Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi

 

 

Yaradıcı sənayelər, mədəni sərvətlərin siyahıyaalınması, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı məsələlər müzakirə olundu

 

İyunun 19-da Mədəniyyət Nazirliyinin struktur bölmələrinin iştirakı ilə kollegiya iclası keçirildi.

İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Bildirdi ki, gündəliyə ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli, 208 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən, daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında və dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər haqqında məsələlər daxil edilib.

Sonra gündəlikdə duran birinci məsələ – Azərbaycan Respublikasında yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin məruzəsi dinlənildi.

Diqqətə çatdırıldı ki, sözügedən məsələ ilk dəfə kollegiyada müzakirə olunur. Bu istiqamətdə təkcə nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları – dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Yaradıcı və mədəniyyət sənayeləri müasir dövrün əsas trendlərindən biridir: Bu gün dünyada mədəni sənaye sahəsində yerlərinin açılması digər sahələrdən daha çoxdur. Çünki bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir”.

Vasif Eyvazzadə qeyd etdi ki, şöbənin Beynəlxalq əlaqələr və innovasiyalar sektoru xarici ekspertlərin iştirakı ilə mədəni sənayelərin təhlilini aparıb: “Təhlil hesabatı dövründə mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşdıq. Bu o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümumi daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq aparılır”.

Vurğulandı ki, mədəniyyət sənayesinin formalaşmasında digər vacib istiqamət bu sahənin brendləşdirilməsidir: “Brendləşmə nazirliyin strukturlarında kənar müəssisələrin, biznes strukturlarının vahid bir şüar altında şəbəkələşməsinə kömək edə bilər. Bunun üçün artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində gedirloqonun ilkin variantı hazırlanıb. Bu sahədə aparılan işlər bütün sahələri əhatə edərək dərin tərəfdaşlığa yardımçı olacaq”.

Vasif Eyvazzadə Mədəniyyət Nazirliyinin ilk dəfə olaraq respublika innovasiya müsabiqəsinin tərəfdaşı seçildiyini dedi: “Bu, cəmiyyətdə hər bir yaradıcı fərdin təfəkkürünü və biznes ideyasını öyrənməyə imkan yaradır. Həmçinin ilk dəfə olaraq nazirlik yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” proqramına qoşulub. Bu, beynəlxalq proqramdır və bütün sahələri əhatə edir. Biz bu prosesdə iştirakla universitet və gənclər arasında konkret sahələr üzrə ideyaları müəyyənləşdirmək imkanı qazandıq. Bu proqrama qoşulmaqla builki milli müsabiqənin qalibi olduqiyun ayının sonunda Kopenhagendə keçiriləcək qlobal müsabiqədə iştirak edəcəyik”.

Məruzəçi onu da bildirdi ki, mədəniyyət sahəsində sənayeləşmə və biznes barədə əhali arasında maarifləndirmə aparılmalı və bu proseslər insanlara açıq şəkildə izah edilməlidir. “Mədəniyyət haqqında” qanunda da mədəniyyət sənayesi və dövlət-özəl tərəfdaşlıq məsələsi öz əksini tapıb. Bu məsələlərlə bağlı təlimlər keçirilməlidir. Bir sıra müasir çağırışlara cavab verən bacarıqların tətbiqinə də ehtiyac duyulur.

Daha sonra bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verildi.

Məruzədən sonra nazir müavini Rafiq Bayramov məsələ ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, yaradıcı sənayelərlə bağlı terminologiya lüğəti hazırlanmalı və yaradılacaq reyestrportallarda informasiya resurslarının mühafizəsinin təşkili nəzarətdə saxlanılmalıdır.

Nazir Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən strategiyaya uyğun olaraq ölkədə bütün sahələrdə fəaliyyətin müasirləşdirilməsi qarşıda duran mühüm vəzifədir. Biz bu gün mədəniyyətə də yeni nöqteyi-nəzərdən yanaşmalıyıq. Mədəniyyətin sənayeləşməsi prosesi ilə bağlı işlər davam etməkdədir və bu proseslə bağlı ictimaiyyətə geniş informasiya təqdim edilməlidir.

 

Mədəni sərvətlərin inteqrativ ümumi veb-saytının hazırlanmasına zərurət var

 

Gündəlikdə duran ikinci məsələ – Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova məruzə etdi.

