Odun ruhu. Vizual səyahətə dəvət”

 

İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza DeqatininOdun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılıb.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgidə tanınmış fotoqrafın Azərbaycan tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirakına görə müəllifə təşəkkürünü ifadə edərək deyib: “Reza Deqati hər zaman dünyanın qaynar nöqtələrində olub. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib.

Onun fotoları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilmişik. Bu fotolar vasitəsilə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ həqiqətləri, Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Reza Deqati ilk dəfə 42 il əvvəl Azərbaycanda olduğunu bildirib. “Azərbaycan böyük mədəniyyətə malik ölkədir. Onun ən böyük zənginliyi insanlarıdır. Fondun dəstəyi ilə Azərbaycanı gəzmişəm və bu diyarın gözəlliklərini, zənginliyini, mədəniyyətini fotolarda əks etdirməyə çalışmışam. Bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə - UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, eləcə də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə - Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə fotoqrafın “Azərbaycan – alovun zərifliyi” adlı sərgisi keçirilib.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.1-2.