Mədəniyyət naziri Şarca Əmirliyinin nümayəndə heyəti ilə görüşüb

 

 

Şarca şəhərində “Dünya kitab paytaxtı” ili tədbirlərində və Bakıda İslam Əməkdaşlıq Təşkilatının “Mədəniyyət həftəsi”ndə qarşılıqlı iştirak barədə söhbət aparılıb

Mədəniyyət naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin Şarca Əmirliyinin Hökumət Əlaqələri üzrə İdarəsinin sədri Şeyx Fahim bin Sultan Əl Qasiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mədəniyyət sahəsində əlaqələr, bu sahədə Şarca Əmirliyi ilə qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirlərindən bəhs edərək 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun – 10 iyul tarixlərində paytaxtımızda təşkil olunacaq UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq işlərinin görüldüyünü bildirib.

Nazir, həmçinin yaradıcı sənayelər sahəsində həyata keçirilən və planlaşdırılan fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib.

Şeyx Fahim bin Sultan Əl Qasimi səfərin məqsədinin Azərbaycanla Şarca Əmirliyi arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olduğunu vurğulayıb. O, Şarca şəhərinin 2019-cu il üçün UNESCO-nunDünya kitab paytaxtı” elan olunduğunu diqqətə çatdıraraq bununla əlaqədar şəhərdə təşkil olunacaq kitab sərgisi və irs günlərində ölkəmizi yüksək səviyyədə iştirak etməyə dəvət edib.

Əbülfəs Qarayev təklifi yüksək qiymətləndirdiyini və sözügedən tədbirlərdə iştirak məsələsinin nəzərdən keçiriləcəyini bildirib. Nazir, həmçinin bu ilin payız aylarında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının “Mədəniyyət həftəsi”nin keçiriləcəyini qeyd edərək qarşı tərəfi tədbirdə iştiraka dəvət edib.

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.3.