Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub 

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi iyunun 14-də doğma səhnədə qeyd olunub.

Yubiley tədbirində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bəsti Cəfərovanın sənət yolundan danışıb, onu əlamətdar yubileyi münasibətilə təbrik edib, daha böyük yaradıcılıq uğurları arzulayıb.

Azər Paşa Nemətov mədəniyyət naziri Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından Xalq artisti Ramiz Novruz Bəsti Cəfərovanı təbrik ediblər. Aktrisaya teatrın adından xatirə hədiyyəsi təqdim olunub.

Yubilyar sənətkar göstərilən diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib. Keçdiyi sənət yoluna nəzər salan Bəsti Cəfərova tamaşaçıların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini deyib: “Bu günlərdə mənə olan zənglərin ardı-arası kəsilmir. Dostlar, həmkarlar, tamaşaçılar zəng edib təbrik edirlər. Yubiley münasibətilə teatrda hamı mənim üçün nə isə eləməyə çalışır. Bu, məni çox sevindirir. Teatr kollektiv işidir. Mən bu teatra, bu kollektivə xidmət edirəm və bununla qürur hissi keçirirəm”.

Yubiley gecəsində Bəsti Cəfərovanın baş rolu oynadığı “Qətibə İnanc” tamaşası nümayiş olunub. İkihissəli səhnə əsəri görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Qeyd edək ki, “Qılınc və qələm” əsəri 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımovun quruluşunda Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.5.