“Böyük sənət böyük
aktyor olan yerdə yaranır”
Yubilyar rejissorun sənət amalı budur
Mərahim Fərzəlibəyov. Azərbaycanda bu adı eşitməyən, bu şəxsi tanımayan sənətsevər tapılar? Çətin. Əslində, ortayaşlı nəsil bu tanınmış ismi nə vaxtdan eşitdiyini xatırlamır. Məgər qırx beş il az müddətdir? Köhnə kişilər demişkən, bir igidin ömrüdür.
Gərəkdir ki, səhnədə göstərilən hisslər, pərdə arxasında coşan ehtiraslar, nəhayət, teatrın içindəki və çölündəki konfliktlər insan orqanizminə zərərli təsirinə görə, dörd-beş qat hesablana. O üzdən də təxminən yarım əsr teatra sədaqətlə qulluq edən şəxs 70 yaşına yetibsə, bu, artıq bir qəhrəmanlıq nümunəsidir.
Elə bu cür tək-tük qəhrəmanlardan biri bu gün 70 yaşın dizini yerə vurur və o, bizim müsahibimizdir. Yubiley müsahibəsi də elə bir şeydir ki, söhbətə uzaqdan başlamalısan ki, yaşanmış illərin gerçək mənzərəsi yaransın.
- Mərahim müəllim, siz ali rejissorluq təhsilinizi
o vaxtkı Leninqradda almısınız. Adətən, Rusiyada
təhsil alan rejissorlarımız ora ikinci sənət təhsili
almaq üçün üz tutublar. Amma siz elə ilk və son ali təhsilinizi orda almısınız. Bu seçimin səbəbini bilmək olar?
- Orta məktəbi
bitirib sənədlərimi o vaxtkı Mirzəağa Əliyev
adına Teatr İnstitutuna gətirəndə
dedilər ki, qəbul cəmi iki nəfərdir, onları da
tapşırıblar. Mən isə
uşaqlıqdan rejissor olmaq istəyirdim deyə, ya Moskvaya, ya
da Leninqrada getməliydim. Öyrəndim ki, həmin il Leninqradda Tovstonoqov (görkəmli teatr
rejissoru və pedaqoqu, SSRİ Xalq artisti Georgi Aleksandroviç
Tovstonoqov – G.M.) kurs yığır. Mən də
təkcə kamal attestatımı cibimə qoyub qatarla getdim
Leninqrada. Qəbul komissiyasında rus dilini
çox zəif bildiyimi görüb sənədlərimi
götürdülər. Yəqin fikirləşdilər
ki, onsuz da qəbul ola bilməyəcək.
Həmin gün sənəd verən 750-ci
abituriyent mən idim.
- 750-ci?
- Bəli.
Axırda sayımız min nəfərə
yaxınlaşdı. İxtisas
imtahanında şəxsən Tovstonoqov özü iştirak
edirdi. İkinci turda “hansı pyesi necə
qura bilərsən” tapşırığını yerinə
yetirəndə “Hamlet”i seçdim. Səhnəni
necə quracağımı danışanda Georgi
Aleksandroviç soruşdu ki, mənim “IV Henrix” tamaşama
baxmısınız? Dedim ki, yox, Leninqrada ilk gəlişimdir.
Müəllimlər bir-birinə baxdılar.
Sonralar biləcəkdim ki, demə, mən, onun həmin
tamaşasının ideyasını danışmışam.
Özü də təəccüblənib...
- Gələcək
ustadınıza çəkibmişsiniz,
özünüzün də xəbəriniz yox...
- Elə
çıxır. Tovstonoqovun diqqətini çəkdiyim
üçün Azərbaycan dilində şeir dediyim aktyor sənəti
imtahanında aldığım üçü də silib 5
etdi, qalan üç imtahandan da 5 yazdı, həm də qəbul
imtahanlarında məni tapşırdı ki, kəsməsinlər.
