Ölkəmiz Bolqarıstanda festivalda təmsil olunub
Azərbaycanın Bolqarıstandakı səfirliyinin
təşəbbüsü ilə Sozopol şəhərində keçirilən
“Soleil” 9-cu Beynəlxalq Frankofoniya
Festivalı çərçivəsində
Azərbaycan mədəniyyəti
gecəsi təşkil
olunub.
Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri”
adlı fotosərgi açılıb, “Şəhər
motivləri” bədii filmi nümayiş olunub və qonaqlara Azərbaycanın ənənəvi çay
süfrəsi təqdim
edilib. Festivalda reallaşan plenerdə
azərbaycanlı rəssamlar
Cəlal Ağayev və Elçin Hüseynli də iştirak edib.
Tədbirdə çıxış edən
Azərbaycanın Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova fotosərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik
multikulturalizm və tolerantlıq ənənələrini
təqdim etdiyini söyləyib. Səfir müasir Azərbaycan
ərazisində e.ə.
IV əsrdən eramızın
VIII əsrinədək mövcud
olmuş Qafqaz Albaniyası dövlətində
I əsrdən etibarən
xristianlığın yayılmağa
başladığını, bu prosesin Şəki
şəhəri yaxınlığında
Kiş kəndində
ilk məbədin əsasını
qoyan apostol Yeliseyin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Azərbaycanda
müxtəlif mədəniyyətlərin
və sivilizasiyaların
qovuşduğunu söyləyən
diplomat ölkəmizdə bu
gün islam,
xristianlıq, iudaizm dinlərinin bir arada mövcud olduğunu vurğulayıb.
Daha sonra Azərbaycanda çay mərasimləri barədə
məlumat verən səfir bunun dostluq və mehribanlıqla assosiasiya edildiyini qeyd edib. Samovarda hazırlanan çayın
xüsusi dada malik olmasını qeyd edən diplomat azərbaycanlı
arxeoloq Tufan Axundovun qazıntılar zamanı aşkar etdiyi gildən hazırlanmış qədim
samovar haqqında da məlumat verib. Bildirib ki, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış
Şəki şəhərində
tapılan bu nümunənin 3 mindən
çox yaşı
var.
Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Bolqarıstanın mədəniyyət nazirinin
müavini R.Dimitrov festivalın əhəmiyyətindən
bəhs edərək,
Azərbaycanın ötən
il olduğu
kimi, bu il də festivalda
iştirakını yüksək
qiymətləndiriblər.
Tədbirin rəsmi
açılışında Bolqarıstanın məşhur
müğənnisi Yordanka Xristovanın konserti də olub. Konsertdə
müğənninin Azərbaycan və bolqar
dillərində ifa etdiyi
“Ey həyat, sən nə qəribəsən”
mahnısı tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb.
Mədəniyyət.- 2019.-14 iyun.-
S.8.