Səhnədə dolğunluq olarsa...

 

 

Nəhayət, ötən saylarımızda xəbərini verdiyimiz olayın zamanı yetişdi. Martın 1-də “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı başlandı.

Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival bu il anadan olmasının 70 illiyini onsuz qeyd edəcəyimiz görkəmli rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib. Elə bu üzdən də festival mərhum sənətkarın yaratdığı Yuğ Dövlət Teatrının çıxışı ilə başladı.

Çıxış demişkən, festivalın xüsusi açılış mərasimi olmadı. Yuğ teatrının direktoru İslam Həsənov və baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə festival iştirakçılarını salamladılar. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov rəhbərlik etdiyi qurumun müstəqillik dövründə keçirdiyi müxtəlif formatlı festivalları yada saldı. Dörd  “Monotamaşa”, iki “Him-cim”, iki “Eksperimental tamaşalar”, “Festivallar festivalı”, “Milli klassika”, həmçinin Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil olunan gənc rejissorların “Yeni teatr” respublika festivalı, Uşaq tamaşaları festivalı, Beynəlxalq Çexov festivalının “İpək Yolu” mərhələsi, “Boş məkanın dolğunluğu”, “2+1” eksperimental teatr festivalları neçə-neçə istedadın üzə çıxmasına, neçə aktyorun istedadının festivaladək görünməmiş cəhətinin parlamasına şərait yaradıb, teatrsevərlər üçün sənətlə ünsiyyət imkanı verib...

Qısa çıxışlardan sonra tamaşa başladı. Yuğ teatrı ilk iki gündə öz sənət məharətini festival tamaşaçılarına göstərdi.

 

“Qəbirqazma üsulu”nu bilirsiniz?

 

İlk olaraq teatrın repertuarındakı maraqlı səhnə işinə, bərpadan sonra yenidən tamaşaçı qarşısına çıxan “Qəbirqazma üsulu”na baxdıq. Rejissor Gümrah Ömərin quruluş verdiyi tamaşa  Argentina yazıçısı Adolfo Bioy Kasaresin “Qəbiri necə qazırlar?” hekayəsi əsasında hazırlanıb. Rejissorun “tövbə oyunu” kimi janr təyini etdiyi tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdiyevdir.

Başqalarının bədbəxtliyi, faciəsi, qətli üzərində xoşbəxt olmaq olarmı? Tamaşanın süjeti bir cinayətin tarixçəsidir. Təzəcə ailə quran cütlük şəhərdən, sosial problemlərdən, meqa primitivliklərdən qaçmaq üçün şəhərdən kənardakı bir restoran-hotel icarəyə götürürlər. Əvvəl-əvvəl hər şey yaxşı getsə də, sonradan kələfin ucunu itirirlər. Borc xirtdəyə dirənəndə də çıxış yolunu cinayətdə tapırlar. Adamların itirib-axtarmadığı məkanlarına azaraq gələn Yaşlı qadını (Sonaxanım Mikayılova) asanlıqla qurban seçirlər. Yaşlı qadın enerji dolu gənc və gözəl cütlüyü (kişi – Oqtay Mehdiyev, gənc qadın – Mətanət Abbasova) görən kimi çox sevinir. Düşünür ki, heç tanımadığı yerdə etibar edə biləcəyi adamlar ilə rastlaşıb. Onlara azıb gəldiyini və hərraca çıxarılan evi almaq istədiyini deyir. Gənclərin beynində ani şimşək çaxır: aha, deyəsən, qurtuluruq. Qadından fərqli olaraq kişi bu fikri başından qovmağa çalışır. Amma qadın inadla onu qatil edir. Həm də “uf” demədən.

Yiyələndikləri pullarla borclarını qaytarıb problemlərini həll etdiklərini düşündükləri vaxtda Meşin pencəkli kişi (Vidadi Həsənov) peyda olur və aləm qarışır.

Rejissorun da bu qarmaqarışıq meyitxana kabusuna baxışı dəyişir: gah qatil qurbanını önə çıxarıb onun dilindən canilərə haqq qazandırır, gah çarəsiz qatillərin  günahsızlığına inanmağa çalışır, gah da hər iki tərəfin qurban olduğunu və haqsızlığın qazandığını düşünməyə sövq edir.

Sadə səhnə tərtibatı (ortadakı üzəri qapalı düzbucaqlı qutu hər vəziyyətin mərkəzindədir), assosiasiyaya uyğun uğurlu musiqi seçimi, vəziyyətin təzahürünə hesablanmış geyim və işıq ümumi ansambla qəti xətər yetirmirdi. Doğrudur, tamaşaçı tamaşa edə-edə həm də mülahizələrə, fərqli versiyalara baş çatladırdı. Amma bu da özlüyündə rejissorun “cəzası” kimi lazım idi...

