Milli ziyalı, xəlqi həyalı...
Zahirən, həyatən çox
həlim, daxilən, fəaliyyətənsə büsbütün
qaynar, od-alov Məmməd
Cəfər Cəfərov
Hər bir insanın zaman-zaman söylədiyi fikirlər, gəldiyi qənaətlər, yazdığı xatirə-memuarlar, düşünüb-daşındığı acılı-şirinli əlamətlər xəyaldan qaynaqlanar. Şüurla ömür sürənlərin hər an-hər dəmini qələm-kağızsız (müasir-texnoloji aspektdə – mikrofon-kamerasız) “hesab”a alan xəyallardan...
Doğulmasının yüz on ili tamam olan bu ləyaqətli insan-alimin tanıtımına bütün bəşərə xas olan bu duyğunun iki “növ”ü ilə başlayıram. Biri xəlqi-xarakterial, mental-etnoqrafik qapsamdadır, digəri – ictimai-politik müstəvidə.
Tək elə sıraca yox, mahiyyətcə də birinci olanı bu ki (tələbəliyimdə öz həmyerlisindən eşitdiyimə görə), bu insan nəinki qarışqanı tapdamayan, hətta Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu çağlarda bundan əvvəl işlədiyi təndirxanadan əskiyə büküb götürdüyü qılçıq-püfəni onların yuvaları ətrafına səpələyən “sadəlövh” birisi kimi tanınırmış. Yeri gəlmişkən, təəssüf ki, bu universal şəxsiyyət ömrünün sonlarında qələmə aldığı “Xatirələr” memuarında həmin o həyati “sadəlövh”lük epizoduna – heç bir əlavə təsvir-şərhə ehtiyac olmayan mükəmməl didaktik lövhəyə toxunmayıb.
Bu insanın gələcəkdə necə böyük alim, fenomenal ədəbiyyatşünas, tənqidçi, maraqlı nasir olmasına ilk “xasiyyətnamə”ni sonralar başqalarının cürbəcür təklif-təkidlərilə yazdığı (və sağlığında çap edilməsini istəmədiyi) “Xatirələr”dəki nüanslar vermiş olub. Onlara bariz nümunələrdən biri hələ yeniyetməykən kündəgir işləməsilə bağlı sətirlərdə. Beləliklə, olduqca ciddi və orijinal bir epik əsər təsiri bağışlayan, araşdırıcılarından birinin “tale romanı” adlandırıb, “bu kitabı oxuyandan sonra ən yaxınları belə bu insanı yenidən və daha dərindən dərk edəcəklər” kimi bəyanladığı “Xatirələr”dən bir parça: “Kündələr elə səliqə ilə salınmalı idi ki, hərəsi iki yüz qramdan artıq, ya əskik olmasın. Çünki lavaş çəkisiz satılırdı; əgər kündə 200 qramdan artıq olardısa, sahibkara zərər, əskik olardısa, alıcıya xəyanət idi...”
“Alıcıya xəyanət”!.. Qədimlik məsələsində tayı-bərabəri olmayan bir sahə (ticarət!) ilə bağlı birinci (və bəlkə axırıncı) dəfə işlədilən ifadə...
Bir müddət sonra texnikum həyatı və “qarışqaya qahmarlıq”la bağlı qazandığı “sadəlövh” adı...
Hələ bu adamın böyük alim-müəllim vaxtlarında qazandığı ayama!
Bəli, bu professor mühazirə oxuduğu auditoriyalarda akademik-saatların bir neçə dəqiqəsini nimdaş geyimli, “rəng-ruhsuzsifət”, fikir-xəyallı tələbələrlə (bəzən də elələrinin partadaşını durğuzub yanında əyləşərək) “dədə-bala” söhbətlərinə sərf edərmiş...
Bu vətəndaş-alimin ictimai-politik mövqeyilə bağlı toxunacağım yeganə epizod isə kainatın çox sirrindən agah bu akademikin, dünyanın hər üzünü görmüş bu qos-qoca pensionerin müstəqilliyimizin pioner çağında “Xalq qəzeti”nə verdiyi müsahibəsilə ilgili.
