Alim ömrünün bəhrələri

 

 

 

Yazıçı, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, mətbuat tariximizin tədqiqatçısı, professor Nazim Axundov ömrünün böyük bir hissəsini ədəbi-mədəni yaddaşımızın öyrənilməsinə həsr edib. Tanınmış alimin bu il anadan olmasının 95 illiyi tamam olur.

Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. 1937-ci ildə Bakı Xalq Maarif Şöbəsinin pedaqoji məktəbinə qəbul olunur. 1940-cı ildə təhsilini bitirdikdən sonra Tərtər rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayır. Eyni zamanda indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində qiyabi ali təhsil alır. Sonra bu ali məktəbin aspiranturasını da bitirir və “Molla Nəsrəddin” jurnalı tarixinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edir.

Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından sayılan Nazim Axundov tutarlı fakt və dəlillərlə “Molla Nəsrəddin” jurnalının bir sıra Yaxın Şərq ölkələrində geniş yayılmasında və böyük nüfuz qazanmasında vacib amil kimi rəsmlərin, karikaturaların mühüm rol oynadığını əsaslandırır. Görkəmli ədəbiyyatşünas, professor Kamran Məmmədov yazır: “Nazim öz elmi əsərində “Molla Nəsrəddin” jurnalını ətraflı tədqiq etmişdir. O, jurnalın ideallarına görə rusdünya klassik ədəbiyyatı ilə, Nizami, Füzuli, Mirzə Fətəli kimi böyük simalarla yaxın olduğunu dəlil və sübutlarla göstərmişdir”.

Ömrünü elmi axtarışlarda, arxivlərdə keçirən N.Axundov ilk monoqrafiyasını 1959-cu ildə çap etdirir. “Molla Nəsrəddin” jurnalının nəşr tarixinə həsr olunan bu qiymətli elmi əsər 40 min tirajla çap edilir. Sonrakı illərdə də alimin “Azərbaycanda dövri mətbuat”, “Azərbaycan satira jurnalları”, “Azərbaycan mətbuatının ilki (“Əkinçi” – 100)”, “Azərbaycan dövri mətbuatı (biblioqrafiya)”, “Hümmət” qəzetinin izahlı biblioqrafiyası”, “Sənədlərin dili ilə” və s. kitabları mətbuat tariximizin öyrənilməsində və ətraflı tədqiqində böyük əhəmiyyət kəsb edir.

N.Axundovun tədqiqatlarında böyük söz ustadı, Xalıq şairi Səməd Vurğunun həyat və yaradıcılığı da yer alıb. O, S.Vurğunun altıcildlik akademik nəşrinə izahbiblioqrafik göstərici yazıb. Alimin elmi-ədəbi fəaliyyətinin nəticəsi olanNizaminin epoxası”, “Mirzə Fətəli Axundov”, “Mirzə Ələkbər Sabir”, “Məmməd Səid Ordubadi”, “Cəfər Cabbarlı” kimi sanballı əsərləri, bir çox biblioqrafik kitabları Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən dəyərli nümunələrdir.

Azərbaycanın görkəmli ədib və ədəbiyyatşünas alimləri N.Axundovla bağlı maraqlı fikirlər söyləyiblər. Mirzə İbrahimov, Mir Cəlal, Ziyəddin Göyüşov, Cəfər Xəndan və başqaları onun yaradıcılığını yüksək qiymətləndiriblər.

Tədqiqatçının 1991-ci ildə “Qarabağnamələr” adlı kitabı işıq üzü görür. Ancaq kitabın nəşrindən bir il sonra Şuşa şəhəri işğala məruz qalır. O, ömrünün müdrik çağlarında doğma yurd itkisindən çox təsirlənir. Daxili aləmi çox zəngin olan, əsl ziyalı ömürü sürən Nazim Axundov 10 mart 1994-cü ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.7.