Mahnı və rəqs ansamblımız Xorvatiyada festivalda çıxış edib

 

Xəbər verdiyimiz kimi, Xorvatiyada “İpək Yoludialoqa aparan yol” Beynəlxalq Marko Polo Festivalı keçirilib. Azərbaycanın Xorvatiyadakı səfirliyi də tədbirə qatılıb. Həmçinin səfirliyimizin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Osiyek-Baranya vilayətində keçirilən festivalda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 11 nəfərlik rəqs qrupu iştirak edib.

Tədbirin əsas məqsədi müxtəlif xalqlar arasında dialoqun inkişafı və Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətlərin təbliğ edilməsidir. Festival çərçivəsində İpək Yolu ölkələrinin filmlərinin nümayişi, eləcə də milli musiqi, rəqs, mətbəx və digər mədəni tədbirlər keçirilib. Festivalda Azərbaycan incəsənət nümayəndələri ilə yanaşı Türkiyə, Rusiya, Çin, Qazaxıstan, İran, MonqolustanHindistandan sənətçilər çıxış ediblər.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu təşkil edilmiş konsert proqramlarında xorvat tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıblar.

Festival çərçivəsində Osiyek Universitetində İpək Yolu ölkələrində turizm məsələlərinə həsr olunan dəyirmi masa keçirilib. Ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək Azərbaycanda son illərdə turizmin inkişafı ilə bağlı görülən işlərdən danışıb.

Qeyd edək ki, 2018-ci ildə festival Xorvatiyanın Zadar şəhərində keçirilib və Azərbaycanın Xorvatiyadakı səfirliyi festivalda “Əbədi ezamiyyət” filmi ilə iştirak edib.

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.8.