Neapollu Sofi Lorenin etirafı
və ya Bakı-Neapol
qardaşlığı
İtaliyanın Respublika Günü münasibətilə bu ölkənin Bakıdakı səfirliyinin “Dağüstü park” restoranında təşkil etdiyi tədbirə uzanan yolun Şəhidlər xiyabanından keçməsini mənalandırmaq heç də çətin olmadı mənimçin. Müstəqil Azərbaycan Respublikası uğrunda şəhid olmuş igidlərimizin səf-səf sıralanmış baş daşları üzərindəki şəkillərində İtaliyanın öz istiqlaliyyəti uğrunda canlarından keçmiş qəhrəmanlarıyla zahiri oxşarlığın mənası var idi...
İtaliyanın qədim əcdadları olan etruskların mənşəyi ilə bağlı görkəmli türkoloq Firudin Ağasıoğlu “Etrusk-Türk bağı” kitabında yazır: “İndi dilimizdə işlətdiyimiz bəzi sözlərin kökü məhz etrusklardan gəlib. Etrusklar özlərinə “Rasna” deyiblər ki, bu da “Araz” sözündən qaynaqlanır. Azərbaycandan Anadolu və Liviya vasitəsilə İtaliya ərazisinə köç edən və bizim etrusk türkləri kimi tanıdığımız türk toplumu şumerlər kimi dünya sivilizasiyasına böyük tövhələr verib. Heç də təsadüfi deyil ki, Renessans dövrü ilk Florensiyadan başlayaraq bir çox dünya şöhrətli alimlərin adını tarixə yazıb. Bu xalq birinci minilliyin əvvəli yaranıb və minilliyin sonu süquta uğrayaraq 1000 il yaşayıb”.
Mən etnoqraf alim olmadığımçün, amma dünyanın və xalqların yaranma tarixiylə bağlı bir sıra ədəbiyyatla tanış olduğumdan, alimimizin bu araşdırmasının həqiqətə uyğunluğunu hamı kimi bir faktla təsdiqləyə bilərəm. İtalyanlarla azərbaycanlılar xarici görünüşləriylə bir-birinə çox bənzəyir, əksərən bizim kimi qaraqaş, qaragöz, elə xasiyyətcə də bizim kimi temperamentlidirlər.
Onu da qeyd edim ki, şəhərsalma memarlığında da oxşarlıqları sadalaya bilərəm. Ötən əsrin əvvəllərində böyük rus yazıçısı M.Qorki Bakını İtaliyanın gözəl şəhərlərindən biri olan Neapola bənzətmişdi. Hazırda qardaşlaşmış şəhərlər kimi tanınan Bakı və Neapolun bu əlaqəsi dünyanın siyasi xəritəsində iki xalqın uğuru sayılmalıdır. Çünki ölkə-ölkə parçalanmış dünyanın insan qəlbinə qalib gələ bilməməsi faktıdır bu; dünyanın tərəqqipərvər insanları qəlb-qəlb birləşməyə can atırlar. Şəhərimizdəki Neapol dairəsi, Neapoldakı Bakı küçəsi, Dənizkənarı Milli Parkımızdakı Venesiya guşəsi – bütün bunlar doğmalaşmaq, qardaşlaşmaq istəyinin rəmzləridir.
Yuxarıda adını çəkdiyim əlamətdar gün təntənəsinə dəvət olunmuş “Qulli di Napoli” dueti mənə kömək etdi ki, sizə yeni bir etimologiya da təqdim edim. “Qulli” sözünün kökündə “Külli” kəlməsinin durduğunu görməmək çətin deyil. Bəli, duetin adı “Hamımız Neapoldanıq” mənasını verirdi.
Təbii ki, onların
ifasını dinlərkən gözüm
önündə filmlərdən yaddaşıma həkk olunmuş Neapol
küçələrini canlandırmaya bilməzdim. Orta nəsil məşhur rejissor Vittorio De Sikanın “Neapol qızılı” filmini xatırlamamış olmaz. Gözəl
və gənc Sofi Lorenin İçərişəhərimizin
dar küçələrini
xatırladan bir küncündə “pitsa-pitsa”
deyə müştəri
səsləməsi və
onun başına yığışan müştərilərin
bizim köhnə məhəllələrimizdəki camaata xas davranış
tərzi... Bütün bunları öz
ekran əsərinin atributuna çevirən Vittorio De Sika məhz elə bu səmimiyyətinə, sadə nəql üslubuna görə neorealizmin banilərindən
biri kimi adını kino tarixinə yaza bildi.
Bəli, o filmini “Neapol qızılı” adlandırarkən
hansısa bir ləl-cəvahirat xəzinəsindən
deyil, məhz sadə insanlardan söhbət açmışdı. Öz xalqını
dərin məhəbbətlə
sevən bu sənətkar üçün
sadə neapollu qızıl qədər dəyərliydi və öz filmində məhz onların xarakterlərini yeni kino diliylə, daha doğrusu, onların öz diliylə danışdırmaqla
yeni kino dili yaratmağa nail olmuşdu.
1954-cü
ildə çəkilən
bu filmdəki qızılı isə Amerika məhz Sofi Lorenin gözəlliyində
görüb, 1960-cı ildə
yeni bir film “Bu, Neapolda baş vermişdir”i çəkdi.
Amerikanın digər yaraşıqlı
aktyoru Klark Qeybellə tərəf-müqabili
olan Sofi Loren bu filmdə də Neapolun qızılı kimi parlayırdı.
Təbii ki, bu qızılı
kino xəzinəsinə
qatmaq İtaliyanın
öz sənətkarının
səlahiyyətlərinə aid idi. Beləliklə, 3 il sonra Vittorio De Sika özünün yeni “Dünən, bu gün və sabah” filmində Sofi Loreni yenidən
Neapol küçələrinə
çıxardı. Bu filmdə də Sofi yenidən küçə satıcısı
idi, lakin pitsa deyil, siqaret
satırdı.
Ümumiyyətlə, italyan neorealizminin ekranında ağır zəhmət hesabına ruzi qazanan sadə
insanların üstünlük
təşkil etməsi,
insan psixologiyasının
tədqiqi sahəsində
zəngin materialdır
desək, yanılmarıq. Bir də
bunu bilməyə nə var ki.
Məhz zəhmət prosesində insanın tək fiziki gücü deyil, həm də ruhu, iradəsi,
dözümü və
səbri üzə çıxırsa, bunu sadə zəhmətkeşin
həyatı fonunda canlandırmaq dərs verə bilir.
Yenidən Neapola qayıdaraq bir faktı diqqətə çatdırmaq
istərdim. Sofi Loren dəfələrlə öz
müsahibələrində: “Mən italiyalı deyil, neapolluyam”, - deyə çoxmənalı
bir fikir səsləndirib. Dünya kinosunda
məhz İtaliya sənətkarı kimi şöhrətlənən korifey,
görən, nəyə
diqqət yönəltmək
istəyir ki?
Yəqin
ki, həyatda və sənətdə özünün qazandığı
bütün uğurlarının
əsasında gərgin
əməyinin durduğunu
vurğulamaq istəyidir
bu. Özünün Neapol
küçələrində pitsa satan,
siqaret satan sadə, zəhmətkeş
kino obrazlarına el qızı məhəbbətini
vurğulamaq istəyidir...
Bu gün dünyanın
ən zəngin sənətkarlarından biri
olan, rəsmi qızıl sikkədə
həkk olunan bir zəhmətkeş insan üçün bu səmimi və böyük etirafdır.
Sədaqət KAMAL
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.7.