Balkanlarda Nəsimi sözünün
mehi
Serbiyada silsilə tədbirlər keçirilib
Prezident
İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci
il 15 noyabr tarixli sərəncamına əsasən, ölkəmizin
hüdudlarından kənarda da çoxsaylı tədbirlər
keçirilir.
Serbiyadakı səfirliyimizin təşəbbüsü və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə iyunun 18-də Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib, həmçinin “Nəsimi” filmi ilk dəfə serb dilində subtitrlərlə nümayiş olunub.
Tədbirdə serbiyalı və azərbaycanlı deputatlar, rəsmilər, elm, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədəki həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Serbiya Kral Akademiyasının üzvü, akademik Sokol Sokoloviç çıxış ediblər.
“Nəsimi” filminin subtitrlərlə nümayişi böyük maraqla qarşılanıb.
İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə elmi simpozium təşkil olunub. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan dövlətinin dəstəyi ilə bərpa edilmiş “Daşmeydan” parkında ümummilli lider Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin abidələri önünə əklillər qoyublar.
Simpoziumun açılışında səfir Eldar Həsənov tədbir iştirakçılarını salamlayıb. Diplomat ilk dəfə olaraq Serbiyada Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şeirlərinin serb dilində nəşr edilməsindən, elmi simpoziumun təşkil olunmasından və “Nəsimi” filminin nümayişindən qürur duyduğunu, belə tədbirlərin Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Serb və Azərbaycan alimləri məruzələrlə çıxış ediblər.
Simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş “Nəsimi 650 il” yubiley və “İvo Andriç” medalları təqdim edilib.
Azərbaycan Dillər Universitetində (ADİ) Serb dili və mədəniyyəti mərkəzinin, Belqrad Universitetində isə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının təşəbbüskarı, ADİ-nin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, institutun direktor müavini Paşa Kərimov, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı Milorad Paviçin “Xəzər lüğəti” və Draqan Damyanoviçin “Müqəddəs Savanın anası” kitablarını Azərbaycan dilinə tərcümə etmiş Əlövsət Ağalarov, serb antologiyası və İvo Andriçin şeirlər kitabının dilimizə tərcüməçisi, Yazıçılar Birliyi Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu və Balkan regionu ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə Milli Məclisin deputatı Cavanşir Feyziyev “İvo Andriç” medalı ilə təltif olunublar.
Eyni zamanda Belqrad Universitetinin Filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam, parlamentin Serbiya-Azərbaycan dostluq qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının aparıcı solisti Yasmina Trumbetaş, “Smederevo Poeziya Payızı” festivalının təşkilat komitəsinin üzvü Vera Xorvat, Serbiya Prezidentinin müşaviri Tanya Yoviç və Yuqoslaviyanın Türkiyə, eyni zamanda Azərbaycandakı keçmiş səfiri olmuş yazıçı Darko Tanaskoviç Azərbaycan tarixinin və mədəniyyətinin Serbiyada təbliğində xidmətlərinə görə “Nəsimi 650 il” yubiley medalı ilə təltif edilib.
***
Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında, Qazi Xosrov bəy Kitabxanasında və digər müəssisələrdə saxlanılan dahi Azərbaycan klassikləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların tədqiq edilməsi məqsədilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov Sarayevo şəhərində elmi ezamiyyətdə olub.
Ezamiyyəti zamanı alim Sarayevo şəhərində Milli və Universitet Kitabxanasında Nəsiminin 650 illiyi ilə əlaqədar məruzə ilə çıxış edib. Dahi şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən Ə.Bağırov Nəsiminin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini, bu şeirlərin Bosniya və Herseqovinanın yerli dillərinə də tərcümə edilməsi ilə bağlı alim-tərcüməçilərlə danışıqlar aparıldığını deyib.
Daha sonra çıxış edən Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina əlyazmaların tədqiqi sahəsində əməkdaşlıqdan məmnun qaldığını diqqətə çatdırıb. Bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini qeyd edən İ.Ovçina, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinə və AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.
Əkrəm Bağırov ezamiyyət zamanı
Sarayevo şəhərində yerləşən
bir necə kitabxana və
arxivdə olub, eləcə də Mostar və Visoko şəhərlərinə
səfərlər edib. Tədqiqat
zamanı müəllifləri azərbaycanlı olan əlyazmalar aşkar olunub. Kitabxana kataloqlarında Nizami Gəncəvi,
Xaqani Şirvani,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli,
Saib Təbrizi, Mahmud
Şəbüstəri, Vəhid Təbrizi, Seyid
Yahya Şirvani, Nəsirəddin
Tusi, Qasim Ənvar, Hinduşah Naxçıvani, Şəms Təbrizi,
Şərəfəddin Rami kimi məşhur azərbaycanlılardan əlavə,
az tanınan Ərdəbili, Xalxali və s. müəlliflərin
də adlarına rast gəlinib.
Ümumilikdə 15 minə qədər əlyazmanın
içərisindən Azərbaycan müəlliflərinin
150-yə qədər əlyazması aşkarlanıb.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.1;8.