Qəbul olunanların siyahısı divara
vurulanda adımın qarşısında “şərti”
sözü yazılmışdı. Bakıya
gəlib sənədlərimi topladım və oldum tələbə.
Cəmi 17 nəfərdik. Aramızda da məktəb
partasından instituta gələn üç nəfər idi:
dramaturq Viktor Rozovun oğlu Sergey, Tovstonoqovun bacısı
oğlu, məşhur aktyor Yevgeni Lebedovun oğlu Aleksey, bir də
mən. Qalanları ikinci təhsil alırdı.
Görünür, bu, mənim qismətim idi...
- Tələbəliyiniz
necə keçib?
-
Maraqlı və çətin! Rus dilini pis bilirdim deyə...
- O illərdə
Bakıda böyüyən şəhər uşağı
rus dilini necə pis bilər axı...
- Mən Sovetskidə böyümüşəm. Bu məhəllədə nə
rusdillilər yaşayırdı, nə də kimsə rus ədəbi
dilində danışırdı... Tovstonoqov
qarşımda şərt qoydu ki, rus dilini öyrənməsəm,
rektordan xahiş edəcək ki, məni Bakıya
köçürsünlər. Rektorun əmri
ilə rus dilini xarici tələbələrlə birlikdə
gücləndirilmiş proqramla öyrənməyə
başladım. Müəllimimiz Lyudmila
Fyodorovna hətta mənimlə əlavə məşğul
da olurdu ki, yoldaşlarımdan geri qalmayım.
***
...Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya
İnstitutunda təhsili başa vuran gənc rejissor diplom
işi kimi Bakıda o vaxtkı Musiqili Komediya Teatrında Cerri
Hermanın “Hello, Dolli” müziklini tamaşaya qoyur. İllər
sonra bu tamaşanın uğuru üçün Moskvadan məşhur
baletmeysteri Bakıya dəvət etmiş teatrın direktoru
Bala Qasımovu və mədəniyyət naziri Zakir
Bağırovu minnətdarlıqla xatırlayır. Amma diplom tamaşası nə qədər
hay-küylə qarşılansa da, vətəndə işləmək
arzusu baş tutmur. Azərbaycandan göndərişlə
oxumağa getmədiyini deyərək hələlik “Boş
rejissor ştatı yoxdur” cavabını alır. “Əslində mən Bakıda yox, Azərbaycanın
istənilən bölgə teatrında işləməyə
hazır idim” - deyir. Amma nə edəsən
ki, rejissorlar da bəzən başqalarının seçimi ilə
razılaşmalı olurlar. Leninqradda isə
bu məsələyə daha anlaşıqlı
yanaşırlar. Ərazi
yaxınlığını da nəzərə alıb Mərahim
Fərzəlibəyovun təyinatını Qroznıdakı
Rus Dram Teatrına verirlər.
Azərbaycan tamaşaçısının isə onu
rejissor kimi tanıyacağı vaxta hələ bir qədər
var. Bunun üçün ömrün Sumqayıt mərhələsi
başlamalıdır. Qroznıdakı təyinat müddəti başa
çathaçatda Sumqayıt teatrından iş təklifi gəlir.
O zaman SSRİ məkanında dillər əzbəri olan,
ittifaqın mənəvi süqutunun ilk bədii təcəssümlərindən
sayılan Gennadi Bokarevin “Poladəridənlər” pyesini teatra təklif
edir. Metallurqlar şəhərinin gənc
teatrında bu kəskin sosial ismarışlı pyesə
tamaşa edən dövrün teatr azmanları, xüsusilə
də Mehdi Məmmədov gənc Mərahim Fərzəlibəyovun
bu teatra baş rejissor təyin edilməsini məsləhət
görür. “Poladəridənlər”in
ardınca isə “Bütün Şərq bilsin” sədası
yayılır.
