Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri

 

 

 

İyunun 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib.

İclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli ədibin 150 illiyi ilə bağlı Prezident İlham Əliyevin 17 yanvar 2019-cu ildə imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

Bildirib ki, Cəlil Məmmədquluzadənin yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi aparıcı mövzular olub. Böyük ədib hesab edirdi ki, yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır: “Cəlil Məmmədquluzadə yazdığı “Əlifba” felyetonunda oxucu kütləsini maarifləndirir, onları düşünüb-daşınmağa, papaqlarını qabaqlarına qoyub fikirləşməyə çağırırdı. Ən çətin və elmi məsələləri sadə dillə başa salmaq, anlatmaq onun yolu, üslubu idi”.

Sonra professor Alxan Bayramoğlu “Cəlil Məmmədquluzadənin əsərlərində “Yuxarı silkin bədii obrazları”, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Quliyeva “Cəlil Məmmədquluzadə yaradıcılığında toponimlərin üslubi xüsusiyyətləri”, dosent Səadət Vahabova “Cəlil Məmmədquluzadə yaradıcılığında milli mənlik problemimövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi misilsiz bədii nümunələrdir. Bütün varlığı ilə xalqına xidmət edən, Azərbaycan ədəbiyyatına yeni janrlar bəxş edən, yeni ədəbi məktəb yaradan, tənqidi realizmin banisi olan C.Məmmədquluzadə ruhuna ehtiramsevgi hər bir ziyalının mənəvi borcudur.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.4.