“Aşıq
Pəri məclisi”nin yubiley konserti
İyunun
10-da Heydər Əliyev
Sarayında “Aşıq
Pəri məclisi”nin sazlı-sözlü
konserti keçirilib.
Gecədə çıxış edən Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı
bu il
“Aşıq Pəri məclisi”nin yaranmasının
35 ilinin tamam olduğunu bildirib. Diqqətə çatdırıb
ki, “Aşıq Pəri məclisi”
1984-cü ildə Xalq
şairi, Aşıqlar
Birliyinin sədri Hüseyn Arifin və aşıq Narınc Xatının təşəbbüsü ilə
yaradılıb. İllər boyu
bu məclisə unudulmaz sənətkarımız
Narınc Xatın rəhbərlik edib. Aşıqlar Birliyinin sədrləri
Hüseyn Arifin də, Zəlimxan Yaqubun da diqqəti
daim bu məclisin
üzərində olub.
Məclisdə çox böyük
istedadlar yetişib.
Vurğulanıb ki, aşıq
sənəti tariximizdə
qadın aşıqlığın
xüsusi yeri var. Bir çox dastanlarda kişilərlə
bərabər meydanda olan qadın aşıqlar onlarla deyişirlər.
Qeyd edilib ki, aşıq sənətinin görkəmli
simalarından biri əslən Cəbrayıl
rayonunun Maralyan kəndindən olan Aşıq Pəridir. Borçalıdan,
Göyçədən, Gəncəbasardan
da istedadlı xanım aşıqlar meydana çıxıb. Onların arasında SSRİ Yazıçılar
İttifaqının üzvü,
Naxçıvandan yetişərək
aşıq sənətini
SSRİ miqyasında təqdim
və təbliğ edən aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır.
Narınc Xatının rəhbərlik
etdiyi “Aşıq Pəri məclisi” bu sənətin inkişafına mühüm
töhfə verib.
Diqqətə çatdırılıb ki,
“Aşıq Pəri məclisi” indiyədək
onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında
Prezident təqaüdçüsü,
Əməkdar mədəniyyət
işçisi Ulduz Quliyeva da var. Son illər bu sənətin
inkişafında Narınc
Xatından sonra Gülarə Azaflı mühüm xidmətlər
göstərib, bir çox istedadlar yetişdirib. Onların arasında
Pərvanə Zəngəzurlunun
dəyərli işləri
bu gün də göz qabağındadır. O, “Aşıq
Pəri məclisi”nin nüfuzunu qaldırıb, Gürcüstandan
Türkiyəyə qədər
bu məclisi geniş təbliğ edib.
Vurğulanıb ki, bu sənət
öz qanadlarını
Göyçədən, Borçalıdan,
Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney
Azərbaycandan götürür. Oradan olan ifaçılar özlərini “Aşıq
Pəri məclisi”nin üzvü hesab edirlər. Qadın səsi çox məlahətlidir. Xanımlar bütün
hallarda öz gözəllikləri, davranışı
ilə sazın mehri-məhəbbətini yaymaqda
hamıdan üstündürlər.
Azərbaycanda digər
aşıq məclisləri
olsa da, “Aşıq Pəri məclisi”nin özünəməxsus dəst-xətti,
ənənəsi var.
Sonra tədbir
konsert proqramı ilə davam edib.
Konsertdə tanınmış
aşıqlar Gözəl Kəlbəcərli, Familə
Göyçəli, Kəmalə Məhyəddinqızı,
Xavər Zəngilanlı, Aidə Gülzar,
Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə
Ömürlü, Vüsalə Gədəbəyli,
Türkay Ayna, Nargilə
Mehdiyeva və digərlərinin
ifaları maraqla dinlənilib.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.4.