***
- O vaxt
Kommunist Partiyasının 26-cı qurultayı ərəfəsində
bütün ittifaqda teatr festivalı keçirilirdi. Minə yaxın teatr bu festival-müsabiqəyə
qoşulmuşdu.
SSRİ mədəniyyət nazirinin müavini Mixail
Çausov tamaşalara şəxsən özü
baxırdı.
Bakıda, Akademik Dram Teatrında Anarın “Səhra
yuxuları” tamaşasına, bir də Nəriman Həsənzadənin
“Bütün Şərq bilsin” tamaşasına baxdı və
bizim tamaşanı seçdi. Baxmayaraq ki,
“Bütün Şərq bilsin” çox böyük tamaşa
idi, kütləvi səhnələrdə 92 nəfər
iştirak edirdi. Sonradan mən bildim ki,
Çausov hansı mübahisələrdən sonra Sumqayıt
teatrının tamaşasının üstündə
dayanıb.
- Amma
mübahisə etməyə dəyərmiş...
- Festival
başa çatanda elan etdilər ki, sənət müəllimim
Tovstonoqovun tamaşası birinci yerə layiq
görülüb, mənim quruluş verdiyim tamaşa
üçüncü yerə.
-
“Bütün Şərq bilsin”in ayağı sizə
düşdü və siz Akademik Milli Dram Teatrına gəldiniz...
- Tofiq Kazımov dünyasını dəyişəndən
sonra Mədəniyyət Nazirliyi məni “Azdrama”ya göndərdi. Əvvəllər
çox çətinlik çəkirdim. O zaman teatrda
çox böyük aktyorlar çalışırdı. Hiss
edirdim ki, hətta mənim rəhmətlik Tofiq müəllimin
lojasında əyləşib tamaşaya baxmağım
onları qıcıqlandırır. Teatrı
çox sevən truppa müdiri var idi - Qürbət Qurbanov.
O mənə təskinlik verirdi ki, 25 ildən sonra bu teatra təyinat
alan ilk rejissorsan, belə şeylərə
görə ürəyini sıxma, işlə!
- Bəs
hansı tamaşa ilə “bəraət aldınız”?
- Görkəmli
dramaturqumuz İlyas Əfəndiyev də “Poladəridənlər”ə,
“Bütün Şərq bilsin”ə baxmışdı. O zaman
yazdığı “Xurşudbanu Natəvan” pyesini teatra gətirəndə
onu mənim hazırlamağımı istədi. Bu seçim də birmənalı
qarşılanmadı. Hətta mətbuat
da işə qarışdı.
- Niyə?
-
Tovstonoqovun dil ilə bağlı təpkisindən sonra rus
dilini elə öyrənmişdim ki, artıq məşqləri
də rusca aparırdım, yəni mənim tamaşa qurmaq,
aktyorla işləmək üçün olan söz
ehtiyatım rus dilində idi. Bunu mənə irad
tuturdular. “Bakı” qəzetində məqalə
çıxmışdı ki, Azərbaycan teatrında Xan
qızı haqqında hazırlanan tamaşanın məşqləri
rusca gedir. Amma mən dilə sadəcə
alışmışdım və getdikcə, bu vərdişdən
əl çəkdim.
- Mərahim
müəllim, maraqlıdır ki, İlyas Əfəndiyevin
dramaturgiyasında tarixi dram mərhələsinin
başlanğıcı onun sizinlə birgə
çalışmalarınızın başladığı
dövrə təsadüf edir. Və bu
yaradıcılıq tandemi dramaturq dünyasını dəyişəndən
sonra da davam edir.
- “Xurşudbanu Natəvan” pyesi çox gözəl
tamaşa idi.
Amaliya xanım əvəzsiz obraz
yaratmışdı. Ulu öndərimiz həmin
tamaşaya baxandan sonra bizə - İlyas müəllim, Amaliya
xanım və mənə dedi ki, siz bu əsərlə Natəvanı
əsl dövlət xadimi kimi təqdim etdiniz. Bizim
İlyas Əfəndiyevlə birgə işimiz belə
başladı.
