Mexikoda keçirilən festivalda mədəniyyət və mətbəximiz
təqdim olunub
Meksikanın paytaxtı Mexikoda keçirilmiş ənənəvi “Dost mədəniyyətləri festivalı”nda (Feria de Las Culturas Amigas) bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, ənənələri, milli mətbəxi, rəqsləri təqdim olunub.
Festivalın təntənəli açılış mərasiminə şəhərin meri Klaudiya Şeynbaum, digər rəsmilər, diplomatik korpus təmsilçiləri qatılıb. Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov mərasimdə iştirak edib.
2009-cu ildən başlayaraq Mexiko şəhəri hökumətinin təşkilatçılığı ilə həmrəylik və müxtəliflik şüarı altında keçirilən festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Ənənəvi festival Meksikanın müxtəlif regionlarından, həmçinin xaricdən turistləri cəlb edir. İki həftədən artıq davam etmiş festivalın rekord sayda – 4 milyondan çox ziyarətçisi olub, tədbirə 90-dək ölkə qatılıb.
Ölkəmiz festivalın həm mədəniyyət, həm də milli mətbəxlərə aid hissəsində təmsil olunub, həmçinin meksikalılardan ibarət “İpək Yolu” rəqs qrupu tərəfindən festivalın mərkəzi konsert zalında Azərbaycan milli rəqsləri nümayiş etdirilib.
Festivalın qonaqlarına ölkəmizin tarixi, Azərbaycan Xalq Cümhuriyyəti, mədəniyyətimiz ilə bağlı məlumat verilib, kitabça və broşürlar paylanılıb, milli mətbəximizin ləziz təamları təqdim olunub.
Festivalın qonaqları Azərbaycan stendinə
böyük maraq
göstərib, ölkəmizin stendi yerli televiziya
kanallarında göstərilib, sosial şəbəkələrdə
milli mətbəximiz və mədəniyyətimiz
barədə müsbət paylaşımlar edilib.
Mədəniyyət.- 2019.- 28 iyun.-
S.8.