“TƏK”in
ilk tamaşası: “İt
ürəyi”
İyunun 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında yeni yaranmış “TƏK” (“Teatr-Ədəbiyyat-Kino”) Yaradıcılıq
Platforması öz məhsulunu təqdim etdi.
Platforma ilk işi kimi görkəmli
rus yazıçısı
Mixail Bulqakovun yaradıcılığına müraciət
edib. Müəllifin məşhur, zamanında
yasaq edilmiş “İt ürəyi” povestinin motivləri əsasında hazırlanmış
tamaşa bir çox məqamları ilə maraqlı idi ki, onları
sadalamaq yersiz olmaz.
Əvvələn, Mixail Bulqakovun əsərinin Azərbaycan
səhnəsində görünməsi
faktı.
İkincisi, gənc rejissor
Asiman Ağayevin (iki-üç il əvvəl Teatr Xadimləri İttifaqındakı
rejissor laboratoriyasında
atası, mərhum Rövşən Ağayevin
“Sonluğun sonu” pyesi əsasında anası, Əməkdar
artist Güşvər Şərifovanın
iştirakı ilə
hazırladığı monotamaşadan
yadımızda qalıb)
növbəti quruluşunu
görmək, bu gün teatra gələn gənc rejissorların hansı əsərlərə meyil
etdiyini bilmək.
Üçüncüsü, Azərbaycan teatr məkanında yetərincə tanınan və yolları düşəndə beynəlxalq
teatr festivallarında əcnəbi teatr xadimlərinin də çox bəyəndiyi iki təcrübəli aktyor – əməkdar artistlər Qasım Nağı (Professor Preobrajenski)
və Ayşad Məmmədovun (Müdrik
Qoca) gənc aktyorlarla eyni səhnəni paylaşdığını
görmək.
Dördüncü, bəlkə də ən vacib məqam. Konkret teatr
truppasında çalışmayan,
yaxud çalışdığı
teatrda sənət həvəsini tam ödəyə
bilmədiyi, ya da enerjisini tam sərf edə bilmədiyi üçün,
üstəlik antrepriz
tamaşalarda çıxış
etməyə maraq göstərən cavan aktyorların Bulqakovun əsəri ilə yadda qalmaq şansı.
Əsər kifayət qədər məlumdur. Povest əsasında 1988-ci ildə ekranlaşdırılan
(rejissor Vladimir Bortko),
Professor Preobrajenski rolunda
dahi aktyor Yevgeni Yevstiqneyevin çəkildiyi filmə çoxları baxıb.
Məşhur cərrah,
köhnə aristokrat,
təzə quruluşda
da əvvəlki şakərindən əl
çəkmədən yaşamağa
cəhd edən
Professor Preobrajenskinin yiyəsiz
küçə itini
insana çevirməsi
və bunun fəsadları, alimin peşman olaraq itdəndönmə Şarikovu
yenidən əməliyyatla
itə çevirməsi
heç də hər cəmiyyətdə,
xüsusən də həyatın dibindəki lümpenlərin söz, vəzifə sahibinə çevrildiyi cəmiyyətdə
birmənalı qarşılana
bilməz. Mixail Bulqakovun 1924-cü ildən ta yenidənqurma
dövrünədək SSRİ-də yasaq edilmiş
əsərinin məğzi
budur. Bizimkilərin tamaşasındasa Şarikovun yenidən itə çevrilməsi məqamı yetişmir.
Tamaşa, professor Preobrajenskinin öz assistenti Bormentala (Vüsal Murtuzəliyev) etiraf etdiyi kimi, əgər
analar uşaq dünyaya gətirirsə,
yenidən elmin köməyilə insan yetişdirməyə ehtiyacın
olmaması fikri üzərində qurulub.
Yəni əsərin məğzi bir qədər dəyişilib.
Birnəfəsə (həm tamaşanın ritminə görə, həm də birhissəli olduğuna görə) oynanılan “İt ürəyi” tamaşası həm də bizə tanıdığımız və
tanımadığımız aktyorların potensialını
göstərdiyi üçün
də maraqlı idi. Şarikov rolunda
çıxış edən
gənc aktyor Nurlan Süleymanlının
təkcə hərəkət
və mimik baxımdan deyil, hətta nitq baxımından öz rolunu obrazın adına uyğun oynaması, “domkom” deyilən Evlər komitəsinin proletar nümayəndələri, heç
əməliyyatsız da
düşüncə baxımından
Şarikovdan çox da fərqlənməyən
Şvonder (quruluşçu
rejissor Asiman Ağayev), Vyazemskaya (Günay Əhməd), Yarovkin (Tunar Əlizadə) rollarında
gənc aktyorlar “TƏK”in bu tamaşası ilə özlərini bir daha səhnə adamı olaraq tanıtdılar.
“TƏK”in sənət
aləmində yer tutmaq iddiası da, ilk nümunə olaraq “İt ürəyi” kimi cəmiyyətdaxili problemləri
qabardan əsərə
müraciəti də
anlaşılan və
alqışlanandır. Təki bu
tamaşa “TƏK” platformasının
təkcə işi kimi yadda qalmasın.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.4.