Doqquzu don olan gözəllik...
“Araşdırmalar zamanı gördüm ki, bizim milli geyimlərimiz nə qədər zəngindir, onlarda həm konkret bölgəyə, həm təbəqəyə, həm də zamana görə çox fərqliliklər var”
“Arxalıq aldırsana, Boyağa saldırsana”, “Kətan köynək miliynən, İşləmişəm gülüynən”, “Sarı çit, sarı yaxa, Yoruldum baxa-baxa”, “On bir ondan yaxşıdı, Çuxa dondan yaxşıdı”... kimi geyim mədəniyyətimizi poetik şəkildə tərənnüm edən onlarla nümunəyə rast gəlmək olar. Yəqin elə bu səbəbdəndir ki, bizim xalq olaraq təfəkkürümüzdə geyimi gözəllik, fərqlilik nümayişinə çevirmək kimi xüsusiyyətin ayrıca yeri var. Məhz bu xalqın təxəyyülündən süzülüb gələn “Gözəllik ondur, doqquzu dondur” kimi bir deyim də var...
Bu günün prizmasından baxdıqda milli geyimi sevməkdən ziyadə onu bilavasitə, yəni öz nümunəndə yaşatmaq, öz əynində daşıyıb təbliğ etmək heç də asan deyil. Səbəb isə sadədir: bu geyimlər kütləvilik imkanına malik deyil və geyinən şəxsdən təəssübkeşlik istəyir.
İllərdir yorulmadan milli geyimlərimizi təbliğ və yeni nümunələrini yaradaraq təqdim edən Bakı Milli Geyim Evinin direktoru, modelyer-dizayner Könül Vəlibəyli də həmin təəssübkeşlərdəndir. Məsələyə daha peşəkar və əhatəli yanaşan xanım artıq bu sahəni kütləviləşdirməyi də bacarıb.
Yaradılmasının 10-cu ildönümünü qeyd edən, bu illərə böyük işlər sığışdırmağı bacaran Bakı Milli Geyim Evi yubiley dəfiləsinə hazırlaşır. Geyim evinin rəhbəri ilə söhbətimiz də əsasən bu kontekstdə oldu.
“Azərbaycanın milli geyimləri onu geyinən və yaşadan xalqın keçmişinə işıq tutmağa imkan verir. Təsadüfi deyil ki, bizim milli geyimlərimiz xalq olaraq milli xüsusiyyətlərimizi, etnogenezimizi, təsərrüfat məşğuliyyətimizi, məskunlaşdığımız ərazinin təbii-coğrafi şəraitini, bədii yaradıcılığı, hətta düşüncə tərzini də özündə əks etdirə bilir. Ümumiyyətlə, milli geyim bir mədəniyyət sahəsidir və daim araşdırma tələb edir” – fikirləri ilə söhbətə başlayan Könül xanım ötən illərə ekskurs etdi.
Müsahibim deyir ki, vaxtilə milli geyim axtardığı zaman sadəcə muzeylərdə qalan bir-iki nümunə ilə kifayətlənməli olurdu. Üstəlik, milli geyim deyərkən təsəvvür sırf rəqs, səhnə geyimləri ilə məhdudlaşırdı: “Bir dəfə “Sara xatun” qadın jurnalında xanımlar üçün xüsusi buraxılış hazırlamaq qərarına gəldik. Düşündük ki, ziyalı, millət vəkili, jurnalist xanımların milli geyimlərdə foto-sessiyasını edib jurnalın bir nömrəsini ona həsr edək. O vaxtlar milli geyimlər geniş yayılmamışdı. Muzeylərdən də götürmək mümkün deyildi. Çünki onlar muzey eksponatıdır. Düzdür, bir neçə modelyerin milli geyimi vardı, amma onlara tam milli libas demək olmazdı. Ona görə də biz bu istiqamətdə işə başladıq və çətin olsa da, ilk addımlardan məqsədimizə nail olduq. 2009-cu ildən başlanan bu yolun 10-cu dayanacağındayıq”.
