Qardaş ölkələrin müştərək xalq oyunları və ənənələri

 

 

Azərbaycan və Türkiyə mütəxəssisləri Novruz bayramı münasibətilə birgə panel keçirdilər

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Novruz bayramı münasibətilə “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə reallaşdı.

Paneli giriş sözü ilə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov açaraq, Türkiyə və Azərbaycanın hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də uğurla əməkdaşlıq etdiyini dedi. Xalq yaradıcılığının çox maraqlı və əhəmiyyətli bir sahə olduğunu deyən sektor müdiri bildirdi ki, milli ənənələrimiz xalq oyunlarının əsas hissəsini təşkil edir. Qeyd etdi ki, vaxtilə bizim “Kəndirbaz”, “Pəhləvanlar”, “Dirədöymə” və digər xalq oyunlarımız çox məşhur idi. Sevindirici haldır ki, xalq oyunları öz aktuallığını saxlayır. Milli ənənələrin, xalq oyunlarının yaşadılması və təbliği baxımından belə tədbirlərin keçirilməsi, Türkiyə və Azərbaycanın müsbət təcrübəsinə əsasən müştərək fəaliyyət böyük əhəmiyyət kəsb edir.

Sektor müdiri diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyi tərəfindən 2019-2023-cü illər üzrə xalq yaradıcılığının inkişafına dair strateji fəaliyyət planı təsdiq olunub: “Qarşıdakı beş ildə mərhələ-mərhələ nəzərdə tutulan məsələlər həyata keçiriləcək. Ümid edirəm ki, 2023-cü ildə sizinlə yenə belə bir tədbir keçirəcək və nəticələri müzakirə edəcəyik”.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir mövzunun aktuallığından söz açdı. Bildirdi ki, dünyanın 48 ölkəsində fəaliyyət göstərən Yunus Əmrə İnstitutu türk dilini, tarixini, mədəniyyətini, sənətini tanıtmaq üçün səylər göstərir. İnstitut eyni zamanda  Azərbaycanla Türkiyə arasında mədəniyyət körpüsü rolunu oynamağa çalışır, bir çox mədəniyyət və elm mərkəzləri ilə birgə layihələr hazırlanır: “Mədəniyyət bizim milli kimliyimizin təcəssümüdür. Biz öz milli mədəniyyətimizi qorumalı və inkişaf etdirməliyik. Çünki milli mədəniyyətimizi itirəriksə, onu yad mədəniyyətlər əvəzləyər”.

Milli Məclisin deputatı Sona Əliyeva da tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, xalqın milli kimliyini tanıdan bir neçə amil varonlardan biri də mədəniyyətdir. Milli-mənəvi dəyərlər bizi keçmişimizə, tarixi yaddaşımıza bağlayan əsas amildir. Azərbaycan xalqı zaman-zaman yad təsirlərə məruz qalsa da, milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Bu dəyərlərin xalqımızın formalaşmasına böyük təsiri olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişafında da xüsusi rolu var.

Çıxışlardan sonra söz məruzəçilərə verildi. UNESCO üzrə Türkiyə Milli Komissiyasının başqanı, Ankara Hacı Bayram Vəli Universitetinin kafedra müdiri, professor Öcal OğuzUNESCO-da ənənəvi idman növləri və oyunlar”, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovXalq oyunlarında ritual-mifoloji kontekst”, Türkiyədən dosent Ezgi Metin Basat “Kəndlərdə tətbiq olunan oyunlarla aktyor, tamaşaçı və məkan əlaqəsi”, Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, professor Füzuli Bayat “Oyunların fəlsəfi-mifoloji kökü, qadağalar və cəzalar”, Türkiyənin Hacı Bayram Vəli Universitetinin əməkdaşı Zeynəb Safiyə Baki Nalcıoğlu “Türkiyədə ənənəvi oyunlar və onların tətbiqi”, Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, dosent Ağaverdi Xəlil “Gözbağlıca” oyunlarında inisiasiyatürk eposunun strukturu” mövzularında məruzə etdilər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara təşəkkürnamələr təqdim olundu.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.1;3.