“Türk
dünyasını bir bütöv
olaraq qəbul edirik”
“Mədəniyyətimizi tarixi
kökləri üzərindən yüksəldərək gələcəyə
daşımaq vəzifəmizdir”
Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqı Türkiyənin nüfuzlu qurumlarından biridir. Qurum həm də vətəndaş cəmiyyəti (qeyri-hökumət təşkilatı) kimi türkdilli respublikalarla əhəmiyyətli ortaq layihələr gerçəkləşdirir, öz fəaliyyəti ilə türk dünyasına töhfələr verməkdədir. Qurumun baş direktoru Talip Geylanla bu barədə danışdıq.
- Talip bəy, öncə oxucularımıza özünüz haqqında məlumat verərdiniz…
- 1993-cü ildə Ankarada Hacettepe Universiteti Ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirmişəm. Məzun olduqdan sonra fəlsəfə müəllimi kimi çalışmışam. 17 il Türk Eğitim-Senin idarə heyətinin üzvü olmuşam. 2018-ci ildə baş direktor vəzifəsinə seçildim. Burada vəzifəm bitdikdən sonra yenidən təhsil müəssisəsinə dönüb öz işimi icra edəcəyəm.
- Bu qurumun əsas vəzifələri nədir, qarşısına hansı məqsədləri qoyub?
- Türk Eğitim-Sen
1992-ci ildə qurulub. Missiyamız hökumətimiz
qarşısında bir
tərəf olaraq işçilərin haqlarını
qorumaq, inkişaf etdirməkdir. Bu məqsədlə iki ildən bir hökumətlə toplu şəkildə masaya otururuq, çalışanların
istək və tələbləri müzakirə
olunur. Hazırda
210 minə yaxın üzvümüz var. Onların çoxu universitet məzunlarıdır.
Bizim bu toplumun gələcəyi adına söz
söyləmək məsuliyyətimiz
var. Ona görə də haqlı olaraq özümüzü
həm də vətəndaş cəmiyyəti
hesab edirik. Bu mənada toplumumuzu,
dövlətimizi maraqlandıran
hər duruma müdaxilə etməyə
çalışırıq.
- Türk dünyasına daxil olan cümhuriyyətlər,
topluluqlarla da birgə fəaliyyətlər
gerçəkləşdirirsiniz…
- 1992-ci ildə təşkilatımız
qurulanda şüarımız
bu oldu: “Türkiyə sevdamız, çörək üçün
mübarizəmiz”. İşçinin sosial haqları (çörək, dolanışıq)
həmkarlar ittifaqının
hər yerdə məşğul olduğu
məsələdir. Amma biz bu
mübarizənin önünə
Türkiyə sevdasını
qoymuşuq. Dövlətimiz varsa, millətimiz varsa, biz də varıq. Bunlar olmadıqdan sonra
həmkarlar ittifaqı
ilə məşğul
olmağın bir anlamı yoxdur. Türk dünyasına gəlincə,
biz onu Türkiyə ilə birlikdə, bir bütöv olaraq qəbul edirik. Bizim üçün Türkiyə nədirsə,
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan,
Özbəkistan, İraq
türkləri, Makedoniya
türkləri və digər bütün toplumlar odur.
Türk Eğitim-Senin qurulduğu tarixdə türkdilli respublikalar da müstəqilliklərini qazandılar. Biz bu əsasda Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) adlı
bir qurum yaratdıq. Onun rəhbəri də
mənəm. Qurumun Türkiyə
ilə bərabər
9 üzvü var. Türk
dünyasının mədəniyyətdə,
dildə, işdə birliyinin təsis edilməsində qurumumuz önəmli bir məsuliyyəti öz üzərinə götürüb.
Ortaq tarix və mədəniyyəti
paylaşan xalqlarımız
arasında – dil, tarix, inanc və
mədəniyyət ən
önəmli körpülərdir.
Mərhum İsmayıl Qaspıralının
“Dildə, fikirdə, əməldə birlik” şüarını ölkələrimiz
və quruluşlarımız
arasında milli hədəf, ideal olaraq yaşaması yolunda addımlar atırıq.
Türk dünyası əsrlər
boyunca böyük bir mədəniyyətə
sahib olub. Mədəniyyətimizi tarixi kökləri üzərindən yüksəldərək
gələcəyə daşımaq
vəzifəmizdir. Bu mənada qardaş Azərbaycanın iqtisadi inkişafını mədəni
kimliyinə dayanaraq inşa etməyə çalışdığını görürük. Bizlər müəllimik,
elm adamlarıyıq və
bilirik ki, dil, tarix və
inanc olmadan keçmişlə bu günü, bu günümüzlə gələcəyimizi
bir araya gətirə bilmərik.
Biz ildə ən
azı bir dəfə bir araya gəlir, işlərimizi müzakirə
edirik. Builki toplantımızı 10-16 iyunda Şimali Kiprdə keçirəcəyik.
Bundan başqa, ildə ən azı bir dəfə
beynəlxalq elmi konfrans keçiririk.
2016-cı ildə “Əhməd Yəsəvi ili” çərçivəsində
ilk dəfə türk
dünyası təhsil
elmləri və sosial elmlər simpoziumu düzənlədik.
Ötən ilin noyabrında
üçüncü belə
konfransı Antalyada keçirdik. Bu fəaliyyətlərimizlə türk
dünyasına töhfə
vermiş oluruq. Çünki biz öz yolumuza
türk dünyasının
birliyi arzusu ilə çıxmışıq.
Amma öncə duyğu birliyi olmalıdır.
Siyasi, iqtisadi əlaqələr isə bundan sonra qurulur. Bəzi ölkələrdə,
məsələn, Makedoniyada,
İraqda iqtisadi durum yaxşı olmadığına
görə tədbirlər
keçirmək üçün
onlara maliyyə dəstəyi veririk. Amma Qazaxıstan, Qırğızıstan, Azərbaycan
kimi ölkələrdə
üzv quruluşlarımız
özləri öhdəsindən
gəlirlər.
- Son zamanlar türk dünyası ilə bağlı türkdilli respublikaların da təşəbbüsü ilə
qurumlar yaradılır,
layihələr gerçəkləşdirilir.
Bu proseslə bağlı
düşüncələrinizi bilmək istərdik…
- Öncə deyim ki, türkdilli respublikalarda latın
əlifbasına keçid
prosesinin sürətlənməsi
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan,
Özbəkistan və
bütün türk dünyası arasında ünsiyyəti gücləndirərək
könül körpülərini
sağlamlaşdıracaq. Biz
“XXI əsr türk əsri olmalıdır” arzusunun gerçəkləşəcəyinə
inanırıq. Çünki tarix buna doğru
axır. Amma bu nöqtədə türk dünyasına daxil olan dövlətlərimizin,
hökumətlərin görəcəyi
tədbirlər bu axının sürətini
müəyyən edəcək.
Hazırda Türk Şurası
bu yöndə lokomotiv vəzifəni həyata keçirir.
Biz də Beynəlxalq
Avrasiya Təhsil Həmkarlar İttifaqı
olaraq bu istiqamətdə fəaliyyətlərimizi
hər il
daha da gücləndirərək
yola davam edəcəyik.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.6.