“Ənənədən gələcəyə” - yolun başlanğıcı
Bu zaman içində milli geyimlərimizin araşdırılmasından kollektivin yaradılmasına müxtəlif səpkili fəaliyyət davam edir və ilk sərgi ilə tamaşaçılar onları tanımış olur: “Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş xalqın maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Hazırda milli geyimlər bir çox muzeylərdə qorunub saxlanılsa da, onların bərpası və tikilməsi elə də asan deyil. Amma çox maraqlıdır. Milli geyimlərə olan marağım məni bu sahəyə istiqamətləndirdi. Geyimlərin hazırlanması üçün bizə lazım olan təsvir və məlumatlara gəlincə, onları bir sıra etnoqrafik kitablardan, tədqiqatçıların elmi əsərlərindən, eləcə də ədəbi nümunələrdən toplamaqla eskizlər çəkib bunların əsasında ərsəyə gətirdik. Bu araşdırmalar zamanı gördüm ki, bizim milli geyimlərimiz nə qədər zəngindir. Onlarda həm bölgəyə, həm təbəqəyə, həm də zamana görə çox fərqliliklər var”.
Könül xanım hər il milli geyim nümunələri hazırlayaraq Muzey Mərkəzində “Ənənədən gələcəyə” adlı sərgidə təqdim etdiklərini deyir. Bildirir ki, bu nümunələr həmçinin Dənizkənarı Milli Parkda keçirilən ümumxalq Novruz bayramı şənliklərində də göstərilir: “2010-cu ildə təşkil olunan ilk sərgidə Qarabağ, Gəncə, Naxçıvan, İrəvan, Qazax, Borçalı, Lənkəran, Qusar, Şəki, Şirvan və Bakını əhatə edən geyimlər sərgiləndi, həmçinin muğam kolleksiyamız izləyicilərin ixtiyarına verildi. İlk sərginin maraqla qarşılandığını gördükdə daha da həvəsləndik və fəaliyyət yönünü bir az da genişləndirdik. Beləcə, “Ənənədən gələcəyə” layihəsini hər il reallaşdırmağa başladıq”.
Dəbdə klassikaya qayıdış
Həmsöhbətim bildirir ki, hazırladıqları geyimlər milli xalçamız, musiqimiz, mətbəximizlə yanaşı, xalqımızın estetik görüşlərinin təcəssümüdür. Milli geyimdə xalqımızın həyat tərzi, istehsal səviyyəsi, estetik idealları əksini tapıb: “Amma biz bu gün milli geyimi olduğu kimi təqdim etməklə gənclərə sevdirə, onların diqqətini cəlb edə bilmərik. Axı hər dövrün öz tələbləri var. Lakin bizim orijinal milli ornamentlərimiz, kəsimlərimiz, parçalarımız var. Bunları yeni dəbə uyğunlaşdırmaq lazımdır. Dəbdə klassikaya qayıdış fenomeni mövcuddur. Əgər bu gün Avropa ölkələrinin istehsalı olan geyimlərdə bizim naxışlardan, kəsimlərimizdən istifadə olunursa və bu maraqla qarşılanırsa, özümüz niyə bunu tətbiq etməməliyik? Məncə, bu yolla biz milli geyimlərimizə də lazım olan diqqəti cəlb edə bilərik”.
“Başında ağ şalı var”
“Biz təkcə o geyimləri hazırlayıb sərgiləməklə kifayətlənmir, yetişən nəsillər arasında geniş təbliğatına da çalışırıq”, - deyən Könül xanım ümumtəhsil və ali məktəblərdə simpozium, seminar və bu kimi təbliğat xarakterli aksiyalar təşkil etdiklərini diqqətə çatdırır: “Düşündük ki, bununla kifayətlənmək olmaz və təbliğat işi bir də tədris qolundan davam etməlidir. Bu ideyanın da icrasına başladıq. Beləcə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Bakı Milli Geyim Evinin Tədris və təcrübə mərkəzi yaradıldı. Biz bu sayədə milli geyim mədəniyyətimizin elmi baxımdan araşdırılıb öyrənilməsinə nail oluruq. Bu yaxınlarda Bakı Milli Geyim Akademiyasını da təsis edəcəyik”.