-
Heç olubmu ki, onun hansısa əsərini başqa rejissor
hazırlayıb, amma o, quruluşu bəyənmədiyi
üçün tamaşanı siz sıfırdan
başlamalı olmusunuz?
- Olub. Özü də iki dəfə. Amma hansı
tamaşaları kimdən alıb mənə veriblər, mənim
də həmin həmkarımla münasibətim bir qədər
pozulub, - bunları soruşmayın, deməyəcəyəm.
O ki qaldı İlyas müəllimlə birgə işlərimizə,
onun sağlığında 8, vəfatından sonra da 3 əsərinə
quruluş vermişəm. İlyas müəllim
həm də mənim Azərbaycan dili müəllimim olub,
danışığımdakı səhvləri düzəltməklə
dilimizi ədəbi dil səviyyəsində öyrənməyimə
yardım edib, həm də onunla çalışmaqla Azərbaycan
teatr rejissoru kimi yetişmişəm, milli dramaturgiyaya
bağlanmışam. Düzdür, digər
dramaturqların da əsərlərini hazırlamışam,
dünya dramaturgiyasına da müraciət etmişəm.
Amma İlyas müəllimlə işbirliyimizin
yeri, çəkisi mənim üçün başqadır.
-
Maraqlıdır ki, siz Akademik Milli Dram Teatrından başqa digər
teatrlarda az tamaşa qurmusunuz...
- Azərbaycana
qayıdandan sonra ana teatrdan başqa cəmi dörd teatrda
tamaşa qoymuşam: Musiqili teatrda (diplom tamaşam),
Sumqayıtda və Naxçıvanda, bir də Amaliya
xanımın istəyilə Bələdiyyə teatrında. Mən başqa truppaya öyrəşə bilmirəm.
Baş rejissorluqdan çıxandan sonra öz
teatrımızda az tamaşaya quruluş
versəm də, alışmadığım üçün
başqa truppa ilə işləyə bilmirəm.
- Deməli,
bir sıra rejissorların fəxrlə işlətdiyi “mənim
aktyorum” ifadəsi sizin üçün də doğmadır. Kimlərin adını çəkə bilərsiniz?
- Mərhum Amaliya xanımla Fuad Poladovun. Bəli, onlar mənim
aktyorum idilər. Bir zamanlar mənim verdiyim
quruluşlarda çox gözəl rollar oynamış, həmin
tamaşalarla ulduzu parlamış aktyorlar var ki, onlar
üçün bu ifadəni işlətmirəm.
Çünki başqa rejissorların tamaşalarında
çox çıxış edən aktyor mənim
sözümdən sonra deyə bilər ki, yox, mən heç
vaxt Mərahimin aktyoru olmamışam! Halbuki mən
aktyorları sevirəm. Sevdiyim aktyorlara rol
vermək üçün əsər seçirəm. Hətta biz İlyas Əfəndiyevlə əsər
üzərində işləyəndə aktyorları nəzərə
alırdıq. Aktyor dramaturqla rejissorun fikrini,
ideyasını tamaşaçıya çatdıran
böyük istedad sahibi olmalıdır. Böyük
sənət böyük aktyor olan yerdə yaranır.
- Aktyor
demişkən, teatr səhnəsində yox, amma filmdə sizi
aktyor kimi də görmüşük. Sənətdən
az-çox baş çıxaran tamaşaçı kimi deyə
bilərəm ki, maraqlı tipajlar yaratmağa nail
olmuşdunuz...
