Ukraynalı rəssamın Azərbaycan sevgisi
Ukraynanın Jitomir şəhərində rəssam İrina Benderovskinin Azərbaycanla bağlı əsərlərinin sərgisi keçirilib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüsü, Ukraynada yaşayan diaspor fəallarının dəstəyi və təşkilatçılığı ilə keçirilən sərgidə, həmçinin ukraynalı rəssamın müxtəlif mövzularda çəkdiyi əsərlər də nümayiş olunub.
Sərgi maraqla qarşılanıb. Çıxışlarda İrina Benderovskiyə Azərbaycana olan sevgisi və göstərdiyi diqqətə görə təşəkkür ifadə olunub. Jitomir Aqrar Universitetinin rektoru Oleq Skidan, ukraynalı deputat və universitetinin prorektoru İvan Martinçuk iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də səmimi əməkdaşlığın olduğunu vurğulayıblar.
Rəssam İrina Benderovski 2018-ci ildə Bakıda olduğunu və Azərbaycanla bağlı daha bir neçə şəkil
çəkəcəyini söyləyib.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.8.