“Şərq təzkirəçilik tarixindən”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Şərq təzkirəçilik tarixindən” adlı dərs vəsaiti çapdan çıxıb.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə ithaf edilən kitabın elmi redaktoru Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov, ixtisas redaktoru BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılovdur.
Kitabda Şərq təzkirəçilik tarixinin bir çox önəmli məqamları təhlil edilir, nümunələr müstəvisində təzkirələrin elmi-ədəbi xüsusiyyətləri nəzərdən keçirilir. B.M.Ovfinin “Lübab ül-əlbab”, Ş.Ə.X.Tərazinin “Fünun ül-bəlağə”, D.Səmərqəndi və onun “Təzkirət üş-şüəra”, Ə.Cami və onun iki təzkirəsi: “Nəfahət ül-üns” və “Baharıstan” və Ə.Nəvainin “Məcalis ün-nəfais” və “Nəsaim ül-məhəbbət” təzkirələrindən, onların ideya-məzmun xüsusiyyətlərindən, elmi-nəzəri dəyərlərindən bəhs edilir.
Adları çəkilən qədim təzkirələrdə Azərbaycan klassikləri haqqında ilkin mənbələr tərcümə edilərək tədqiqata cəlb edilib.
Əsrlər boyunca təzkirə
ədəbi janr kimi tarixi inkişaf yolu keçərək təkmilləşib, bu sahədə mükəmməl əsərlər
ortaya qoyulub. Təzkirələrin mövzusu,
məzmunu görkəmli insanların, xüsusən şair, yazıçı, alim,
övliya, elm-hikmət sahiblərinin, rəssamların,
nəqqaşların, xəttatların, bir
sözlə, yaradıcı şəxsiyyətlərin həyat
və yaradıcılığı haqqında məlumat-qeydlərdən,
bir çox hallarda əsərlərindən nümunələrdən
ibarətdir.
Mədəniyyət.- 2019.- 28 iyun.-
S.7.