Əsərin əsas yükünü daşıyan Yaşlı qadın (Sona Mikayılova) və Meşin pencəkli kişi (Vidadi Həsənov) oyunlarına xas xüsusiyyətləri aramla nüfuz etdirsələr də, istər-istəməz gənc cütlüyün duetini üstələyə bilmədilər. Çünki bunu heç istəmirdilər də. Elə ona görə də oyun özünün ümumi axarında gedirdi.

 

Heç kim qatil olmaq üçün doğulmur

 

Festivalın proqram tərtibatı necə aparılıb, bilmirəm, amma ilk günün hər iki tamaşası qatil və qətl ilə əlaqəli idi.

Bu mənada “Metamorfoza” daha amansız idi. Ehey, insanlar, sən ey cəmiyyət, siz ey adamlar, yan-yörənizdəki qızcığazları, ən saf və ülvi hisslərini bir anda qurban verən yanılmışları anlamadıqca, qucaqlayıb təsəlli etmədikcə suda gizlənib şikarını gözləyən timsahların yeminə çevirəcəksiz. Sonra da “Vallah, bu cavanların zayı çıxıb. Yox e, zəmanə xarablayıb” deyib qeybətləşəcəksiniz...

Amma nə yazar Səidə Haqverdiyeva, nə də rejissor Günay Səttar bunu istəmir. Müəllifin bir neçə hekayəsi əsasında Günay Səttarın səhnə həlli verdiyi “Metamorfoza” qadın həmrəyliyi nümayişi də adlandırmaq olar. Çünki tamaşanın qəhrəmanı da qadındır. Səhnədə bütün komplekslərindən qurtulmuş Zümrüd Qasımovanın qəhrəmanı (Gənc qız), əslində çəlimsiz, bir az qorxmuş, bir az bezmiş, daha çox yorulmuş bədən-ruh konsentrasiyasında həm də nə qədər güclü olmağı göstərir.

Səhnə işi uğurlu aktyor triosu, bütün tərəfləri bərabər olan üçbucaq kimi idi. Baş qəhrəman qadın olsa da, nə Elgün Həmidov (Gənc oğlan), nə də Oqtay Mehtiyev  (Kişi) bir an belə tamaşaçını rahat buraxmadılar.

Tamaşanın sadə, adi bir tərtibatı var: səhnənin tən ortasındakı qara örtüklü çarpayı, plates topları, çətirlər və bu üç elementin (quruluşçu rəssam Umay Həsənova) bir neçə vəziyyətdə istifadə edildiyi mizanlar.

Qara çarpayıdakı qaranlıq dünyaya yuvarlanan qızcığaz nə qədər bitkin olsa da, keçidlərdəki oyun-oyuncaqları ilə bir o qədər əylənib əyləndirirdi. Elə kişilər də, qoşulduqları bu oyuna asta-asta hamını cəlb edirdilər. Gənc oğlan və hiyləgər kişi (iş adamı) “çıxardıqları” oyunda fərdiyyəti, bir həlqədə dolanmaqla ayrı, başqa olmağı açıqlayırdılar.

Hər şey çox sadə əhvalatdan başlayır: gənc qız və sevgilisi qayğısız və bir o qədər də həzin eşqlərində xumarlanırlar. Sonra hardansa maşını və cibi dolu olan sevgili peyda olur. Qız ona qapılır. Sevib-sevdiyini bilmədən pak olan hər şeyini itirir. Gah ayaqlar altına sərilir, gah nifrətlə bölünür, gah sönük ehtirasla faciəsinin ən dibinə yuvarlanır. Bu prosesin hamısında da musiqi (musiqi tərtibatı – Amid Qasımov) onu ustalıqla ifadə edir. Sonra yenidən zühur edir. Amma bu dəfə qatil olaraq.

Onu zorlayan ağxalatlı kişini qanına bulayaraq. Sonra cinayətə kəsilən cəza və onun ikrah doğuran sonluğu. Yəni hər kəs kimi sən də bu cəzaya məhkumsan. Özünü öz içində həbs etsən də, bu kafi sayılmır. Bu da sənə son cəza...

Amma müəllif də, elə rejissor da bu cəza ilə barışmır və üçlük həlqəsini plates topları üzərində yırğalada-yırğalada, çətirlərin altında fırlada-fırlada, dəmir çarpayını yelləncək kimi yellədə-yellədə oyuna bir əyləncə qatmağa çalışır. Yəqin tamaşaçıya içində ola biləcək pis adamdan qaç demək üçün... Aydındır ki, heç nə təsadüfən olmur. Nəticəsi çox ağır olsa da. Elə bu oyun da təsadüfi deyildi. Çünki içində  yaradıcı həvəs və ona təbii baxış arzusu var idi.

