Bakı Kitab Mərkəzində Fikrət Qoca ilə görüş

  

 

 

İyunun 12-də Bakı Kitab Mərkəzində Xalq şairi Fikrət Qoca ilə görüş keçirilib.

Görüş çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının maliyyə dəstəyi ilə çap olunmuş “Qətl edilmiş uşaqlar” kitabının təqdimatı keçirilib.

Tədbirin aparıcısı – Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Fikrət Qocanın yaradıcılığından söz açıb. Bildirilib ki, şairin şeirlərində vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insanzaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olan Fikrət Qoca həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə mahnılar bəstələnib.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Gülxani Pənah, AYB-nin katibi Rəşad Məcid çıxış edərək Fikrət Qocanın yaradıcılıq yolundan bəhs ediblər.

Bildirilib ki, gənc müəlliflər İlkin Şükürbəyli və Nəsimi Faiqoğlunun “Qətl edilmiş uşaqlar” kitabına ön sözü Fikrət Qoca yazıb. Nəşr hər sətrindən qan daman sənədlər toplusudur. Kitabın səhifələrindən şəhid olmuş, itkin düşmüş uşaqların, hələ dil açmamış həyatına son qoyulan körpələrin məhv edilmiş taleyi boylanır.

Sonra Fikrət Qoca fikir və düşüncələrini bölüşüb, kitabın əhəmiyyətindən danışıb. Deyib ki, bu kitab qisas üçün deyil, yaddaş üçündür. Xalq şairi bildirib ki, kitab Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində hazırlanıb.

Sonda şair iştirakçıların suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.4.