Bakı yayının caz havası

 

 

Artıq üçüncü ildir paytaxtımızda “Baku Summer Jazz Days” (“Bakı yay caz günləri”) festivalı keçirilir. İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” festivalının açılış mərasimi oldu. Bakının caz ənənəsinə özünəməxsus rəng qatan layihə “Premier Art ManagementProdüser Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşir.

Açılış mərasiminin aparıcısı, caz ifaçısı Tofiq Həsənsoy festivalın gündəliyi haqqında məlumatı diqqətə çatdırdı. Bildirdi ki, gənc olmasına baxmayaraq, festival artıq dinləyicilərin rəğbətini qazanaraq öz pərəstişkarlarını tapmağa müvəffəq olub. Qeyd olundu ki, “Baku Summer Jazz Days” çərçivəsində konsertlər Beynəlxalq Muğam Mərkəzində, həmçinin şəhərimizin açıq meydançalarında və xiyabanlarında keçiriləcək. Festivala Azərbaycanın caz ustadları ilə yanaşı, Rusiya, İsrail, Fransa, Gürcüstan və İsveçrənin musiqiçiləri də qatılıb. Festival 15 iyunadək davam edəcək.

“Bakı yay caz günləri”nin ilk konsertində səhnəyə dünyaca məşhur truba ifaçısı, bəstəkar, şoumen Erik Truffaz öz kvarteti ilə birlikdə çıxdı. O, zərb alətlərində Artur Hnatek, bas-gitaraçı Marçello Culiani, piano ifaçısı Benua Korboz ilə birlikdə müasir caz aləminin aparıcı üslublarını – drum-n-base, fusion, caz-rok və pop-cazı  qovuşduran zəngin proqramla bakılı dinləyicilərin hərarətli alqışlarını qazandı.

Erik Truffaz öz kvarteti ilə hazırda Avropada maraqla qarşılanan ifaçılardandır. 8 yaşından səhnədə olan musiqiçi həm də bəstəkar kimi orijinal əsərlərin müəllifidir. O, müxtəlif janrları qarışdırmaqla, elektron səs effektlərini tətbiq etməklə tamaşaçıları təkrarolunmaz kompozisiyaları ilə valeh edir. Bənzərsiz əsərlərini dəyərləndirən əsas məqam isə Erik Truffazın özünəməxsus tanınan çalğı üslubudur.

Festivalın ilk konserti caz həvəskarlarına maraqlı anlar bəxş etdi.

“Bakı yay caz günləri”nin növbəti konsertini 12 iyunda Beynəlxalq Muğam Mərkəzində Adam Ben Ezra triosu təqdim edəcək.

İyunun 14-də isə burada səhnəyə əvvəlcə Gürcüstanın “İRİAO” etno-caz qrupu çıxacaq, sonra Tom İbarra kvintetinin konserti olacaq.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.1-2.