Bir səssiz gileyəm”

 

 

Gəncə şəhər Mərkəzi kitabxanasında Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Bir səssiz gileyəm” adlı yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə çıxış edənlər Xəzangülün həyat və yaradıcılığından, poetik dünyasından danışıblar. Vurğulanıb ki, şairin yaradıcılığında Vətən, torpaq, xalq, saf məhəbbət mövzuları əsas yer tutur. Onun kitabları rus, gürcütürk dillərinə də tərcümə edilib.

Tədbirdə şairin sözlərinə bəstələnən mahnılar ifa olunub, şeirlər səsləndirilib.

Xəzangül haqqında çəkilən sənədli filmin nümayişindən sonra Gəncə Dövlət Dram Teatrının aktyorları şairin “Məhəbbətin qənimi” və “Xərabət gözəli” əsəri əsasında hazırlanan tamaşalarından parça nümayiş ediblər.

Yazıçı və şairlərdən Aləmzər Əlizadə, Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Rəfiqə Sadıqova, İmamverdi Məmmədov və Rəhim Qurbani çıxış edərək şair haqqında ürək sözlərini söyləyib, ona həsr etdikləri şeirlərini oxuyublar.

Sonda Xəzangül tədbir təşkilatçılarına minnətdarlıq edərək bu görüşü oxuculara hesabat kimi dəyərləndirib.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.