Kinorejissor Tofiq Tağızadənin “Yaradıcılıq otağı”nın açılışı keçirildi

 

 

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. Ötən il kinorejissor Rasim Ocaqovun 85 illiyi münasibətilə “Yaradıcılıq otağı”nın açılışı olmuşdu.

Martın 14-də görkəmli rejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın “Yaradıcılıq otağı”nın açılışı oldu.

Mərasimdə çıxış edən “Azərbaycanfilm”in direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirdi ki, kinostudiyanın hər bir otağı, sənət və yaradıcılıq məkanı kino tariximizi özündə yaşadan xatirədir: “Buna görə də burada çalışmış unudulmaz, korifey kino xadimlərimizin xatirəsini əbədiləşdirmək qərarına gəldik. Onlar Azərbaycan kinosunda xüsusi xidmətləri olan insanlardır və biz bu ənənəni davam etdirəcəyik”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova layihənin təşəbbüskarlarına minnətdarlığını ifadə etdi. Vurğuladı ki, bu işin ənənəyə çevrilməsi, korifey ustadların çalışdığı otaqların bərpa olunması gələcək üçün tarixdir. Bu gün kinostudiyanın dəhlizlərində böyük sənətkarların ruhu dolaşır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşdü: “Mən onunla birlikdə uzun müddət çalışmışam. Onun çox yüksək insani keyfiyyətləri mənim üçün daha vacib məktəb oldu. O, təbiətən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi. Ustadım hər zaman məğrur və iradəli idi”.

T.Tağızadənin rejissoru olduğuYeddi oğul istərəm” filminin aktyorları – xalq artistləri Əbdül Mahmudov, Ənvər Həsənov və Rafiq Əzimov çıxışları zamanı vurğuladılar ki, böyük sənətkarlar öz yaradıcılıqları ilə özlərinə əbədi heykəl qoyurlar. T.Tağızadə filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan rejissorlardandır.

Aktyorlar ölkə rəhbərliyi tərəfindən son günlərdə kino sahəsinə ayrılan diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. Bildirildi ki, ənənələri olan Azərbaycan kinosu daim yaşayacaqbu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsillər tərəfindən davam etdiriləcək.

Qeyd olundu ki, T.Tağızadənin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir. Yaşlı nəsil aktyorlar bu tədbirlərdə iştirak edərək məktəblilər, tamaşaçılar qarşısında rejissorla bağlı xatirələrini bölüşür, vaxtilə onları nəinki Azərbaycana, dünyanın bir çox ölkələrinə tanıdan sənətkarın ruhu qarşısında vəfa borclarını yerinə yetirirlər.

Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov da rejissorla birgə çalışdığı filmlərdən söz açdı.

Rejissor Vahid Mustafayev “Yaradıcılıq otağı”nı təqdir edərək dedi ki, T.Tağızadə yapon rejissor Kurosavadan sonra dünyada yeddilik haqqında film çəkən üçüncü rejissordur. O, həmçinin “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq çərçivəsində Tofiq Tağızadənin filmlərinin bərpası üzərində çalışdıqlarını diqqətə çatdırdı. Rejissorun 1960-cı ildə lentə aldığı “Matteo Falkone” qısametrajlı filmi bərpa olunub.

Tədbirin sonunda T.Tağızadənin ailəsi adından Əməkdar artist Firdovsi Atakişiyev çıxış edərək rejissorun xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərdiyi diqqətə görə kinostudiyanın rəhbərliyinə təşəkkür etdi. O, ailə arxivindən dahi bəstəkar Qara Qarayevin vaxtilə “Uzaq sahillərdə” filmi üçün bəstələdiyi “Bakı haqqında mahnı”nın notunun əlyazmasını “Yaradıcılıq otağı”na bağışladı.

T.Tağızadə 40 ildən artıq müddət ərzində Azərbaycan kinosunun inkişafına mühüm töhfələr verib. 1955-ci ildə çəkdiyi “Görüş” bədii filmi rejissora şöhrət gətirib. Rejissor kino salnaməmizə “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salamkimi filmlər bəxş edib.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.1-2.