Tarixin canlı səhifələri”

 

 

İyunun 19-da Bakının Pirallahı rayonundaTarixin canlı səhifələri” adlı VII Gənclər festivalı keçirilib. Tarixi rekonstruksiya formatında keçirilən festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, budəfəki festival Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin banisi Şəmsəddin Eldənizə həsr edilib.

Qeyd olunub ki, layihə vətənpərvərlik tərbiyəsi məqsədi daşıyır və əsas ideya müxtəlif teatrların peşəkar aktyorları ilə yanaşı, tamaşada gənclər və tələbələrin kütləvi şəkildə iştirak etməsidir. “Belə festivallar gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində atılan növbəti addımdır. Bu, imkan verir ki, gənclərimiz tariximizlə canlı şəkildə ünsiyyətdə olsunlar”, - deyə İ.Babayev əlavə edib.

Tarixi faktlar əsasında hazırlanmış tamaşa açıq havada, dəniz kənarında Orta əsrləri əks etdirən xüsusi dekorasiyalar vasitəsilə tarixi keçmişi canlandırıb. Tamaşada istifadə edilən atlar, dəvələr və yelkənli qayıq festivala toplaşanların böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.3.