Səhnəmizə xoş
gəldin, “Balaca şahzadə”!
Dünya ədəbiyyatının məşhur
əsəri Azərbaycan Dövlət Musiqili
Teatrında tamaşaya qoyulub
Fevralın 28-də Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” nağıl-povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası baş tutdu. Ötən mövsümdən bəri gözlədiyimiz tamaşa Azərbaycan dilində səslənən ilk müzikl olaraq da milli teatr tarixinə düşəcək...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.
Tamaşanı izləyənlər arasında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, digər rəsmilər, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri vardı.
Nağılı yazıçı-publisist İlqar Fəhmi səhnələşdirib, musiqinin müəllifi isə hazırda ABŞ-da yaşayan soydaşımız, beynəlxalq müsabiqələr laureatı bəstəkar-ifaçı Ruslan Ağababayevdir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları Bakı Media Mərkəzinə məxsusdur.
Bu səhnə əsəri həm də teatrın beynəlxalq layihəsi sayıla bilər. Tamaşanın plastik həlli üçün Rusiyanın Əməkdar incəsənətə xadimi, tanınmış baletmeyster Sergey Qlitsay teatra dəvət edilib.
Tamaşa elə əsərin əsas mövzusuna tam uyğun gələn bir tərtibatda nümayiş olundu. Balaca Şahzadəni müxtəlif planetlərə səfərə göndərən müəllifin söhbət kimi təqdim etdiyi əhvalatlar teatrın səhnəsində çox aydın şəkildə və maraqlı tərzdə təqdim edildi. Səhnənin arxa divarında quraşdırılan monitorlar baş verən hadisələrin fonu kimi animasiya nümayişindən istifadə edilmişdi.
Bakı Media Mərkəzi tərəfindən hazırlanmış video quraşdırmalar, aktyorların, balet artistlərinin monitorlarda nümayiş olunan animasiyaları öz ifaları ilə tamamlamaları, canlı oyun ilə ekrandakı hadisələrin uğurlu sintezi də tamaşaçıların marağına səbəb oldu.
Balaca şahzadə teatr kollektivinin böyük zəhməti sayəsində başa gələn tamaşadır. Bu səhnə əsərinin baxımlı və maraqlı olmasında aktyorlar, tamaşanın quruluşçu rejissoru, səhnələşdirmə və musiqisinin müəllifləri ilə yanaşı, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssam Məryəm Ələkbərlinin də əziyyəti az deyil.
İkihissəli tamaşada baş qəhrəman rolunda – teatrın azyaşlı aktyoru, adı ölkənin gənc istedadlarının “Qızıl kitabı”na düşmüş, Prezident təqaüdçüsü Atilla Məmmədov çıxış edirdi. Tamaşada əməkdar artistlər Ələkbər Əliyev (Kral) və Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş), Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus) və İbrahim Əlizadə (Ora-bura) də məşğuldur.
Maraqla keçən tamaşa sürəkli alqışlarla qarşılandı. Musiqili teatrın artıq formalaşmış ənənəsinə görə, premyeraya şəhid ailələrinin nümayəndələri də dəvət edilmişdi.
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 1 mart.-
S.1;2.