Məruzəçi bildirdi ki, mədəni sərvətlərin mühafizə siyahısına əsasən qədim əlyazmalar, nadir çap əsərləri, arxivlər, incəsənət abidələri və s. daxildir. Qeyd olunan sərvətlərin dövlət siyahısına daxil edilməsi Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahənin əhəmiyyəti nəzərə alınaraq 2018-ci ildə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi yaradılıb və şöbənin daxilində Mədəni sərvətlərə nəzarət və reyestrlər sektoru təşkil edilib. Məsələ ilə əlaqədar şöbə tərəfindən bu sahənin qanunvericilik, idarəçilik, maliyyələşmə, elmi-metodik, maddi-texniki və beynəlxalq təminat mexanizminin təkmilləşməsi istiqamətində təkliflər hazırlanıb və bir sıra layihələr həyata keçirilib. Azərbaycanın milli mədəniyyət nümunələrinə nəzarətin gücləndirilməsi, onların qeydiyyata alınması və sistemləşdirilməsi məqsədilə reyestrlər, portallarsaytlar yaradılıb. Belə portallardan biri ötən il istifadəyə verilmiş “Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestrinin portalıdır. Hazırda AMEA müvafiq institutları və nazirliyin aidiyyəti qurumlarının dəstəyi ilə portalın məlumat bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bundan əlavə, bu il rayon və şəhər Heydər Əliyev mərkəzlərinin informasiya portalı istifadəyə verilib.

Azadə Hüseynova Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi tərəfindən muzey əşyalarının mühafizə portalının yaradıldığını da diqqətə çatdırdı. Bildirdi ki, hazırda aparıcı muzey və xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunan eksponatlar haqqında məlumatlar həmin portala daxil edilir. Portalın yenilənmiş istifadə qaydalarının izah edilməsi məqsədilə rayonlarda fəaliyyət göstərən muzeylər üçün üç mərhələdən ibarət regional idarələr tərəfindən treninqlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə ilk treninq Qəbələ şəhərində keçiriləcək. Bundan əlavə, mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə və icazə sənədlərinin verilməsi sahəsində elektron xidmətlərin göstəriləcəyi veb-saytın hazırlanması istiqamətində də işlər yekunlaşmaq üzrədir. Sayt vasitəsilə proses daha operativ və sadə şəkildə aparılacaq.

Daha sonra şöbə müdiri daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında məlumat verdi. Bildirdi ki, mədəni sərvətlərin inteqrativ ümumi veb-saytının hazırlanmasına zərurət var. Bununla da digər qurumlarla mədəni sərvətlərin qorunması istiqamətində əməkdaşlığın səmərəliliyini artıra bilərik.

Nazir müzakirə edilən məsələnin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Diqqətə çatdırdı ki, həm əhalidə, həm də muzeylərdə olan mədəni sərvətlərin mühafizəsi və sığortalanması ilə bağlı ictimaiyyətə geniş məlumat çatdırılmalıdır.

 

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti

 

Üçüncü məsələ – Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər haqqında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov məruzə etdi.

Bildirildi ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.

Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşdırılması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində görülən işlərdən bəhs etdi. Qeyd etdi ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və digər abidələrdə bərpa-konservasiya işləri aparılıb. Dövlət başçısının sərəncamına əsasən Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.

Zakir Sultanov onu da bildirdi ki, 72 abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir. Xidmət rəisi arxeoloji irslə bağlı görülən işlər barədə də məlumat verdi.

Məruzəyə münasibət bildirən nazir Əbülfəs Qarayev qeyd etdi ki, 30 iyun – 10 iyul tarixlərində ölkəmiz UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Komitəyə sədrlik edən ölkədə bu sahədə işlərin yüksək səviyyədə olması xüsusi əhəmiyyət kəsb edir.

Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev qeyd etdi ki, bu gün müzakirə olunan məsələlərin hər biri vacibgeniş fəaliyyət tələb edən sahələrdir.

Tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliğinin də vacib olduğunu vurğulayan Əbülfəs Qarayev abidələrin istismara verilməsini mədəni sənayeləşmənin əsaslarından biri kimi dəyərləndirdi.

Sonda nazir müzakirə olunan məsələlər və qeyd edilən problemlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.1;3.