Gürcüstanda yaşayan rəssam soydaşımızın sərgisi

 

 

İyunun 25-də “Qalereya 1969”da Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisinin açılış mərasimi keçirildi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev mərasimdə çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, sərginin təşkil olunmasında əsas məqsəd rəssam Rizvan İsmayılın yaradıcılığının daha geniş ictimaiyyət qarşısında tanıtmaq, ona dəstək olmaqdır. Bildirildi ki, bu, Gürcüstanda yaşayan rəssam soydaşımızın Bakıda təşkil olunan ilk sərgisi deyil. Rizvan İsmayılın müxtəlif ölkələrdə də sərgiləri təşkil olunub. Onun əsərləri fərdi kolleksiyaları və qalereyaları bəzəyir.

Vaqif Əliyev daha sonra Rizvan İsmayıla Mədəniyyət Nazirliyinin fəxri fərmanını təqdim etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev vurğuladı ki, Yeni Azərbaycan Partiyası bu səpkidən olan tədbirlərin təşkilinə öz dəstəyini davam etdirir.

Rəssamın yaradıcılıq imkanlarından danışan millət vəkili bildirdi ki, Rizvan İsmayılın böyük yaradıcılıq potensialı varbunu onun əsərlərində aydın müşahidə etmək olar. Qeyd etdi ki, rəssam 2007-ci ildən Bakı, İstanbul, Tiflis, Brüssel, Lüksemburq, ParisMoskva şəhərlərində fərdi və qrup sərgilərində iştirak edib.

Xalq rəssamı Sakit Məmmədov həmkarının yaradıcılıq dünyasından danışdı. Qeyd etdi ki, Rizvan İsmayıl rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeninumerologizm” (əbcədizm) üslubunun yaradıcılarındandır. Numerologiya-rəqəmlərin bir-birilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Sonda çıxış edən Rizvan İsmayıl Bakıda üçüncü fərdi sərgisinin keçirilməsindən məmnunluğunu bildirdi. Rəssam bu dəfə də əsərlərinin tamaşaçıların zövqünü oxşayacağına ümidvar olduğunu dedi, sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlıq etdi.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. Sərgidə rəssamın “Rəqəmsal yaşam”, “Cənnətin ilk anı”, “Leyli və Məcnun”, “Həyat fəlsəfəsi”, “Qaf dağına yüksəliş” kimi əl işlərinin də yer aldığı 60 əsəri nümayiş olunur.

Qeyd edək ki, Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1990-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Gürcüstan Rəssamlar İttifaqının üzvüdür.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.1;3.