXalq artisti, professor Cövdət Hacıyevin sinfinə daxil olmuşdur.

1977-ci ildə I simfoniyasını diplom işi kimi təqdim edərək bu fakültəni də müvəffəqiyyətlə bitirir. Artıq bu əsərdə bəstəkarın peşəkarlıq qabiliyyəti özünü aydın büruzə verir. 1978-ci ildə həmin simfoniya Azərbaycan Televiziyasında Xalq artisti, professor Ramiz Məlikaslanovun dirijorluğu ilə canlı səslənmiş və sonradan lentə yazılmışdır. Özünəməxsus orijinal üslubu, yeni ifadə vasitələri ilə seçilən “Tar ilə simfonik orkestr üçün konsert”də tarın bədii-texniki imkanlarını simfonik orkestrin ifadə vasitələri ilə birləşdirən bəstəkar bu alətə xas olan üslublara gözəl bələd olduğunu nümayiş etdirmişdir. Özündən əvvəlki və onunla paralel surətdə yaranan konsertlərin heç birini təkrarlamayan bu əsərdə xalq musiqisinə, muğamlara həssaslıqla yanaşma özünü büruzə verir. Görkəmli tarzən Ramiz Quliyevə ithaf olunan bu əsər ilk dəfə 1985-ci ildə Bəstəkarlar İttifaqının VI qurultayında ustad tarzənin öz ifasında dirijor Ramiz Məlikaslanovun rəhbərliyi ilə ifa olunmuşdur.

Məmmədağa Umudovun 90-cı illərdə yazdığı əsərlərdən “Solo violin üçün sonata” (1992) ilk dəfə 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, professor Sərvər Qəniyevin, “Düşüncələr” adlı simli orkestr üçün simfoniyası 2007-ci ildə Bəstəkarlar İttifaqının qurultayında filarmoniyanın Kameraorqan musiqisi zalında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və dirijorXalq artisti Teymur Göyçayev) ifasında müvəffəqiyyətlə səslənmişdir.

Böyük simfonik orkestr üçün yazılmış növbəti III simfoniyası da bəstəkarın irihəcmli əsərləri sırasında özünəməxsus yer tutur. Eləcə də son illərdə yazdığı əsərlərdən “Qələbəyə doğru” 2 marşı, “Çahargahmuğam simfoniyasını, Cümhuriyyətimizin 100 illiyi münasibətilə sözləri şair Vüqar Əhmədə məxsus olan “Cümhuriyyət marşı”nı və s. misal göstərə bilərik.

Beləliklə, Məmmədağa Umudovun musiqisini həmişə ciddi ideyalarına, məzmununa, təcəssüm olunan mövzu və obrazların əhəmiyyətinə görə tanımaq olur. Mühüm fikirləri, dərin, ciddi hisləri bəstəkar həmişə aydın, dəqiq və inandırıcı ifadə edir.

O həm fəal ictimai xadimdir. 1978-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür, təşkilatın işində aktiv iştirak edərək bir çox plenum, qurultay festivallarda yeni əsərlərini təqdim edir.

Məmmədağa Umudovun pedaqoji fəaliyyəti eyni dərəcədə məhsuldardır. O, təcrübəli, tədris prosesinin bütün incəliklərinə fikir verən, tələbkar, həm xoşxasiyyətli bir müəllimdir. Pedaqoji fəaliyyətinə Bakı Kitabxanaçılıq Texnikumunda (1968-77) başlayıb, 1977-2005-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Kollecində, həmçinin Bakı Musiqi Akademiyasında (1978-88) müəllim kimi çalışmışdır. 2005-ci ildən burada professor kimi pedaqoji fəaliyyətini davam etdirir. Tədris etdiyi fənn bəstəkarlığının tərkib hissəsini təşkil edir. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasında alətşünaslıq fənnindən dərs deyir, bu fənn üzrə dərsliyin müəllifidir.

Yaradıcılığının məhsuldar çağını yaşayan Məmmədağa Umudovun bütün fəaliyyəti, yazdığı əsərlər, heç şübhəsiz, Azərbaycan musiqisinin klassik irsinə töhfədir.

Bəstəkarın 70 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə onun zəngin yaradıcılığına bir daha nəzər salınır. Belə tədbirlərdən biri 6 martda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində keçirilmişdi. Tədbirdə xalq artistləri Tofiq Bakıxanov, Ramiz Quliyev, Azər Dadaşov, professor Arif Əsədullayev, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyev yubilyarı təbrik edərək yaradıcılığından söhbət açdılar. Milli Konservatoriyanın müəllimləri Firuzə Nəcəfli, Gülnar Qurbanova bəstəkarın əsərlərini ifa edərək tədbir iştirakçılarına xoş ovqat bəxş etdilər. Milli Konservatoriyada, Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət  Akademik Filarmoniyasında bəstəkarın əsərlərindən ibarət yubiley konsertlərinin keçirilməsi nəzərdə tutulub. Bəstəkarın yubileyinə daha bir töhfə Mədəniyyət Nazirliyi Bəstəkarlar İttifaqının dəstəyi ilə onun yaradıcılığını əks etdirən broşürün (müəllifJalə Qulamova) işıq üzü görməsidir.

Öz yaradıcılığına son dərəcə məsuliyyətlə yanaşan bəstəkar daima axtarışdadır yeni yaradıcılıq ideyalarını həyata keçirmək üçün var qüvvəsi ilə çalışır. Biz Məmmədağa müəllimi 70 yaşı münasibətilə təbrik edir, ona yaradıcılıq yollarında yeni uğurlar arzulayırıq.

 

Jalə QULAMOVA

Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.7.