Heykəllərlə şəhər gəzintisi

 

 

Heykəltəraşlıq Azərbaycanda maraqlı tarixə malik sənət növlərindən biridir. Paytaxt Bakıda XX əsrin əvvəllərindən başlayaraq tanınmış şəxsiyyətlərə, şair və yazıçılara, mədəniyyət və elm xadimlərinə abidələr ucaldılıb.

Bu heykəltəraşlıq nümunələrinin bir qismi dövrün siyasi-ideoloji dəyişikləri ilə bərabər sıradan çıxsa da, əksəriyyəti şəhərin ən gözəl yerlərində, parklarda, meydanlarda həm görkəmli insanların xatirəsini yaşadır, həm də sənət əsərləri kimi göz oxşayır. Lakin bu yazıda sizlərə Bakıda əsasən son illərdə şəhərin abadlaşdırılması zamanı ayrı-ayrı məkanlarda qoyulan və hər hansı konkret, tanınmış şəxsin deyil, ümumiləşdirilmiş, eyni zamanda çoxumuza bir yöndən tanış gələn insan heykəlləri barədə söz açmaq istəyirik. Belə maraqlı, qeyri-adi dizayna malik heykəllərə Bakının mərkəzində, Fəvvarələr meydanında, İçərişəhərdə, Dənizkənarı bulvarda, digər parkbağlarda rast gəlmək olar.

Gəlin, gəzintimizə başlayaq. İlk olaraq Fəvvarələr meydanında qoyulmuş “Gənc qız” heykəlləri haqqında danışmaq istəyirəm. Onlardan biri sol əlində çətir, sağ əlində telefon, çiynində isə çanta ilə təsvir edilib. Digər bir abidə isə oturacaqda əyləşən və əlində güzgü ilə təsvir olunan “gənc qız”dır. Bu heykəllər bura gələn hər kəsin diqqətini çəkir, bir çox insanlar, o cümlədən xarici turistlər onlarla yanaşı xatirə fotoları da çəkdirirlər.

Qeyd edim ki, adlarını çəkdiyim heykəllər Fəvvarələr meydanı 2010-cu ildə yenidən qurulduqdan sonra burada qoyulub.

Meydanda gəzərək Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yanına çatanda burada qoyulmuş Dədə Qorqud heykəlini də görürük. Bu nümunə bizim qeyd etdiyimiz heykəllər silsiləsinə aid olmasa da, ulu Qorqudun heykəlinə diqqət yetirmədən keçmək istəmədik. Heykəlin müəllifi Lətif Aslanovdur. Müəllif Dədə Qorqudu əyləşmiş vəziyyətdə, əlində qopuz ilə təsvir edib.

Fəvvarələr meydanını gəzib-dolaşandan sonra yavaş-yavaş İçərişəhərə doğru addımlayıram. İçərişəhər ərazisində qeyri-adi dizayna malik abidələr var. Onlardan biri “Qırçılar” heykəltəraşlıq kompozisiyasıdır. Bu abidənin müəllifi Niyaz Nəcəfovdur. Kompozisiya bir vaxtlar məhəllə-məhəllə gəzərək evlərin damını qırlayan və indi, demək olar ki, yoxa çıxmış qırçı peşəsinə həsr olunub. Abidə-kompozisiyada kubşəkilli qır çəni də təsvir olunub.

İçərişəhərdə gəzintidən sonra yolumuzu Bakı bulvarına tərəf yönəldirik. Bulvarı dolaşan zaman ilk olaraq gözümə balıqçılara ayrılmış sahə sataşır. 2014-cü ildə bulvarın yeni hissəsində balıq tutmaq istəyənlər üçün estakada yaradılıb. Estakadada onların şərəfinə “Balıqçı” heykəli ucaldılıb.

Bulvardakı digər bir heykəl “Yaşlı müəllim” abidəsidir. Heykəlin sol əlində kitab var, sağ əlini isə irəli uzadıb. Bu nümunə də şəhər əhalisinin və turistlərin çox maraq göstərdiyi abidədir. “Yaşlı müəllim” heykəlindən bir az qabaqdaGeneral” heykəli ucaldılıb. O, əli ilə hərbi salam verilən vəziyyətdə təsvir edilib.

Bulvarda sonuncu rastıma çıxan abidə “Gənc rəssam”dır. O, sol əlində boya qabı, sağ əlində fırça tutub və qarşısındakı rəsm əsərini işləyir.

Gəzintinin sonunda sizə məlumat verəcəyim daha bir abidə İzmir parkında qoyulub. “Nurani qoca” heykəli qədim türk milli geyimində və papaqda təsvir edilib.

Burada gəzintimizə ara veririk. Ümidvaram ki, siz də şəhərimizə gəzintiyə çıxanda haqqında danışdığımız və hələ söz açmadığımız belə heykəllərə maraqla tamaşa edəcəksiniz. Heykəllərlə Bakı gəzintisi isə davam edəcək. Çünki hələ tanımalı nə qədər heykəllər var...

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.7.