Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü
görüb
Xalq yazıçısı Elçinin dramaturgiyası xarici ölkələrin teatrlarında tez-tez tamaşaya qoyulur və beynəlxalq səviyyədə daha geniş miqyaslı populyarlıq əldə edir.
Onun pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq və başqa şəhərlərin teatrlarında hazırlanmış tamaşalar rəğbətlə qarşılanaraq müasir dramaturgiyanın uğurları kimi qiymətləndirilib. “Cəhənnəm sakinləri” pyesi əsasında ingilis bəstəkarı Lorens Mark Vitin yazdığı müzikl isə Cənubi Koreyada, Seul Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub.
Bu günlərdə Almaniyada “Pemverlaq” nəşriyyatı yazıçının “Pyeslər” (“Teatr oyunları”) kitabını nəfis şəkildə nəşr edib. Kitaba ədibin məşhur “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” tragikomediyaları daxildir. Pyesləri orijinaldan alman dilinə türkoloq K.H.Kiel tərcümə edib. Maraqlı cəhət odur ki, nəşriyyat həmin pyesləri eyni zamanda türk dilində də ayrıca kitab kimi nəşr edib. Əsərlər türk dilinə Orxan Aras tərəfindən tərcümə olunub. O, kitabı oxuculara təqdim edərək yazır: “Dünyaca tanınmış yazar Elçin, sadəcə çağdaş dövrümüzdə deyil, gələcəkdə də oxunacaq və əsərlərindən dərslər alınacaq bir yazardır”.
Qeyd etmək lazımdır
ki, alman oxucuları Xalq yazıçısı Elçinin
əsərləri ilə yaxşı tanışdır. Almaniyada onun “Mahmud və Məryəm”, “Ağ
dəvə”, “Ölüm hökmü”,
“Baş” romanları, eləcə də povest və hekayələri nəşr edilib. “Pyeslər” yazıçının Almaniyada nəşr olunmuş
səkkizinci kitabıdır.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.6.