İtaliyada Azərbaycan film festivalı

 

 

İyunun 20-dən 22-dək İtaliyanın paytaxtı Romada 2-ci Azərbaycan Film Festivalı keçirilib. Heydər Əliyev Fondu, ölkəmizin İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma Meriyasının iştirakı ilə təşkil olunan festivalın açılışı “Casa del Cinemakino evinin yay zalında gerçəkləşib.

Qonaqları salamlayan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin kino sənəti tarixindən danışıb, 2017-ci ildə İtaliyada ilk dəfə Azərbaycan film festivalının keçirildiyini diqqətə çatdırıb. Diplomat bu kimi mədəni tədbirlərin xalqlarımızı bir-birinə daha sıx bağladığını bildirib.

İtaliya Parlamentində Azərbaycanla dostluq qrupunun sədri, deputat Rossana Boldi mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətindən danışıb. O, festivalda nümayiş etdiriləcək filmlərin italyanların Azərbaycanı daha yaxından tanımasına xidmət edəcəyini deyib.

Roma Meriyasının mədəni fəaliyyətə məsul qurumu olan “Zetema”nın nümayəndəsi Patrizia Bracci 2017-ci ildə uğurla keçirilmiş festivaldan bəhs edərək ikinci festivalın da uğurla keçəcəyinə əminliyini bildirib.

Festivalın rəsmi açılışından sonra Azərbaycan kinematoqrafiyasının incilərindən olan “Arşın mal alanfilmi (1945) nümayiş olunub.

Festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olanSon iclas” bədii-sənədli filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən əvvəl səfir Məmməd Əhmədzadə, Romanın Sapienza Universitetinin dosenti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə bir sıra kitabların, o cümlədən ötən ay təqdim olunmuş “Azərbaycanın beynəlxalq tarixi (1919-1920)” adlı kitabın müəllifi Danile Pommier Vinçelli və universitetin professoru, türkoloq Fabio Qrassi çıxış ediblər.

Həmin gün daha sonra rejissor İlqar Nəcəfin “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən “Nar bağı” filmi nümayiş etdirilib.

Festivalın sonuncu günündə tamaşaçılar “Üçüncü günün adamı” bədii filminə (quruluşçu rejissoru Babək Şirinsifət) baxıblar. Festival Xalq yazıçısı Anarın romanı əsasında ekranlaşdırılmış, quruluşçu rejissoru Rasim Ocaqov olan “Təhminə” filminin nümayişi ilə yekunlaşıb.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub, qəzet, xəbər agentlikləri və portallarda tədbirlə bağlı yazılar dərc olunub. Festivalın Roma şəhərinin məşhur yay axşamları təqviminə daxil edilməsi, filmlərin açıq səma altında nümayiş etdirilməsi və ictimaiyyətə açıq olması şəhər sakinlərinin və turistlərin diqqətini xüsusilə cəlb edib.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.8.