Böyük qayıdışın ilk ünvanı...

 

 

Cocuq Mərcanlıdan bahar ovqatlı təəssürat

 

Bura Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Bakıdan təxminən 300 kilometrlik bir məsafədə yerləşir. Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş hələlik yeganə yaşayış məntəqəsidir. Kənd sakinləri təhlükəsiz şəraitdə, adi günlərini yaşayır. Burada tez-tez tədbirlər keçirilir, müxtəlif təşkilatlardan insanlar kəndə baş çəkir, sakinlərin qayğıları ilə maraqlanırlar. Kənddə olduğumuz üç gün ərzində bunun əyani şahidinə çevrildik.

Bu torpaqlara da vaxtilə düşmən ayağı dəymişdi. Kənd sakinləri evlərini tərk etmiş, işğal zamanı Cocuq Mərcanlı tamamilə dağıdılmışdı. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edildi. Lakin işğalçı qüvvələrin strateji yüksəkliklərdə qərar tutması kənd sakinlərinin doğma ocaqlarına qayıtmağına imkan vermirdi.

2016-cı ilin aprelində Azərbaycan Ordusu işğalçı qoşunların təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı.

Dördgünlük Aprel döyüşlərində qəhrəman hərbçilərimizin şücaəti ilə işğaldakı torpaqlarımızın bir hissəsi, o cümlədən mühüm strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Yurd nisgili ilə qovrulan kənd sakinlərinin doğma ocağına ümid yolu göründü...

 

Kənddə yaşayış üçün bütün şərait yaradılıb

 

Ötən müddətdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Cocuq Mərcanlı kəndinin bərpası, ərazidə minadan təmizləmə və tikinti işləri həyata keçirilib. Bundan sonra kənddə həyat öz axarına dönüb.

Onu da qeyd edək ki, kənd düşmən mövqelərindən heçuzaq məsafədə yerləşmir. Ordumuza arxalanan sakinlərin öz doğma el-obasında yaşamaq üçün düşməndən çəkinməyə səbəbləri yoxdur. Hazırda 150 evdən ibarət olan kənddə bütün lazımi şərait yaradılıb. Məktəb, məscid, elektrik yarımstansiyası, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi tikilib. Sakinlərin istirahəti də nəzərə alınaraq “Qayıdış” parkı inşa edilib. Kənddə tikilən evlər 2, 3 və 4 otaqlıdır və bütün kommunikasiya vasitələri ilə təmin olunub. Uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

 

Novruz büsatı

 

Kənd sakinləri artıq ikinci Novruzu doğma yurdda qarşılayırlar. Bu dəfə sakinlərin bayram sevincinə daha bir xoş ovqat qatıldı. Martın 11-də mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Cocuq Mərcanlı kəndində keçirildi. Görüşdə kənd sakinlərinin də müraciət və təklifləri dinlənildi, müvafiq tapşırıqlar verildi. Nazir həmçinin kənd klubuna, buradakı kitabxanaya baş çəkdi, işçilərin qayğıları ilə maraqlandı. Nazirlik tərəfindən Cocuq Mərcanlı icma klubuna proyektor, DVD, səsucaldıcılar, mikrofon, son illərdə lentə alınmış milli filmlərin diskləri, kondisionerlər hədiyyə olundu.

Martın 12-də isə kəndin “Qayıdış” parkında Novruzun müjdəsi olan Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirildi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, kənd sakinləri, N saylı hərbi hissənin əsgərləri və digər qonaqlar iştirak edirdi.

Parkın mərkəzi hissəsində bayram tonqalı yandırıldı. İştirakçılar Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi sənətkarlıq, rəsm əsərləri, milli mətbəx nümunələrindən ibarət sərgilərlə tanış oldular. Şöləndə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olundu. Novruzun personajları olan Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hər kəsdə xoş ovqat yaratdı.  Daha sonra Bakıdan gəlmiş rəqs qrupunun, yerli bədii özfəaliyyət və musiqi kollektivlərinin ifasında təqdim olunan konsert proqramı hər kəsə əsl bayram əhval-ruhiyyəsi bəxş etdi.

