“Onun təkcə yeri yox, özü
də həmişə görünəcək...”
Xalq artisti Amaliya
Pənahova yad edildi
İyunun 14-də Dövlət Film Fondunda Azərbaycan teatr və kino sənətinin
tanınmış nümayəndəsi,
Xalq artisti, Dövlət mükafatı
laureatı Amaliya Pənahovanın (1945-2018) anadan
olmasının 74-cü ildönümünə
həsr edilmiş xatirə gecəsi keçirildi. Tədbirdə görkəmli aktrisanın
yaxınları, sənət
dostları, mədəniyyət
xadimləri, digər qonaqlar iştirak edirdi.
Əvvəlcə Xalq artistinin həyat və fəaliyyətindən bəhs
edən videoçarx nümayiş olundu.
Xatirə
gecəsini Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının icraçı
katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın
milli kino və teatr sənətimizin
inkişafında xidmətlərindən
danışdı: “Mən
bugünkü xatirə
gecəsini belə adlandırardım: zaman, sənət və əbədiyyət. Çünki Amaliya xanım zamanın çətin və mürəkkəb yollarından şərəflə
çıxıb. O, doğrudan
da, sənət fədaisi və vurğunu idi. Bu gün aramızda
olmasa da, milyonlarla tamaşaçının
qəlbində yaşayır
və gələcəkdə
də yaşayacaq”.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək
bildirdi ki, Amaliya xanım ölməz dramaturq İlyas Əfəndiyevin
“Sən həmişə
mənimləsən” tamaşası
ilə Azərbaycan teatrında bir ulduz kimi parladı.
Aktrisanın kino, həm
də teatr səhnəsində canlandırdığı
obrazlar onun böyük istedadından
xəbər verirdi.
O, Azərbaycan, türk,
həm də dünya klassiklərinin əsərlərini səhnədə
oynamışdı. Bu obraz rəngarəngliyinin arxasında böyük bir zəhmət dururdu. Bütün bunlar ilk növbədə
onun öz sənətinə sevgisindən
irəli gəlirdi.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov unudulmaz aktrisanın Azərbaycan səhnəsində,
ekranında, mədəni
gerçəkliyində dərin
iz qoyduğunu vurğuladı: “Elə incilər yaradıb ki, ondan yaxşısını
yaratmaq bir də çətin olacaq. Görkəmli sənətkarın böyüklüyü zaman
ötdükcə daha
dərindən dərk
ediləcək. Adətən böyük sənətkarlardan
danışarkən deyirlər
ki, onların yeri həmişə görünür və görünəcək. Amaliya xanım
haqqında danışarkən
yeri görünəcək
ifadəsi dəqiq səslənmir. Amaliya xanımın
sadəcə yeri yox, özü həmişə görünəcək”.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral da tədbirdə iştirak edirdi. O, Amaliya
Pənahovanın yaratdığı
obrazların özünəməxsusluğundan
danışdı. Qeyd etdi
ki, görkəmli aktrisanın sənəti onu sevənlərin qəlbində həmişə
yaşayacaq.
Xalq artisti Rafiq Əzimov vaxtilə bir teatrda çalışdığı
sənət yoldaşı
haqqında xatirələrini
bölüşdü, onun
xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı fikirlərini bildirdi.
Tədbirdə daha sonra Xalq artisti Firəngiz
Mütəllimova, Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının
direktoru, Əməkdar
incəsənət xadimi
Müşfiq Hətəmov,
Əməkdar artist Elxan
Qasımov və başqaları Amaliya Pənahovanın Azərbaycan
teatr və kino sənətində bənzərsiz sənət
dünyasından, yaratdığı
maraqlı obrazlar qalereyasından söhbət
açdılar. Diqqətə çatdırıldı ki,
görkəmli sənətkarın
adı Azərbaycan teatrının böyük
bir dövrü ilə bağlıdır.
On doqquz yaşında
teatra gələn gənc qız ömrünün sonrakı
50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin
təbliğinə və
inkişafına həsr
edib. O, 1964-cü ildən
teatrda, kinoda, televiziya tamaşalarında
300-dən çox müxtəlif
səpkili, rəngarəng,
parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun,
Məhsəti, Larisa, Ofeliya
kimi rolları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb.
O da qeyd edildi
ki, istedadlı aktrisa həm də bacarıqlı rejissor kimi özünü
göstərib. 10-dan çox teatr və televiziya tamaşasına quruluş
verib. Bu tamaşaların çoxu
lentə alınıb,
hazırda televiziyanın
“qızıl fondu”nda saxlanılır. Xalq artisti
1992-ci ildə Bakı
Bələdiyyə Teatrını
yaradıb və bu teatra orta
və yaşlı nəsillə yanaşı,
gənc istedadlı aktyorları da cəlb edib, onların yaradıcılıq
qabiliyyətinin inkişafı
üçün səylərini
əsirgəməyib. Amaliya Pənahova milli teatr və kino
sənətinin inkişafında
böyük xidmətlərinə
görə yüksək
fəxri adlara, dövlət təltiflərinə
layiq görülüb.
Sonda Amaliya Pənahovanın oğlu İlqar Muxtarov çıxış edərək
tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.1;6.