Bu səhnə,
bu da biz…
Moskvada teatr təhsili
alan gənclərimiz
bacarıqlarını göstərdilər
Xəbər verdiyimiz kimi, Moskvadakı B.Şukin adına Teatr
İnstitutunda təhsil
alan azərbaycanlı
tələbələr iyunun
24-dən 27-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənət hesabatı kimi tamaşalar təqdim ediblər. Azərbaycanlı tələbələr
“Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına Dövlət
Akademik Teatrının
nəzdində B.Şukin
adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə
əsasən, 2016-cı ildən
bu institutda aktyor və rejissorluq ixtisası üzrə təhsil alırlar.
Artıq 3-cü kursu başa vuran azərbaycanlı qrup keçən zaman müddətində oxuyub-öyrəndiklərini Bakı
səhnəsində tamaşaçılara
nümayiş etdirdi.
İyunun 25-də tələbələrin təqdimatında
alman dramaturqu Bertold Brextin “Qafqaz tabaşir dairəsi” əsəri əsasında hazırlanmış
tamaşa nümayiş
olundu. 1945-ci ildə
qələmə alınan
əsərdə hadisələr
Gürcüstanda II Dünya
müharibəsinin hələ
də bitmədiyi vaxtda cərəyan edir. Mövzusu isə Tövratdakı
bir rəvayətlə
oxşardır.
Kənddə körpə ikən anasından ayrı düşmüş bir oğlan uşağının
anasını təyin
etmək üçün
tabaşirdən dairə
çəkirlər. Uşağı isə həmin dairəyə yerləşdirirlər.
Qadınlara göstəriş verilir ki, hər
biri öz növbəsində uşağın
qolundan dartsın.
Beləliklə, qadınlar uşağın
qolunu dartışdırmağa
başlayırlar. Onlardan biri
oğlana zərər
yetirməmək üçün
uşağın əlini
buraxır. Bu hal ikinci dəfə
də təkrar olunur. O zaman məlum olur ki, uşağın əsl anası həmin qadındır və uşağı ona verirlər.
Tələbə aktyorların ifasında təqdim olunan tamaşa maraqla qarşılanıb.
***
İyunun
26-da nümayiş olunan
konsert-tamaşada da tələbələr səhnə
bacarıqları ilə
onlara bəslənən
ümidlərin əbəs
olmadığını, bu
üç il
ərzində çəkilən
zəhmətin hədər
getmədiyini isbat etdilər.
Ayrı-ayrı tamaşa və
musiqi parçaları
13 nəfərlik qrupun
(Anna Avqustinova, Bəhruz
Əliyev, Mikayıl Əliyev, Ramail Bayramlı, Abdulla İsmayılov,
Anna Luçenko, Nərminə
Məmmədova, Fidan Məmmədova, Vüsal Mehrəliyev, Ruslan Pavlov, Telman Süleymanov, Nail Şıxkərimov, Kamilə
Ələskərova) sinif
konserti idi.
Konserti idarə edən kurs rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi,
professor Mixail Borisov ikihissəli proqramın anonsunu edərkən tədris prosesi, tələbələrlə iş,
ötən zaman ərzində əldə olunan irəliləyişlər
haqqında da məlumat verdi. Onu da əlavə etdi ki, bu
zaman müddətində
müasir aktyordan tələb olunan bütün keyfiyyətlər
– düzgün diksiyadan
vokal vərdişlərinə,
xoreoqrafiyadan pantomimayadək
incəliklər sistemli
şəkildə öyrədilib.
Beləliklə, pərdə açıldı
və şux görkəmli qrup yüksək dinamika ilə proloq etdi. Koul Porterin “Yenə
premyera” mahnısı
ilə.
Sonra tələbə
Abdulla İsmayılov “Bakı
bağlarında kabab bişirir” etüdü ilə bizlərə pantomima bacarığını
göstərdi. Kabab bişirmə prosesinin
incə detallarını
komik çalarlarla təqdim etməsi alqışlarla müşayiət
olundu.
Növbəti səhnəcik A.Ostrovskinin
“Kölə qadınlar”
komediyasından parça
idi ki, Anna Avqustinova ilə Bəhruz Əliyev bu qeyri-standart münasibətlər komediyasının
onlar üçün
təyin olunmuş hissəsini tam ifadə etdilər.
Özlüyündə rəngarəng, həm də tələbələrin
müxtəlif rakurslardan
baxışına hesablanmış
proqramın növbəti
nömrəsi Azərbaycanın
xalq mahnısı “Sarı gəlin” oldu. Mahnını Ramail Bayramlının
solo ifasında tam fərqli
bir versiyada dinlədik. Fortepianonun müşayiətində nağarada ifa, xüsusən sonluqdakı
muğam boğazları
ifaçını sürəkli
alqışlara qərq
etdi.
Məşhur pedaqoqların tədris etdiyi bədii mətn oxunuşunu isə N.Dumbadzenin “Kukaraça”sından Abdulla İsmayılov
təqdim etdi.