* * *

Festivalın 2-ci günü. Bu gün də “Yuğ”da iki tamaşamız var. Gündüz “Medeya. Sekvensiya 001” tamaşası oynanıldı. 2015-2016-cı teatr mövsümünün son premyerası olan tamaşa barədə qəzetimizdə yazımız dərc olunduğu üçün təkrara ehtiyac duymuruq. Ötənilki mövsümdə repertuara daxil edilmiş “Quş dili” pritça-tamaşası da diqqətimizdən yayınmayıb.

O üzdən də bu tamaşalar haqqında geniş danışmadan sürətli keçid alırıq növbətilərinə.

Martın 3-ü. Hava mart ayından gözlədiyimizə baxmış bir qədər çox soyuqdur. Elə bil ixtiyarındakı üç ayda boz üzünü göstərməyə ərinmiş qış martın əvvəlində bizimlə yüngülvarı eksperiment aparır ki, görək, sənət bayramı ovqatına kökləndiyimiz günlərdə qış havasını necə hiss edirik? Başqalarını deyə bilmərik, amma biz festivalın gündüz tamaşasından sonra özümüzü çox yaxşı hiss edirik.

Çünki çox yaxşı bir tamaşaya baxmışıq. Polşa yazıçı-dramaturqu Slavomir Mrojekin “Açıq dənizdə” əsəri əsasında hazırlanmış tamaşaya İsa Əsədov quruluş verib. Müstəqil iştirakçı kimi festivala qatılan tamaşa ilk növbədə iştirakçılarının seçimi ilə diqqəti çəkdi.

Pantomima teatrından özünü, Kukla teatrından isə quruluş verdiyi tamaşaları tanıyıb sevdiyimiz Qurban Məsimovu yenidən teatr səhnəsində aktyor kimi görmək maraqlı və xoş idi. Tamaşada Qurban Məsimovla yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları Manaf Dadaşov, Anar Seyfullayev, Müşfiq Əliyev, Rahib Axundov çıxış edirdilər. Əsərdə açıq dənizdə çarəsiz qalmış üç nəfərin sağ qalmaq çabalarından danışılır. Əslində, onlar sağ qalmaqdan daha çox xilas edilənədək ac qalmamaq üçün çarə axtarırlar. Dişə dəyən heç nə olmadığından belə qərara gəlirlər ki, üçündən biri yeyilməlidir ki, iki nəfər sağ qalsın. Bəs kim yeyilməlidir? Bu məqamda üç nəfər indiyədək yaşadığı həyatı müzakirəyə çıxarır. Lakin təsadüfən dalğaların vurub onların yanına atdığı Poçtalyonun gətirdiyi bəd xəbər, üçlükdəki bir nəfərin rəiyyətindən olan Xidmətçinin öz Əlahəzrətinin yanına gəlişi vəziyyəti dəyişir. Sarayda yaşamış Birincinin ehtiyat sandığında “yaddan çıxmış” yeməyin tapılması isə üçlüyün arasındakı münasibətə öz düzəlişini edir.

Yaxşı tanımadığımız müəllifin qəribə mövzuya fərqli münasibəti, cavan aktyorların öz rollarını məharətlə ifa etməsi “Açıq dənizdə” tamaşasını daha genişmiqyaslı festivallara layiq göstəri səviyyəsinə qaldırır.

“Qara adam” ifadəsini eşidəndə altşüurumuz bunu bizə qara camaat kimi ötürür. Müstəqil “Human” teatrının təqdim etdiyi “Qara adam” monotamaşasının adı tamaşaçıları bir qədər çaşdırdı. Sergey Yeseninin eyniadlı poeması əsasında hazırlanmış monotamaşanın quruluşçusu da, ifaçısı da Şamil İbrahimovdur. Səhnə, işıqlandırma məsələləri tam həllini tapmadığından tamaşanın tək baş qəhrəmanı öz personajını qaranlıqda qalan adam kimi təqdim etdi.

Festivalın üçüncü günü həm də ekspert qrupunun ilk müzakirəsi keçirildi. İlk dəfədir ki, Teatr Xadimləri İttifaqı ekspertlər qrupuna teatrşünaslarla yanaşı mədəniyyət və teatr yazarlarını (“Mədəniyyət” qəzetinin və “Mədəniyyət.AZ” jurnalının əməkdaşları Gülcahan Mirməmməd ilə Samirə Behbudqızı) da daxil edib. Əminik ki, çox canlı və haqlı iradlar, yerinə düşən qeydlər ilə keçən ilk toplantıdan sonrakı müzakirələr də maraqlı və konstruktiv olacaq. Təbii ki, festival xronikasının ardınca “Boş məkanın dolğunluğu” 2-ci eksperimental tamaşalar festivalı haqqında ekspertlərin rəylərinin yer aldığı təhlil xarakterli yazımız olacaq.

