Beynəlxalq Muğam Mərkəzində Meksika musiqiləri səslənib

 

 

 

Beynəlxalq Muğam Mərkəzi (BMM) ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə sıx əməkdaşlıq edir. Birgə layihələr sırasında etno-caz, dünya xalqlarının musiqiləri və dünyanın tanınmış musiqiçilərinin mərkəzdə çıxışları, eləcə də beynəlxalq əhəmiyyətli dəyirmi masalar keçirilməsi xalqlar arasında milli musiqinin təbliğinə xidmət edir.

İyunun 21-də meksikalı musiqiçilər, marımba və digər zərb alətlərində ifaçılar Xavyer NandayapaMirna Yamın iştirakı ilə təqdim olunan konsert proqramı da bu mərama xidmət edirdi. Konsert Meksikanın Azərbaycandakı səfirliyi, Beynəlxalq Muğam Mərkəzi, “Landmark Hotel” və Türk Hava Yollarının əməkdaşlığı əsasında gerçəkləşdi.

Konsertdən əvvəl Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək layihənin ərsəyə gəlməsinə dəstək olan təşkilatlara təşəkkür etdi. Bildirdi ki, marimba forması ilə ksilofona bənzəyən zərb alətidir. Bütün ahəngdar qammanı əhatə edən marimbada hər növ musiqi ifa etmək olur. Marimba sədalarının tez-tez eşidildiyi yerlər Meksika, Qvatemala və Kolumbiyadır.

Qeyd olundu ki, konsert maestro Xavyer Nandayapanın 30 illik səhnə fəaliyyətinə həsr olunanAvropa, Asiya və Amerikanın 17 ölkəsini əhatə edən dünya turunun tərkib hissəsidir. Meksika musiqisinin dünyada təmsil olunmasında Xavyer Nandayapanın xüsusi xidmətləri var. O, 1989-cu ildə “Marimba Nandayapaqrupu ilə musiqi fəaliyyətinə başlayıb. Bu günə kimi 42 ölkədə səfərdə olub. 2011-ci ildən Tabasko ştatında Marimba ifaçılarının beynəlxalq festivalının bədii rəhbəridir.

Sonra konsert proqramı təqdim edildi. Meksika dünya xalqlarının musiqilərindən ibarət proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Xavyer Nandayapa Mirna Yam Bakı tamaşaçıları üçün marimba digər zərb alətlərində Meksikanın zəngin musiqisindən zövq almaq imkanı yaratdılar.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.8.