“Tarixə və ənənəyə toxunuş”
Xalça Muzeyində görmə qabiliyyəti
məhdud insanlara sertifikatlar
verilib
Fevralın
28-də Azərbaycan Xalça Muzeyində görmə qabiliyyəti
məhdud olan insanlar üçün nəzərdə tutulan
“Tarixə və ənənəyə toxunuş” sərgisinə
yekun vurulub.
Fevralın 1-də açılan və bir ay davam edən sərgi çərçivəsində muzeyin əməkdaşları tərəfindən görmə qabiliyyəti məhdud olan insanlar üçün xovsuz xalçaların toxunması üzrə ustad dərsləri keçirilib. Dərslərin iştirakçılarına sertifikatlar verilib.
Qeyd edək ki, ölkəmizdə ilk sosial layihə olan sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə reallaşıb. Layihə “ASAN Radio”, “ASAN” Könüllülük Məktəbi və Britaniya Şurasının (British Council”) dəstəyi ilə təşkil olunub.
Sərgidə Türkiyənin “GEA Arama Xilasetmə Ekoloji və İnsani Yardım” ictimai təşkilatının səyyar sərgisi – dünya muzeylərinin məşhur eksponatlarının surətləri (gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri), həmçinin Xalça Muzeyinin toxucuları tərəfindən xüsusi olaraq sərgi üçün hazırlanan xalça nümunələri nümayiş olunub.
Hər bir xalça növünün toxunuş
müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil
(toxunma) üsulla duya bilir. Bundan
əlavə, bütün eksponatlara
xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar də əlavə olunmuşdu.
Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim edilib.
Mədəniyyət.- 2019.- 1 mart.-
S.3.