 

Sakinlərin məşğulluğu diqqət mərkəzindədir

 

Bayram şənliyinə qatılan kənd sakinləri təəssüratlarını bizimlə bölüşdülər.

Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev deyir ki, kənddə bərpa işləri həyata keçiriləndən sonra insanlar böyük sevinclə öz doğma yurd yerlərinə qayıtdılar: “Dövlətimiz tərəfindən burada bizim üçün bütün şərait yaradılıb. Kənd sakinlərinin məşğulluğunun təmin edilməsi istiqamətində böyük addımlar atılıb. Sakinlər üçün torpaq sahələri ayrılıb, istixanalar yaradılaraq əhalinin ixtiyarına verilib. Həmçinin sakinlərə xırda və iribuynuzlu heyvanlar, eləcə də arı ailələri hədiyyə olunub. Hazırda kənddə yaxın vaxtlarda fəaliyyətə başlayacaq və 60 nəfərin işlə təmin olunacağı suvenir fabriki tikilir. Bütün bu işlər sakinlərin məşğulluğunun təmin olunması istiqamətində dövlətin göstərdiyi böyük qayğıdır”.

İcra nümayəndəsi bildirir ki, bütün dövlət orqanlarının əməkdaşları hər zaman bizə öz dəstəklərini nümayiş etdirirlər: “Bu gün də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kəndimizdə böyük bayram tədbiri keçirildi. Ölkəmizin tanınmış ifaçıları, rəqs kollektivləri qonağımız oldu. Bizə böyük bayram ab-havası yaşatdılar. Bu bizim üçün böyük fəxrdir. Belə bir tədbirin təşkil olunmasına görə zəhməti olan hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Kənd sakini Şahsuvar Hüseynov bayram sevincini belə ifadə etdi: “Bizim üçün ən sevincli gündür. Uzun illər əziz bayramımız olan Novruzu doğma yurdumuzdan kənarda qeyd etmişik. Hər zaman ən böyük diləyimiz doğma yurdumuza qayıtmaq, Novruzu kəndimizdə keçirmək olub. İndi bu istəyimizə çatmışıq. Bu çərşənbədə isə ən böyük arzumuz bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarının işğaldan azad edilmiş digər torpaqlarımızda da qalanmasıdır”.

Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkün, Prezident təqaüdçüsü Kamilxan Rüstəmova deyir ki, ata-baba yurdunun düşməndən azad edilməsi kimi insanı başqa heç nə sevindirə bilməz: “İnanırıq ki, yaxın vaxtlarda bizöz doğma el-obamıza qayıdacağıq. Bu çərşənbə bayramında ölkəmizin digər yerlərində məskunlaşmış Cəbrayıl sakinləri də bu insanlar kimi böyük sevinclə iştirak edirlər. Ən böyük arzumuz odur ki, işğal altında olan bütün torpaqlarımız azad edilsin, belə bayram tədbirləri Qarabağımızın digər kənd və şəhərlərində də keçirilsin”.

Bayram tədbirində iştirak edən Xalq artisti, xanəndə Gülyanaq Məmmədova jurnalistlərə müsahibəsində təəssüratlarını bölüşdü: “Bu torpağa gələndə çox kövrəldim. Mən bura gələndə evdə uşaqlarım dedilər ki, Zəngilan dağlarının şəklini çək gətir. Çünki onların nənəsi-babası bu torpaqlardandır. Bizim qəlbimiz hər zaman Qarabağımızla döyünür. Çox şadam ki, bu gün Cocuq Mərcanlıdayam. İnşallah, ansamblımla birgə burada solo konsert verməyi də planlaşdırıram”.

P.S. Doğrudan da, taleyinə didərginlik yazılan insanların öz isti ocağında necə sevindiyini, xoşbəxt olduğunu görmək böyük duyğudur. Uzun illərdir intizarla yolumuzu gözləyən Şuşadan, Xocalıdan... səfər təəssüratları yazmaq diləyilə

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.1;4.