 

Festivalın dördüncü günü – səhnədə tələbələrdir

 

Martın 4-ü. Həftənin birinci, festivalın dördüncü iş günü. Teatr aləmi bazar ertəsində işləməz. Bəlkə də elə buna görə həftənin “ağır” günündə peşəkarlar tələbələri irəli verdilər. Hər nədənsə, “Boş məkanın dolğunluğu”nda səhnə onların idi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi və Dövlət Rus Dram Teatrının aktrisası Milana Sokolenko və rejissor-xoreoqraf Raulya Türkkan birgə hazırladıqları “Səmavi” adlı monolayihəni təqdim etdilər. Rejissorla aktrisanın çalışdıqları teatrın səhnəsində oynanılan tamaşa həyatdan gözləntisi boşa çıxan, pərtliyini içki, siqaret ilə ovutmağa çalışan, o qədər də xoş olmayan sıxıntılı uşaqlıq xatirələrinə qayıdan tək qadının işdən sonrakı tənha axşamını göstərirdi.

Müasir rus dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və yaxud qadın ömründən dörd saat” pyesinin əsasında hazırlanmış tamaşa bütün həyat uğurlarına təkbaşına çatmağa nail olan cavan və yaraşıqlı qadının, dörd saat əvvəl isə haqq etmədiyi talenin çox ağır zərbəsini dadmış Marinanın bütün həyatını aktrisanın dilindən çatdırır və seyrçini düşündürür. Sadəcə, “Səmavi”nin bu festivalın formatına nə qədər uyğun gəldiyi anlaşılmadı. Aktrisanın tamaşanın əvvəlində səhnənin bir küncündə gerçək leysandan iliyinədək islanmasımı? Yaxud səhnədə heç bir ifrata varmadan, sadəcə, situasiyanın tələb etdiyi üçün soyunmasımı? Bu sənət priyomları səhnəni həyata yaxınlaşdırmaq jesti olaraq illərdir ki, bir qədər mühafizəkar Azərbaycan səhnəsi üçün də yenilik deyil. Format uyarsızlığını bir kənara qoysaq, Milana Sokolenkonun “Səmavi”si bitkin monotamaşa kimi baxımlıdır. Ümidvarıq ki, çalışdığı teatr onu öz repertuarına salacaq və beynəlxalq teatr aləmində müntəzəm keçirilən monotamaşalar festivallarında təqdim edəcək.

* * *

Martın 4-də həmçinin Teatr Xadimləri İttifaqının böyük səhnəsində universitet tələbələri “Unutmağa kimsə yox” dedilər. Görkəmli alim, yazıçı-dramaturq Kamal Abdullanın bu pyesi illər öncə də oynanılıb. Pyesin zəngin dramaturji materialı  əsər  üzərində təxəyyül işlətməyə, maraqlı oyun qurmağa imkan verir. Əməkdar artist Yaqut Paşazadə də bu məqamı ustalıqla tutaraq öz kursu – dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün maraqlı tamaşa hazırlamağa nail olub.

Əsərin baş qəhrəmanı Aspirantın (Tunar Əlizadə) Yaddaşı (Elnur Tağıyev), xəyallarına cavabdeh Qağayı (Səbinə Məmmədova) və Əzabları (Rəhimə Abdinova) onun həyatına və düşüncəsinə təsir edərək sevdiyi Qadınla (Çimnaz Bağırova), Arxadaşı (Əlirza Kənani) ilə ünsiyyətinə təsir edir. Onlar tabe olduqları kimi görünsələr də, əslində isə onu öz köləliyində saxlayaraq səhnədəki hadisələrin cərəyanına təsir göstərirlər. Gerçəkdən də, hər birimiz yaddaşımızın əsiri, əzablarımızın köləsi, arzularımızın da girovuyuq. Tələbələrin çıxışına  ünvanlanan alqış  isə həm də tamaşanın quruluşçu rejissoru – kurs rəhbərinin haqqıdır. Tamaşaçı eyni vaxtda səhnədə iki tamaşa izləyirdi. Gerçək, bir də alleqorik qəhrəmanların oyunu maraqla baxılırdı. Alleqoriklər ön plana keçəndə gerçəklər statik pozada donub qalır, məqamı çatanda “canlanır”, qaldıqları yerdən davam edirdilər.

Bu tamaşa tələbələr üçün təkcə ilk festival, peşəkarlarla yanaşı çıxış etmək imkanı ilə bərabər, həm də əsər müəllifinin qarşısında çıxış etmək, onun adından çiçək dəstələri almaq şansı ilə yadda qalacaq. Məşhur film qəhrəmanının sözü olmasın, diqqət jestləri etmək və görmək ayrı söhbətdir.

Festival martın 9-dək davam edəcək.

 

Gülcahan MİRMƏMMƏD, Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.5.