Şeirləri dua kimi
oxunan şair
Xalq şairi,
dramaturq, ictimai xadim Vaqif Səmədoğlu
müasir Azərbaycan
ədəbiyyatının görkəmli
söz ustadlarındandır. Onun yaradıcılığı
poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. O, ilk şeirlərindən
ədəbiyyatımıza əyalətçilik çəpərlərini
aşaraq gəldi. Əyalətçilik yalnız
coğrafi anlayış
deyil, əyalətçilik
zamanın ucqarında
qalmaq, dövrün nəbzini duymamaqdır...
Ən uzaq əyalət insanın öz içindədir: planetin ən böyük şəhərlərində yaşayıb
mahiyyət etibarılə
əyalət adamı
ola bilərsən.
Vaqif Səmədoğlu dünyanın
küll halında hər üzünə - şəhərinə, kəndinə,
keçmişinə, indisinə,
gələcəyinə, ağrısına,
acısına, sevincinə,
bir sözlə, hər sirrinə vaqif olan sənətkardır.
Onun poeziya aləmini vərəqlədikcə
görürsən ki,
“mən qaranlıq deyiləm” söyləyən
şairin yaşadığı
dünya işıqlı,
təmiz və zəngindir. Burada əsl sevginin,
həqiqi gözəlliyin
nə olduğunu daha düzgün anlayırsan. Onu da anlayırsan ki, şeir tənqid, tərif, tərənnüm,
təbliğat vasitəsi
deyilmiş. Şeir mənəvi
saflığın, gözəlliyin
bir üzü imiş. Tənhalıq, sükut, yaddaş,
ölüm, ayrılıq
haqqında yeni söz eşidirsən.
Ömrün illəri...
Vaqif Səməd Vurğun oğlu Vəkilov 1939-cu il iyunun
5-də Bakıda anadan
olmuşdur. Bülbül
adına Musiqi məktəbində,
Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında təhsil
almışdır. Eyni zamanda
kino sahəsi ilə bağlı olmuşdur. C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında
kino-aktyor teatrının
ədəbi hissə müdiri (1982-1985) işləmişdir.
“Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə
“Azərbaycan” jurnalında
işıq üzü
görmüşdür. Bundan sonra
dövri mətbuatda vaxtaşırı əsərləri
çap olunmuşdur.
V.Səmədoğlu 1999-cu ildə Xalq şairi adına layiq görülmüş,
2000-2010-cu illərdə Milli
Məclisin deputatı
olmuş, “Şöhrət”
(2004), “Şərəf” (2009), “İstiqlal” (2014) ordenləri
ilə təltif edilmişdir. Bənzərsiz
əsərləri ilə
Azərbaycan ədəbiyyatında
silinməz iz qoyan şair 2015-ci il yanvarın
28-də vəfat etmişdir.
Yaşamağa çağıran poeziya
Poeziya duadan başlayır. Başqa sayaq da demək olar, poeziya sənət növü kimi, bədii söz kimi dua şəklində
meydana gəlmişdir.
Buna Tövrat, İncil,
Quran mətnləri də
misaldır, şaman ayinləri də...
Allaha inanan gecəmdir yenə,
Şeir oxuyuram dua yerinə.
Poeziya şairin
Allahla söhbətidir. Qəribə
dialoqdur bu. Şair müraciət edir:
Allah, bir az da möhlət ver,
Öldürmə, sağ saxla yenə.
Beş-on
yazılmamış şeirim,
Beş-on
duam qalıb sənə...
V.Səmədoğlu şeirinin başlıca leytmotivi insan ömrünün sonsuzluğudur. Bu sonsuz
ömrün qar-boranı,
sazağı, od-alovu var:
Səndən yenə qar yağır.
Yenə
sazaq dolu sinəndən
Şaxtalı sözlər, qırovlu
ahlar,
Buz bağlamış
gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən.
V.Səmədoğlu Azərbaycan poeziyasında
ölüm haqqında
ən çox yazan şairdir. Ölümlə ömür bir yolun mənzilləridir, ömür doğulandan ölüm onu bəsləyir, özü
üçün saxlayır.
Ömürsə yırğalanır
ölümün beşiyində...
Ölüm ömrün məşəqqətlərindən
keçməsini dözümlə
izləyir, ən sədaqətli sevgili kimi onun vüsalını
gözləyir. Ölüm
yetim kimi durub qapı dalında...
Şair
ölümün əbədi
həqiqət olduğunu
bildiyi üçün
insanı ona hazırlayır, ondan qorxmamağa alışdırır.
Yəni insanı ömrə dözməyə çağırır.
Təsvir
obyektinə yeni fəlsəfi münasibət,
az sözlə
geniş təəssürat
yaratmaq, dərin fikir söyləmək onun poeziyasının fərqli, əvəzsiz cəhətlərindəndir. Şairin düşüncə
tərzi də, deyim tərzi də yenidir, orijinaldır. Çünki V.Səmədoğlunun poeziyası
başdan-ayağa fəlsəfi
ahəng üstündə
köklənib. Bu, həyatın fəlsəfəsi,
düşüncələrin poeziya şəklində ifadəsidir.
