Sabitlik və inkişafın təməlinin
qoyulduğu tarix
Azərbaycan Milli Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Mərasimdə dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olundu.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Milli Qurtuluş Günü barədə ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq oldu. Azərbaycanda vətəndaş qarşıdurması dayandırıldı. Ölkəmiz xaosdan, siyasi böhrandan, sosial-iqtisadi qarışıqlıqdan xilas oldu. Respublikada əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda dönüş başladı. Xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edildi.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyi arasında imzalanan “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hislərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı”ndan danışdı. Qeyd etdi ki, fəaliyyət planına uyğun olaraq bir sıra siyasi, mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü tədbir də həmin planın tərkib hissəsidir.
Vaqif Əliyev ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, Heydər Əliyev hər zaman fəaliyyətində xalqına arxalanıb, ondan güc alıb. Dahi siyasətçi Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi qayğı göstərib, mədəni irsimizin təbliği istiqamətində mühüm addımlar atıb: “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan görkəmli siyasətçi ölkəmizdə daxili sabitlik yaratdı, dayanıqlı inkişafımızın təməlini qoydu. Bununla da ən qısa müddətdə müasir dövlət quruculuğunun modelini formalaşdırdı. Ulu öndərin bütün sahələrdə uğurlu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir”.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan danışdı. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri təhlil etdi. Bildirdi ki, ölkədə yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın siyasi-iqtisadi və sosial-mədəni qurtuluşunun əsası qoyuldu.
Müstəqil inkişaf tariximizin 15 iyun 1993-cü il tarixindən başladığını diqqətə çatdıran millət vəkili qeyd etdi ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə müasir yüksəliş mərhələsinə qədəm qoydu.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək dövlətçilik tariximizə şərəfli səhifə kimi daxil olmuş günün əhəmiyyətindən danışdılar. Qeyd edildi ki, ümummilli liderin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Bununla da ölkəmizdə gərgin ictimai-siyasi böhrana son qoyuldu. Sabitlik və iqtisadi inkişaf təmin edildi. Bu gün Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları gerçəkliyə çevrilib. Ulu öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam və inkişaf etdirilir.
Sonda Milli Kitabxananın bir qrup əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim olundu.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.-14 iyun.-
S.3.