Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü görüb
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən rus dilində ərsəyə gətirilmiş kitab Moskvada nəşr olunub.
Tərcümə Mərkəzindən bildirilib ki, kitaba şairin 200-ə yaxın qəzəl və rübaisi, Nəsimi yaradıcılığını işıqlandıran “Əbədi həqiqətin poeziyası” adlı məqalə, eləcə də Nəsiminin əsərlərində çətin anlaşılan sözlərə dair izah və şərhlər verilib.
Məqalədən sitat: “Böyük Azərbaycan şairi, filosof-mistik, bütün dövrlərin ən məşhur yeddi sufisindən biri. Hələ sağlığında Nəsiminin qəzəl və rübailəri bir çox dillərə tərcümə olunaraq Orta Asiya ərazisində, Türkiyədə və İranda geniş yayılmışdı. Yaradıcılığının ilkin mərhələsində sufizmə meyil edən şair sonradan ustadı – asket və mistik Fəzlullah Nəimi tərəfindən əsası qoyulmuş hürufizmə qoşulur.
Nəsiminin Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığı rolla müəyyən olunur. Eyni zamanda, onu Azərbaycan fəlsəfi şeirinin banisi də hesab etmək olar. Nəsimi, sözün həqiqi mənasında, mütəfəkkir şairdir, bütün yaradıcılığında dünyanın yaranışı, insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi, təcəllası olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi vurğulanır”.
Moskva Yazıçılar Birliyinin nəşriyyatında çap olunan kitabın tərtibçisi və ön söz müəllifi Püstə Axundovadır.
Mədəniyyət.- 2019.- 19 iyun.- S.3.