Bəli, ilk baxışda çoxlarına xeyli laqeyd, “doymuş”, yanım-dönümsüz kimi görsənən bu adam həmin müsahibədəki sözlərilə, gümanımca, ən soyuq oxucu ürəklərini belə közərtmiş olub. Məsələn, ötən əsrin sonlarındakı hadisələri misli görünməmiş milli fəlakətlər qismində qiymətləndirən jurnalistin “Məmməd Cəfər müəllim, bu milli ağrı-acılarla bağlı nə deyərdiz” sualına cavabını o, Cümhuriyyətin göndərişilə Türkiyədə təhsil alıb qayıtmış say-seçmə 25 nəfər naxçıvanlı gəncin 1925-ci il gecələrinin birində həbs edilib bir daha geri qayıtmamaları faktı ilə başlayır. Və həmin o faktdan “məşhur-məşum 37-38 aktı”na keçmək istərkən: “Unuda bilmədiyim belə xatirələrin hamısını danışsam, sizi çox kədərləndirə, özümüsə insafsız bir xatiratçı, bir vaxtlar neçə-neçə milli faciənin susqun şahidi kimi hiss edə bilərəm” – deyərək susur...
Elm-irfan mayalı...
Xalq-Vətən qayəli bu alim haqda oxuduğum yazılardan biri isə məlum “alim olmaq asandır...” deyimindəki “dilemma”nın “çətin”inə işləyir...
1979 yayının ilk çağları. Yazı qəhrəmanımızın 70 illiyilə əlaqədar Naxçıvanda keçirilən tədbir. SSRİ-nin çox guşəsindən göndərilən təbriklər, A.Zamanov, Ə.Mirəhmədov, Y.Qarayev, K.Əliyev və başqalarının alovlu çıxışları. Əsrarəngiz Batabat səfərindən öncə, Naxçıvan şəhərində yüngülcə bir “başmaqseyri”. Tədbirin “rəyasət heyəti” “Böyük bağ”ın yanından keçərkən yubilyarın həmin məkan tarixçəsi ilə bağlı bir qədər “solaxay” söhbəti, “Cümə məscidi” haqda danışarkən əvvəllər buradan “Bazar çayı”nın keçdiyini xatırlatması, “Qızlar bulağının gülü solub” deməsi, “Xan diki” məhəlləsində “normadan artıq” fikrə gedib “Mən bu məhəllədə doğulmuşam. Kiçik bir təndirxanasında çörəkbişirən məni həyat burada bişirib yola salıb” deməsi və nəhayət, oradan əl içi kimi görünən Xan Araza, Ağrı dağına nisgilli baxışlar xoflu bir iştirakçının dəstədən ayrılmasına və... bir azdan tanımadıqları bir nəfərin motosikletdən düşərək onlara: “Hara baxırdınız? İrana, yoxsa Türkiyəyə” sualını verməsinə səbəb olur…
Bütün bunlar Azərbaycan ədəbiyyatşünaslığında “ayrıca bir dövr” titulu da qazanmış bu alimin özünəməxsusluğu, bənzərsiz kimlik-nəçilikləri. Keçək bütün təqdimatlar zamanı sunulan –
Ənənəvi bölümə
9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumundan sonra təhsilini Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Dil-ədəbiyyat fakültəsində davam etdirməklə yanaşı, qəzetlərdə şöbə müdiri, bir müddət sonra “Ədəbiyyat qəzeti”nin redaktoru işləyib. 30-cu illərin sonlarından Ədəbiyyat fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor, ADU-nun (indiki BDU) Rus ədəbiyyatı kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı, Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, İctimai elmlər bölməsinin akademik-katibi, akademiyanın həqiqi üzvü, Əməkdar elm xadimi.
1937-1938-ci illərdən başlayaraq dövri mətbuatda Azərbaycan, rus və dünya klassikləri haqda çap etdirdiyi mükəmməl oçerkləri, ədəbi-bədii, tənqidi-publisistik əsərləri bu müəllifi elmi-ictimai fikrimizin mötəbər xadimi kimi tanıdıb. Mono və müştərək imzalarla buraxılan dərsliklər, ədəbiyyat tarixi və ədəbi tənqidlə bağlı fundamental yazıları, ali məktəblər üçün hazırladığı metodoloji vəsait və mühazirələri bu fenomen ədəbiyyatşünas-alimi geniş erudisiyalı pedaqoq kimi də səciyyələndirib. Neçə-neçə aspirant-dissertanta elmi rəhbərlik edib, elmlər namizədi və elmlər doktorları yetişdirib, 30 illik pedaqoji fəaliyyətində rus və Qərb ədəbiyyatları, estetika, tənqid və mətbuat tarixləri kursları yaradıb, tədris edib. “Mirzə Ələkbər Sabir” və “Cəlil Məmmədquluzadə” kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində buraxılıb.