V.Səmədoğlu sənətinin böyüklüyü
onun bənzərsizliyindədir. Heç kəsin
demədiyini gözlənilməz,
ağlagəlməz şəkildə
deməsindədir. Onun hikməti
bənzətmələrində üzə çıxır.
Hər bənzətmənin arxasında
fəlsəfi obraz düşünülür. Bənzətmələr təşbeh səviyyəsinə
qədər ucalır.
Məsələn, “Göz
yaşı dənizindən
tutulan balıq tarix dadı verir”; “İsti çörək təki dadlı, yayda səslənən muğam
kimi tənbəlsən”;
“Kənddə qapı
ağzında oturub keçmişə baxan qarıya bənzəyir göy üzü bu gün”; “Qafiyəmdi uşaq təbəssümü...”
Gülüşə bürünən
kədər...
Onun şeirləri
ümumiləşdirmələrlə, hikmətli ifadələrlə,
müdrik kəlamlarla
da zəngindir. Hansı janrda
yazırsa yazsın – şeir, pyes, kinossenari, pritça, mahnı mətni – böyük istedadı görünür. O, milli
dramaturgiyamızı dolğun
məzmunlu əsərləri
ilə zənginləşdirərək
yeni mərhələyə
yüksəlməsində mühüm
rol oynamışdır.
Şairin yaradıcılığı milli
mənbələrlə sıx
bağlı olduğu
üçün çox
qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər
və məsəllərlə
doludur. Xalq ləhcəsindən, şivəsindən böyük
ustalıqla istifadə
edən sənətkarın
özünəməxsus fərqli
yumoru, üslubu əsərlərinə xüsusi
maraq doğurur. Azərbaycan teatrlarında
səhnə təcəssümü
tapmış “Bəxt
üzüyü”, “Yayda
qartopu oyunu”, “İntihar”, “Generalın
son əmri”, “Mamoy kişinin yuxuları” tragikomediyaları
və “Yaşıl eynəkli adam” trilogiyası, “Yumurta” kimi televiziya tamaşaları geniş izləyici rəğbəti qazanmışdır.
Şairin əsərlərində bütün gülüşlərin
arxasında insanı düşündürən, silkələyib
ayıldan bir kədər dayanır.
Onun pyeslərində diqqəti
çəkən həm
də personajların dilidir. Hər kəs öz
dilində danışır.
İstər ləhcə, şivə,
istərsə də daxili nitq, məntiqi
fikir.
V.Səmədoğlu milli-bədii təfəkkürə,
qlobal dünyagörüşünə
əsaslanan fundamental ədəbi
ənənə yaratmışdır. Onun əsərlərinin
ideya-fəlsəfi dərinliyi
imkan verir ki, gələcək ədəbi nəsillər
bu irsdən dəyərli mənbə
kimi örnək götürsünlər.
80-ci illərin sonlarında şair xalqımızın
sosial-siyasi sarsıntılar
içərisindəki əhval-ruhiyyəsini
dəqiq ifadə edərək dünyada tənha olduğunu elan etmiş və “milli tənhalıq” anlayışını
işlətmişdir:
Haraya
hay verməyib
Dünya keçir kar kimi.
Bir kor dəyir divara
Bizim dualar kimi...
Novator şair
İnsanilik, müdriklik, qətiyyət V.Səmədoğlu şəxsiyyətini səciyyələndirən əsas amillərdir. Sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmişdir. Bir insan kimi həddən artıq təvazökar olan şairin incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi.
V.Səmədoğlu Azərbaycan şeirinin novatorlarındandır. Onun bütün poeziyası özünü, öz daxilini anlamaq, onun dərinliklərinə daxil olmaq ehtirasıdır. Eyni zamanda bu şeirlər həyatın, cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Onun şeirlərinin adı yoxdur. Şeirlərinin sonunda isə adətən üç nöqtə qoyulur. Məzmun etibarilə bu şeirlərdə Şərq şairlərindən gələn fəlsəfi dərinlik var.
Ədəbi tənqidin həmişə fikir poeziyası kimi yüksək dəyərləndirdiyi V.Səmədoğlu lirikası bəşəriliklə milliliyi özündə birləşdirməklə mənalı yaşamağa çalışması və düşünməyə sövqetməsi sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından istifadə edərək müasir insanların psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur.
V.Səmədoğlu teatr və kino üçün yüksək keyfiyyətlərə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdi.
Azadlıq, müstəqillik haqqında nə qədər şeirlər yazılıb. Amma o, şeirlərində heç vaxt azadlıq, müstəqillik deyib səsini qaldırmadı. Azadlıq haqqında, müstəqillik haqqında yandırıcı bir kövrəkliklə, olduqca həzin bir duyğu ilə söz açdı:
Sən mənim
Doğma anamsan, Azadlıq.
Mən sənin
Yad qapısında böyümüş
balan...
Sən
son ümidimin qaldırdığı
Ağ bayraqsan,
Azadlıq.
Mən səni
Yelləndirən külək...
Şeirləri bir çox dillərə tərcümə
olunan, misralarından biri – “Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” – Amerika Birləşmiş Ştatlarında
plakatlara yazılan şairimizi biz özümüz
də çox dərindən oxumalıyıq...
Aynurə ƏLİYEVA
Mədəniyyət.- 2019.-14 iyun.-
S.6.