Peru xoreoqrafiya sahəsində Azərbaycan təcrübəsindən yararlanmaq istəyir

 

 

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yarandığı gündən müxtəlif xarici ölkələrin təhsil və sənət müəssisələri ilə əlaqələr qurub.

Son üç ildə iki beynəlxalq müsabiqə təşkil edilib, akademiyada 17 dünya şöhrətli rəqqas  ustad dərsləri keçib, dünyanın aparıcı xoreoqrafiya profilli müəssisələri ilə 12 saziş imzalanıb, 10-dan çox xarici tələbənin təhsil aldığı BXA Avropa İncəsənət İnstitutları Liqasının daimi üzvü seçilib. Bütün bunlar ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin də diqqətini cəlb edib. Akademiyanı bir neçə xarici ölkə diplomatı ziyarət edib, əməkdaşlıq münasibətləri qurulub.

Fevralın 27-də Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Peru Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

Görüş zamanı professor T.Əfəndiyev Azərbaycanın mədəniyyət və incəsənət tarixindən, qədim ənənələrimizdən, müasir sənət prosesindən, eyni zamanda xoreoqrafiya sənətinin tarixi və nailiyyətləri barədə səfirə məlumat verib,  akademiyada elm, tədris və yaradıcılıq fəaliyyəti haqqında danışıb.

Xanım səfir Azərbaycan rəqs sənətinin, Azərbaycan milli baletinin vurğunu olduğunu qeyd edərək, görüşdə aldığı məlumat və təəssüratdan məmnun olduğunu bildirib. Peruda klassik rəqs ənənələrinin geniş vüsət almadığını deyən diplomat Azərbaycan təcrübəsindən yararlanmağa hazır olduqlarını və müvafiq addımların atılacağını vurğulayıb. Bu xüsusda Perunun müvafiq təhsil və sənət ocaqları ilə beynəlxalq sazişlərin bağlanması, Peru gənclərinin Bakı Xoreoqrafiya Akademiyasında bakalavrmagistr təhsili alması, akademiyanın təcrübəli müəllimlərinin Perunun ali sənət təhsili müəssisələrində ustad dərslərinin təşkili kimi məsələlər qeyd olunub.

Sonda professor T.Əfəndiyev Peru Respublikasının diplomatik nümayəndələrini 2019-cu ildə akademiyanın 90 illik yubileyi ilə əlaqədar həyata keçiriləcək tədbirlərə, nümayiş etdiriləcək rəqs və balet tamaşalarına dəvət edib.

 

 Mədəniyyət.- 2019.- 1 mart.- S.4.