“Bakı Yay Caz Günləri” başa
çatıb
Paytaxtımızda keçirilən “Baku Summer Jazz Days” (“Bakı Yay Caz Günləri”) festivalı bir-birindən maraqlı təqdimatlarla yadda qalıb. Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim olunan konsertlər alqışlarla qarşılanıb.
“Baku Summer Jazz Days” “Premier LTD Art Management” prodüser
agentliyinin layihəsidir. Agentliyin
direktoru Nəzakət
Qasımova festivalın
ümumi mahiyyətini
belə izah edir: “Caz musiqisi
Bakı musiqi auditoriyasının çoxdan
sevdiyi janrlardan biri kimi özünü
hər zaman doğruldur. Bakıda caz musiqisini
təbliğ edən tədbir və festivallar mütəmadi keçirilir. Biz də bu musiqinin
təbliğini daha da intensiv inkişaf
etdirmək məqsədilə
yay fəsli keçiriləcək bu konsertlər silsiləsini gerçəkləşdirdik. Artıq üçüncü ildir
ki, festival böyük
rəğbətlə qarşılanır
və gözəl yaradıcı ab-havada məkan alır. Biz də bunun
daha parlaq olmasına çalışırıq”.
Festivalın növbəti caz gecəsində (14 iyun) Gürcüstanın “İRİAO” etno-caz qrupu və Avropada ən gənc və populyar fank-caz ifaçılarından
olan Tom İbarranın
kvinteti çıxış
edib.
“İRİAO” qrupu gürcü
musiqi folklorunun Quriya vilayətinə məxsus krimançuli ifa ənənəsini, gürcü xalq çalğı havalarını,
eləcə də müasir etno-cazın rəngarəng aləmini bir üslubda qovuşduran nadir heyətlərdən
biridir. Qrupun bədii rəhbəri, pianoçu və bəstəkar David Malazoniya,
xalq çalğı
alətləri ifaçısı
Nuqzar Kavtaradze, bas-gitaraçı Şako Gelekva, zərbçi Levan Abşilava heyətin instrumental hissəsini
təşkil edir, vokal ifa isə
müğənnilər üçlüyünə
- Buba Murquliya, Mixail Cavaxişvili və Qaqa Abaşidzeyə
həvalə olunur. Qrup “Lazuri”, “Old City” kompozisiyalarını, “Suliko”
xalq mahnısı,
“Take 5” caz standartı
və digər bəstələri müxtəlif
səs ahəngləri
və improvizəli ifalarla təqdim edib. Vaqif Mustafazadənin “Günəş”
adlı kompozisiyası
isə gürcü cazmenlərin Bakı dinləyicilərinə dərin
ehtiramının ifadəsi
olub.
Gənc fransız elektrogitaraçısı
və bəstəkarı
Tom İbarra iki CD albomunu buraxmış perspektivli ifaçılardandır. Əsasən fank, fanki-füjn, jazz-rock və digər bu qəbildən olan müasir cərəyanlarda çalışan
İbarra 2015-ci ildə
gerçəkləşdirdiyi “Sparkling” albomundan kompozisiyalar ifa edib.
“Bakı Yay Caz
Günləri” festivalı iyunun 15-də
Rusiyanın məşhur caz heyətlərindən
biri – Oleq Lundstrem adına Caz orkestrinin konserti ilə başa çatıb. Bu il öz fəaliyyətinin
85 illiyini qeyd edən bu məşhur heyət Dənizkənarı bulvarda dinləyicilərə ənənəvi
və müasir proqramlı caz axşamı təqdim edib.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.7.