Görkəmli türkoloq
Fərhad Zeynalov anılıb
İyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan türkologiyasının bayraqdarı - Fərhad Zeynalov” adlı seminar keçirilib. “Türkologiya” jurnalının təşkil etdiyi seminar görkəmli türkoloq alimin anadan olmasının 90 illiyinə həsr edilib.
Tədbiri giriş sözü ilə açan akademik Kamal Abdulla bildirib ki, Fərhad Zeynalov Azərbaycanda türkoloji araşdırmaların canlanmasında, ölkəmizin SSRİ məkanında türkoloji mərkəzə çevrilməsində mühüm rol oynayıb, elmi fəaliyyətləri ilə “Türkologiya” jurnalının məhz Bakıda çap edilməsinə zəmin yaradıb. Akademik həmçinin qeyd edib ki, bu seminar jurnalın görkəmli alimlərimizin yubileyinə həsr edilmiş ilk tədbiridir, növbəti seminarlar digər tanınmış alimlərimizin elmi irsinin müzakirəsinə həsr ediləcək.
Daha sonra çıxış edən F.Zeynalovun tələbəsi, Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq alim kimi yetişməsində böyük əməyi olan müəllimini xoş xatirələrlə anıb. Qeyd edib ki, F.Zeynalov türkoloji araşdırmalara imkan verilmədiyi bir dövrdə Türkologiya kafedrasını qurmaqla, tədqiqatlara böyük əmək sərf etməklə, bu sahəyə gənc tədqiqatçıları cəlb etməklə Azərbaycan türkologiyasına misilsiz töhfələr verib.
Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Aydın Ələkbərov, Rüfət Rüstəmov, Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli, Roza Eyvazova və başqaları çıxış edərək F.Zeynalovun Azərbaycan türkologiyasının inkişafında xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.
Alimin oğlu Vüqar Zeynallı tədbirin təşkilinə görə jurnalın baş redaktoru akademik Kamal Abdullaya, çıxış edənlərə və seminar iştirakçılarına dərin minnətdarlığını bildirib.
S.QALİBOĞLU
Mədəniyyət.- 2019.- 28 iyun.-
S.4.