Daşkənddə Yunus
Oğuzun “Ovçu”
romanının təqdimatı
Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə yekun vurulub.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə gerçəkləşən tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlarımız, jurnalistlər iştirak edib.
AMM-in direktoru Samir Abbasov iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, milli mədəniyyətimizin təbliğinə yönəlmiş bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib. Yunus Oğuzun yaradıcılığı haqqında danışan direktor 2016-cı ilin Aprel hadisələrinə həsr olunan və Daşkənddə özbək dilində çap edilən “Ovçu” romanını yüksək qiymətləndirib. Əsər Aprel zəfərinin qəhrəmanlarından polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edir.
Çıxış edənlər Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ni yüksək qiymətləndiriblər. Filoloq Nurbay Cabbarov Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışıb, Yunus Oğuzun özbək dilində də çap edilən “Əmir Teymur” əsərinə yüksək qiymət verib. “Ovçu” romanının özbək dilinə tərcüməçisi, filoloq Gülbahar Aşurova əsərdə yaradılan obrazların gənclər üçün nümunə olduğunu qeyd edib.
Yunus Oğuz çıxışında roman haqqında fikirlərini bölüşüb. Yazıçıya türk tarixinin araşdırılması sahəsində xidmətlərinə görə Özbəkistanın “Turan” Akademiyasının üzvlük vəsiqəsi və döş nişanı təqdim olunub.
Sonda “Azərbaycan mədəniyyəti
və ədəbiyyatı günləri”nin
bağlanışı münasibətilə bədii proqram təqdim olunub.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.6.