Ovcunda közlə böyüyən dahi
Şərqdə fəlsəfi fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkirlər yaşayıb. Onlardan biri də dahi alim, fəlsəfi fikir tariximizin görkəmli siması Əbülhəsən Bəhmənyar olub.
Əbülhəsən Mərzban oğlu Bəhmənyar haqqında qaynaqlarda çox az məlumat qalıb. Belə təxmin edilir ki, o, 993-cü ildə dünyaya göz açıb. Əsil-nəcabəti barədə səhih məlumat olmasa da, onun bir sənətkar ailəsində böyüdüyü bildirilir. Mənbələrdə o da göstərilir ki, o, əvvəllər atəşpərəst olub. İslamı sonradan qəbul edib. XI-XII əsrlər Azərbaycanın fəlsəfi fikir tarixinin inkişaf etmiş dövrlərindən olub. Bu dövrdə elmi və mənəvi yüksəliş ilk növbədə Əbülhəsən Bəhmənyarın və Nəsirəddin Tusinin adı ilə bağlıdır.
Məxəzlərdən o da məlum olur ki, Bəhmənyar İbn Sinanın şagirdi və davamçısı olub. Rəvayət olunur ki, İbn Sina bir gün dəmirçi dükanına gəlir. Ardınca da qapını bir uşaq açır və içəri daxil olur. Dəmirçidən köz istəyir. Usta deyir ki, bala, get evdən qab gətir. Közü qaba qoyum sonra apar. Uşaq tez əyilib yerdən bir ovuc torpaq götürür və deyir: “Közü buraya qoy”. İbn Sina uşağın dərrakəsinə heyran qalır. Sonra uşağın valideynləri ilə görüşür. Razılıq alıb onu özünə şagird götürür. Həmin uşaq sonra dünyada məşhurlaşan Bəhmənyar olub. Onun fəlsəfəsində əqli idrak məsələsi də ətraflı şərh olunub. Ən məşhur kitabı üç hissədən – məntiq, metafizika və mövcudata dair məsələlərdən bəhs edən “Ət-Təhsil” əsəridir.
Əbülhəsən Bəhmənyar xeyli vaxt İbn Sina ilə birgə çalışır. Aparılan araşdırmalardan da belə qənaətə gəlinib ki, görkəmli alimin bir çox nailiyyətləri onun gənc Bəhmənyarla apardığı söhbətlər və mübahisələrdə ortaya çıxıb. İbn Sina bir müddət Bəhmənyara o dövrün əsas aparıcı elmlərindən ətraflı məlumatlar verir və onu istiqamətləndirir. Sonra şagirdinin müstəqil çalışmasına icazə verir. Şərqin ən məşhur mədrəsələrində dərs deməyə başlayan Bəhmənyar sonda vətəni Azərbaycana qayıdır və burada özünün məşhur əsərlərini yazır.
“Metafizika elminin mövzusuna dair traktat” adlı fəlsəfi əsərində Bəhmənyar qədim yunan və Roma filosoflarının əsərlərini təhlil edir. Onların nəticələrini XI əsr elmi səviyyəsindən yoxlayır və fərziyyələrinə qiymət verir. O, hərəkət, məkan və zaman anlayışlarını fəlsəfi şərh edib. Onların bir-birindən ayrılmazlığını göstərib. “Məntiqə dair zinət kitabı” adlı digər əsərində o dövrdə fəlsəfənin tərkib hissəsi kimi təzəcə formalaşmağa başlayan məntiq və onun qanunlarını araşdırır və tərifini verir.
Bəhmənyar özünə qədərki Şərq fəlsəfəsini dərindən öyrənir və onun nailiyyətləri ilə yaxından tanış olur. “Mövcudatın mərtəbələri” adlı növbəti fəlsəfi əsərində Bəhmənyar dünya, onun qanunlarını, yaranma və inkişafetmə səbəblərini araşdırır. İnsanın bu dünyada tutduğu yeri və oynadığı rolu nəzərdən keçirib. İdrakda hiss və rasional məqamların əlaqəsini verir.
Bəhmənyarın etik baxışlarının toplandığı “Gözəllik və səadət kitabı”, həmçinin bir çox təzkirələri də bizə gəlib çatıb. “Musiqi kitabı” adlı əsəri etik-fəlsəfi xarakter daşıyır. Onun İbn Sina ilə fəlsəfi yazışması hazırda Sankt-Peterburq və Daşkənd arxivlərində saxlanılır. Bu məktublar onun bir filosof kimi necə püxtələşməsini, kamilləşməsini öyrənməyə imkan verir.
Ə.Bəhmənyar 1066-cı ildə dünyasını dəyişib. Hələ sağlığında Bəhmənyarın əsərləri Şərq filosofları tərəfindən araşdırılıb və üzü köçürülərək çoxaldılıb. Bəhmənyar dühasının səsi-sorağı XIX əsrdə Avropaya gedib çıxır. Əsərlərinin bir qismi Almaniyanın Leypsiq şəhərində üzü köçürülərək çap edilir. XX əsrdə də aktuallığını itirməyən fəlsəfi əsərləri müxtəlif dillərdə nəşr olunub.
S.FƏRƏCOV
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.7.