Parisdə azərbaycanlı rəssamın sərgisi

 

 

 

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Parisdə rəssam Əli Seyranın əsərlərinin sərgisi təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ADFA-nın prezidenti Günel Səfərova ölkələrimiz arasındakı mədəniyyət əlaqələrinə və ortaq xüsusiyyətlərə toxunub. Rəhbərlik etdiyi qurum haqqında da məlumat verən G.Səfərova deyib ki, bir yaşı olan ADFA Azərbaycanın mədəniyyəti ilə bağlı çoxlu tədbirlər keçirib. ADFA-nın fəaliyyətinə göstərdiyi dəstəyə görə ölkəmizin Fransadakı səfirliyinə təşəkkürünü bildirən G.Səfərova rəssam Əli Seyranın yaradıcılığından söz açıb. Qeyd edilib ki, Belçikada yaşayan rəssam miniatür əsərlərə üstünlük verir, əsərlərini Azərbaycanın zəngin incəsənətindən ilhamlanaraq yaradır.

Vurğulanıb ki, rəssam bu il anadan olmasının 650 illiyi qeyd edilən İmadəddin Nəsiminin əsərlərinə də bir neçə miniatür çəkib. Sərgidə ölkəmizin tarixi abidələrini, təbiətini əks etdirən natürmortlar sənətsevərlərin marağına səbəb olub.

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.8.