- Anarın “Sizi deyib gəlmişəm!” əsərinə quruluş zamanı müəllif məşqlərə gələndə demə, məni də müşahidə edirmiş. Sonra “Qəm pəncərəsi”ni çəkəndə məni “uçitel” Həsən roluna dəvət etdi. Etiraz etdim ki, bacarmaram, o isə məni inandıra bildi və sınaq çəkilişsiz filmə çəkdi. “Qəm pəncərəsi”ndən sonra da Tofiq Tağızadə təkid etdi ki, mütləq “O dünyadan salam”da Şeyx Əhmədi oynamalıyam. Deyirlər ki, aktyor işim uğurludur, amma mən sonrakı təklifləri qəbul etmədim. Çünki aktyor sənəti böyük sənətdir, bu işə həvəskar kimi baxmaq olmaz. Əgər iki obraz bəyənilibsə, üçüncü bəyənilməyə bilər. Özümü kino rejissoru kimi sınayıb, “Mənim ağ şəhərim” filmini çəkəndən sonra da gördüm ki, yaradıcılığımı teatrda daha uğurlu davam etdirə bilərəm.
Düzdür, televiziya filmləri də çəkmişəm, bu gün də televiziyada rejissor kimi işləməyə hazıram.
- Rejissor işindən söz düşmüşkən... Elə rejissor var ki, səhnədə aktyoru nəfəs çəkməyə qoymur, yalnız onun tapşırığını nöqtə-vergülünədək yerinə yetirməyi tələb edir. Qeybət olmasın, deyirlər ki, Mərahim Fərzəlibəyov aktyora sərbəstlik verən rejissordur, kompozisiyanı qurur, mizanları cızır, qalanını buraxır aktyorun öhdəsinə.
- Düz deyirlər. Mən tamaşanı əvvəldən tam görürəm. Mizanların daxilində aktyora sərbəstlik verməyi xoşlayıram ki, aktyor özünü ifadə edə bilsin. Səhnə kompozisiyasının qanunları var: aktyor səhnədə görünməlidir, obrazın hisslərini çatdırmalıdır. Quruluşçu rejissor həm tamaşanı, həm də aktyorun obrazla münasibətini qurur, onun daxili aləmini nizama salır. Tamaşanı qurub, aktyorun münasibətini qurmayanda həmfikirlər tamaşası alınmır.
- İşə bax ki, doğum gününüz iyunun 26-na, Ordu Gününə təsadüf edir. Sabahdan səkkizinci onluğu xırdalamağa başlayacaq Mərahim Fərzəlibəyov sənət ordusunda özünü hansı rütbədə, vəzifədə görür?
- Baş rejissor olduğum illərdə çalışmışam ki, gəmi kapitanı kimi öz vəzifəmi yerinə yetirim. Başqa rütbələri deyə bilmərəm, amma gəmi heyətimi – aktyorlarımı başa düşüb, fikirlərini dinləyib, onları arxamca apara bilmişəm.
- Təsəvvür edin ki, adınızı eşidib tamaşalarınızı seyr etmiş, lakin sizi üzdən tanımayan biri sizdən soruşur: Mərahim Fərzəlibəyov necə rejissordur? Bu suala necə cavab verərdiniz?
- Deyərdim ki, öz rejissor sənətinə sadiq, teatrı, aktyorları sevən bir adamdır.
***
... 1986-cı ilin noyabrı. Jurnalistika fakültəsinin tələbəsi kimi “Azərbaycan gəncləri” qəzetinin mədəniyyət şöbəsindən növbəti tapşırıq almışam: “Azdrama”da İlyas Əfəndiyevin “Şeyx Xiyabani” tarixi dramının məşqindən reportaj hazırlamaq lazımdır. İlk dəfə tamaşanı daxildən görürəm. İlk dəfə aktyor-rejissor mübahisəsini müşahidə edirəm. İlk dəfə rejissorla gələcək tamaşa barədə söhbət edirəm. Həmin rejissor isə Mərahim Fərzəlibəyovdur.
İlk dəfə məşq prosesində gördüyüm rejissor Fərzəlibəyov, ömür vəfa etdikcə iş başında olun! Yeni yaşınız mübarək!
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 26 iyun.-
S.1;6.