Bu məşhur alim öz dövrünün oxunaqlı bədii və publisistik əsərlər müəllifi kimi də diqqətdə olub. İlk bədii əsəri – “Snayper İlyas” müharibə illərinin “stolüstü”lərindən hesab edilib. “Zurnaçı”, “M.N.”, “Dəmdəməki”, “Zorən təbib”, “M.Zeynaloğlu” imzaları ilə çap etdirdiyi materiallar dahi klassiklər haqda yazdığı oçerkləri izləyən oxuculara nisbətdə daha çox çevrə qazanıb.
XX əsr Azərbaycan humanitar və ictimai elmləri tarixində ensiklopedik bilikli, universal dünyagörüşlü, əsl xəlqi keyfiyyətlərə malik şəxsiyyət kimi tanınan, çalışdığı, əl-qol qoyduğu sahələrin inkişafında mühüm bir mərhələ hesab edilən bu adam haqda danışanların, yazanların “əzəl mübtəda”larından biri də “professional, professionallıq” ifadələridir. Akademik İ.Həbibbəyli yazır ki; “M.C.Cəfərov fəlsəfə-estetika, dilçilik, pedaqogika, teatrşünaslıq istiqamətlərində də professional keyfiyyət, zəngin kəmiyyət irsinə malik mütəfəkkirlərdəndir. O, bədii yaradıcılıqla da demək olar ki, fəaliyyətinin bütün dövrlərində məşğul olmuşdur. Buna misal olaraq ...vəfatından sonra (2010) işıq üzü görmüş “Xatirələr”, 100 illik yubileyi ərəfəsində arxivindən alınıb çap edilən “İnsanlar və talelər” kinodramını göstərmək olar. Bu kinodramın mayə-qayəsindən görünür ki, bu fədakar alim-müəllif böyük Mirzə Cəlilə həsr olunmuş film çəkdirmək arzusunda da bulunurmuş...”
Bu görkəmli elm xadimi –
tək elə nəhəng ədəbiyyatşünas, fundamental tədqiqat yekunları olan cild-cild elmi əsərlər müəllifi deyil, həm də – öz doğal-xarizmatik şəxsiyyətilə büsbütün müsbətə, xoşovqata işləyən əlamətlər kanı idi. Bir qədər qəribə (elmi yox, helmi) səslənsə də, sovet Azərbaycanının son illərinə məxsus “alimstanlıq”da (müstəqillik dövrümüzdəki elm titulyarları haqda qənaət sizlikdir, sayın oxucular!) barmaqla sayılanlardan olmuş bu adam, bəzən elmi-ədəbi cameədən çıxıb milli dəyərə çevrilən fikir-müddəalar müəllifi, elitar-kübari etiketlər daşıyıcısı olub. Sağlığında hər hansı ictimai olay-dolayla bağlı sərrast replikalar, löyün-löyün deyimlər, frazalar, sözəqüvvət istinadlar qaynağı, ağır-batmani keyfiyyətlər məcmusu kimi yad edilib. Məsələn, bir kərə o, tez-tez başına toplaşan fanat tələbələrindən birinin “Məmməd Cəfər müəllim, Siz bu qədər əlləşib-çalışıb Siz oldunuz, bəs, başqa tələbələrdən yalnız “əla”çılıqla fərqlənən biz kim olacağıq” sualına belə bir cavab verdi: “Siz bu universitetin gözünün ağı, bir kim hesab etdiyiniz Məmməd Cəfər Cəfərovunsa gözünün qarasısınız...”
Nə xoş ki, ovaxt bir elm adamının dilindən qopan bu söz bu günlərdə Türkiyədə təhsil alan tələbələrimizlə görüşdə bir iş adamı tərəfindən bir az da göyərdildi. Həmin iş adamı oradakı tələbələrdən bir neçəsilə kamera-mikrofondankənar söhbətində deyib ki, bütün çətinliyə dözüb yaxşı təhsil alan tələbələr mənim gözümün ağı, mənsub olduğumuz Vətənin, dövlətin gözünün qarasıdır!...
Və sonda:
1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmiş Məmməd Cəfər Cəfərov AMEA Rəyasət Heyətinin adlarına mükafat təsis etdiyi 8 akademikdən biridir.
Elə bir akademik ki, canlı dövranından sonra – belə demək mümkünsə, “arxiv”liyində belə gənc araşdırıcılarçün metodolojicə çox gərəkli, hələ də bu xalqın öygülü-nostalji xatiratlarında yaşayan beş-on əsil-nəsilli, xəlqi-mütərəqqi alimlərimizdən biri olaraq qalmaqda...
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.6.