Bəstəkarlar İttifaqında Oqtay Zülfüqarovun
musiqiləri səslənib
İyunun 10-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr edilən kamera konserti oldu.
Konsert Oqtay Zülfüqarovun nəticəsi Əfrasiyab Məmmədovun royalda bəstəkarın “Yuxu” pyesini ifa etməsi ilə başladı.
Sonra əməkdar artistlər Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (skripka), Səbinə İbrahimovadan (violonçel) ibarət Azərbaycan Dövlət Triosu O.Zülfüqarovun “Trio” əsərindən III, IV hissələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Türkiyənin Atatürk Universitetinin professoru Həqiqət Məhərrəmova “Piano üçün 6 prelüd” silsiləsindən 3 prelüdü ifa etdi.
Beynəlxalq müsabiqə laureatları Ceyla Seyidova (I skripka), Soltan Məmmədova (II skripka), əməkdar artistlər Vaxtanq İmanov (viola), Aleksey Miltıxdan (violonçel) ibarət Dövlət Simli Kvarteti bəstəkarın “Simli kvartet”inin III, IV hissələrini səsləndirdilər.
Konsertdə bəstəkarın Məhəmməd Füzulinin sözlərinə bəstələdiyi “Yad eylərəm” və “Canana yetmişəm” romansları da səsləndirildi. Əsərləri Valeriya İsgəndərova oxudu, onu royalda Lalə Zöhrabbəyova müşayiət edirdi.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsert O.Zülfüqarovun violonçel və piano üçün “Muğam və rəqsə dəvət” pyesinin ifası ilə başa çatdı.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.3.