Bakı Xoreoqrafiya Akademiyasında elmi-praktik konfrans

 

 

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmielmi tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri” mövzusunda VI respublika elmi-praktik konfrans keçirilib.

Tədbiri BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova açaraq bildirib ki, konfransın keçirilməsində məqsəd müasir dövrdə humanitar sahələrin inkişafı, elmi tədqiqat fəaliyyətinin aktual problemlərin tədqiqinə cəlb olunması və qazanılmış elmi nəticələrə dair fikir mübadiləsinin aparılmasıdır.

Konfransda BXA-nın tədris işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam, professor Sevda Sadıxbəyova “Multikulturalizm kontekstində bədii tərtibatda geyim”, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Firəngiz Əlizadənin yaradıcılığında Nəsimi poeziyası”, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva “Bakının tarixi daş yaddaşlarda”, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev “Azərbaycan xalq rəqslərinin yaranmasında və inkişafında instrumental ifaçıların rolu”, BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Hüseynova “Sənətyönümlü ali təhsil müəssisələrində mədəni irsin təbliği və multikultural dəyərlər”, BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, elmi katib Əbülfəz Babazadə “Azərbaycanda yaponşünaslıq elminin mühüm nailiyyətləri”, BDU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslanİnformasiya cəmiyyətində Azərbaycanda redaktor ixtisaslaşmasının problemləri”,    BXA-nın professoru Vəfa Əliyev “Xalq yazıçısı İlyas Əfəndiyevin nəzəri-estetik görüşləri” və digər iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra məruzələrin musiqi illüstrasiyaları təqdim olunub. BXA-nın tələbəsi, OperaBalet Teatrının solisti, Əməkdar artist Nigar İbrahimova, dosent Nigar Ağayeva, Rövşən Əmrahov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nərmin İbrahimova, beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli konfrans iştirakçıları qarşısında çıxış ediblər.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransda təqdim olunan 50-dən çox məqalə toplu şəklində çap olunacaq.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.4.