“Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr”

 

 

 

Gədəbəydə elmi konfrans təşkil edilib

 

Milli mədəniyyətimizin ən qədim sahələrindən olan aşıq sənəti dünya mədəni irsinin incilərindəndir. 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən aşıq sənətimizin təbliği və tədqiqi xüsusi aktuallıq kəsb edir.

İyunun 21-də Gədəbəydə Aşıq musiqisi məktəbinin ilk məzun günü tədbiri çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” mövzusunda elmi konfrans təşkil olunub.

Konfransda məktəbin müəllim və şagird heyəti, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hafiz Kərimov, MEMİM-in direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşları iştirak ediblər.

Çıxış zamanı qeyd olunub ki, aşıq sənəti tarixən Azərbaycanın Qazax, Kəlbəcər, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapıb. Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür. Ustad-şagird ənənəsi tarixi mənzərəsini dəyişdiyindən çox sayda dastanhavacat yükünə malik olan gənc aşıqların yetişdirilməsi xeyli dərəcədə çətinləşsə də, bunun öhdəsindən gəlməliyik.

Tədbirin sonunda Aşıq musiqisi məktəbinin ilk məzunlarının çıxışlarından ibarət konsert təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.4.