Ardınca səhnə Bəhruz Əliyev, Ramail Bayramlı və Telman Süleymanov üçlüyünə verildi. Onların müstəqil
tələbə işləri
“Döyüşçülər” adlanırdı. 7 dəqiqə
ərzində bir-birindən
xəbərsiz mənzilə
soxulan iki oğru və onların döyüşünü
əks etdirən hissədə ev
sahibini oyandırmadan qurulan oyun həm
komik detalları, həm də aktyorların akrobatik bacarıqları ilə yadda qaldı.
Konsertin ən yaddaqalan nömrələrindən biri
mətnsiz oynanılan
“Evdən gələn
bağlama” oldu.
Rusiyada,
soyuq Moskvada tələbə həyatı
yaşayan Abdulla İsmayılov
yataqxana komendantından
aldığı yeşiyi
acgözlüklə açaraq
gah ordan çıxan kompotdan içir, gah mürəbbədən yeyir,
gah da yuxadan
bir diş alıb çeynəmədən
udurdu. Bir neçə dəqiqədə
bütün yeməli
olan ərzaqları bitirəndən sonra üşüyən ayaqlarını
qutudan çıxan toxunma corabla isidir və sonuncu paketi açır. Budur, pulcuqlu
qırmızı ətək
və qırmızı
hündürdaban qadın
ayaqqabısı. Vay, bu ki qrup yoldaşı,
bakılı tələbə
dostuna gələn bağlama imiş. Bu səhnəcik və
real aktyor oyunu zalı qəhqəhəyə
boğdu.
Qeyd edim ki, tələbələrimizin
müstəqil iş başlığı altında
təqdim etdikləri nömrələr xüsusilə
maraqlı və peşəkar alınmışdı.
Təbii
ki, bu da
əksər ifaçıların
Moskvaya oxumağa getməzdən öncə
incəsənət, aktyor
təhsili almaları ilə əlaqəli idi. Digər tərəfdən bu həm də
onların mürəkkəb
müstəqil işlər
seçməklə müəllimlərindən
daha çox öyrənmək cəhdlərinin
göstəricisidir ki,
bu da alqışlanmalıdır.
Xüsusən də, F.Dostoyevskinin
“Şeytanlar” romanından
Bəhruz və Mikayıl Əliyevlərin
mürəkkəb hal-vəziyyətləri
əks etdirən dialoqu qeyd olunmalıdır.
10 dəqiqəlik hissədə insan ilə şeytan, doğru ilə yalan, yaxşı ilə pis, paklıqla
çirkab arasında
çapalayan qəhrəmanların
yaşantılarını izlədik.
Proqramın 2-ci hissəsi də dolğunluğu ilə diqqət çəkdi. Xarakter etibarilə
mürəkkəb və
tələbədən bütün
bədən və ifa maneralarından səmərəli, həm
də çərçivələrlə
ifa tələb edən nömrələr
arasında A.Ostrovskinin
“Gəlirli yer” pyesindən Polina (A.Luçenko) və Jadovun (T.Süleymanov) səhnəsi müəllifin
sosial münasibətlər
kontekstindəki yanaşmasının
bacarıqla ifadəsi
idi.
“Taksi dayanacağında” adlı ritmika nömrəsində isə
A.Avqustinova, R.Bayramlı
və T.Süleymanovun
həm bədən dillərində “danışmaq”
bacarıqlarını, həm
musiqini, ritmi hissetmə həssaslıqlarını
və komik hal-vəziyyəti ifa maneralarını gördük.
F.Q.Lorkanın şeirlərindən kompozisiyanı
Bəhruz Əliyevin ifasında dinləyən tamaşaçıların susmayan
alqışları gənc
aktyoru yenidən səhnəyə qaytardı. Beləcə, konsertin əvvəlində
kurs rəhbərinin “bu gənc tələbələrin
sizin alqışlarınıza
hər şeydən çox ehtiyacları var” sözləri həqiqi ünvanına çatdı.
A.Volodinin “Böyük bacı” pyesindən parça isə Vüsal Mehrəliyevin peşəkar
aktyor, Anna Avqustinova və Anna Luçenkonun mükəmməl səhnə
danışığı texnikası
və Abdulla İsmayılovun
psixodramatik vəziyyətlərdə
tragikomik aktyor ştrixlərindən yerində
istifadəsini göstərdi.
Tələbələr rus xalq rəqsi, solo ifalar, yenidən caz rəqsi, eləcə də “Məktəbli”, “Şukin məktəbinin yeni xadiməsi”, “Vağzal meydanındakı bakılı
taksi sürücüsü”,
“Mağaza ziyarətçisi”
nömrələri ilə
bir neçə dəqiqədə haldan-hala
düşüb müxtəlif
qəhrəmanların komik,
dramatik, tragikomik vəziyyətlərini tamaşaçıya
nümayiş etdirdilər.
Nə demək
olar, səhnə sizi gözləyir, əziz həmyerlilər. İnanırıq
ki, düz bir ildən sonra sizləri müxtəlif teatrların
səhnəsindən görüb
yenidən bax belə eşqlə alqışlayacağıq...
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 28 iyun.-
S.4.