Nazir Balakəndə mədəniyyət
müəssisələrinin fəaliyyəti ilə
tanış olub
Mədəniyyət naziri Əbülfəs Qarayev iyunun 21-də Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərini dinlədikdən sonra mətbuata açıqlama verib.
Əbülfəs Qarayev vətəndaşlarla hər ay keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, musiqi, incəsənət məktəblərinin fəaliyyətinin daha da gücləndirilməsi, həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Nazir deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin yerində həll olunmasına və mədəniyyət sahəsində həyata keçirilən islahatların daha sürətlə aparılmasına şərait yaradır.
Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamına toxunan nazir bildirib ki, bu sərəncam mədəniyyət sahəsində çalışan 40 min nəfərdən çox vətəndaşı əhatə edəcək. Bu, vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması sahəsində dövlət tərəfindən atılan daha bir uğurlu addımdır.
***
Əbülfəs Qarayev Balakənə səfəri zamanı rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.
İlk olaraq Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanış olan nazirə məlumat verilib ki, muzeyin ekspozisiyasında qədim dövrdən müasir günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini əks etdirən 1400 eksponat və 500-ə yaxın elmi-köməkçi material nümayiş olunur.
Balakən şəhərində Uşaq incəsənət məktəbinin yeni inşa edilən binasına baş çəkən nazir görülən işlərlə tanış olub.
Nazir daha sonra Balakən şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, MKS rayon Mərkəzi Kitabxanası, bir şəhər və 16 kitabxana filialını özündə birləşdirir.
Əbülfəs Qarayev mədəniyyət
müəssisələrinin fəaliyyətinin daha
da gücləndirilməsi barədə
tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət.- 2019.- 26 iyun.-
S.4.