Bu gün öz əhatə dairəsini genişləndirən mərkəzin geyimləri uzaq Amerikada, Rusiyada, Çində, Türkiyədə, İngiltərədə, Koreyada sərgilənir. İlin sonunadək Berlin və Parisdə də dəfilələr reallaşacaq: “Mərkəz olaraq daim Mədəniyyət Nazirliyinin dəstəyini hiss etmişik və buna görə nazirliyin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
Geyimlərdə heç bir ölkənin təsirinə rast gəlinmir
Söhbət əsnasında milli geyimlərin xüsusiyyətlərinə də toxunduq. Modelyer deyir ki, geyimlər hazırlanmazdan öncə muzeylərimizdə saxlanılan qədim milli geyimlər təhlil edilir, ensiklopediyalardan, milli geyimlərlə bağlı araşdırmalardan, yaşlı nəslin məsləhətlərindən istifadə olunur. Həmçinin bölgələrin milli geyim xüsusiyyətləri araşdırılır: “Bizim geyimlərdə heç bir ölkənin təsirinə rast gəlinmir. Azərbaycan bir neçə ölkə ilə həmsərhəddir. Amma maraqlıdır ki, bizim qədim milli geyimlər özünəməxsusluğunu qoruyub saxlayıb. Qədim Azərbaycanda milli kişi geyimləri bölgələr üzrə o qədər də fərqlənmir. Qadın paltarları isə parçaların rənginə, qol və yaxa kəsimlərinə görə fərqlənir. Bakı ilə Şamaxı-Şirvan zonasının geyimləri çox oxşardır. Naxçıvan-İrəvan zonasının geyimləri daha praktik olub. Hər bölgənin geyimlərini təhlil etsək, görərik ki, necə böyük zənginliklə qarşı-qarşıyayıq”.
Xaricdəki soydaşlarımız milli geyimlərimizə böyük maraq göstərir
Söhbətimizi yenidən təbliğat məsələsinə yönəltdik. Könül xanım bu işdə hər kəsi birliyə səslədi: “Xarici ölkələrdə yaşayan gənc soydaşlarımız milli geyimlərimizə xüsusi maraq göstərirlər. Hiss olunur ki, azərbaycanlılar öz tarixinə, milli geyimlərinə nəinki maraq göstərir, hətta onu təbliğ etməyə can atırlar. Bu amalda olan hər kəsi alqışlayıram və daim o təbliğat müraciətlərinə zövqlə dəstək oluram. Milli geyimlərimizin dünyada təbliğində sistemli və davamlı iş aparmalıyıq. İstər-istəməz bütün fəaliyyətimdə bu, ana xətt təşkil edir və çalışıram ki, hər gün bu işə yeni insanları qoşum”.
“Asırğası altunnan”
Bu gün gənclər, gözəllik vurğunu qadınlar daha gözəl, baxımlı və fərqli görünmək üçün, sanki yarışırlar. Müxtəlif “brend”lərin geyimlərini qarderoblarına doldurmaqla “qlamur” görünməyə çalışırlar. Görəsən, bu qisim insanlarımıza milli geyim markası təqdim etsək, necə, geyinərlərmi? Həmsöhbətim bu layihə ətrafında çoxdan düşündüyünü və yaxşı qarşılanacağına inandığını deyir: “Bu ideya məndə artıq 10 ilə yaxındır var. Bunu bir marka olaraq ölkəmizdə və ondan kənarda necə satmaq olar məqamında bir az tərəddüd edirəm. Çünki milli geyim, adından da göründüyü kimi, müəyyən mərasimlərdə, tədbirlərdə, sərgilərdə gözəldir. Onu kütləviləşdirmək üzərində çalışırıq və inşallah, qısa zamanda o brendi münasib qiymət və zəngin kolleksiyalarda təqdim edəcəyik”.
Sırf geyimləri deyil, müəyyən detalları da gündəlik geyimimizə daşımaqla milliliyə nail ola biləcəyimizi deyən Könül xanım həmcinslərinə müəyyən məsləhətlər də verdi: “Gündəlik həyatımızda da gözəl arxalıqlar, kürk və ləbbadələrdən istifadə edə bilərik. Həmçinin, milli geyimdə çox gözəl yaxa, qol və bel kəsimləri var və onların müasir geyimlərimizin üzərində tətbiqi mümkündür. Bu mənada kəlağayılar, araqçınlar, bəzək əşyaları ilə də milli geyim mədəniyyətimizi gündəlik həyatımızın tərkib hissəsinə çevirə bilərik”.
“Arxalığın mısmırıx”
Mənfur qonşularımız milli musiqi və mətbəx incilərimizlə yanaşı, artıq milli geyimlərimizə də hücuma başlayıblar. Bunu ürəkağrısı ilə dilə gətirən müsahibim mütəşəkkil mübarizəni vacib sayır: “Təəssüf ki, bədnam qonşularımız bu sahəyə də əl uzatmağa başlayıblar. Bu yaxınlarda ABŞ-da bir sərgidə arxalığımızı erməni geyimi kimi nümayiş etdiriblər. “Arxalıq” və “erməni geyimi” ifadələri gülünc olsa da, onlar bunu utanmadan bəyan edirlər və bu məni dəhşətə gətirir”.
Söhbətin sonunda milli geyim həvəskarlarını martın 15-də Muzey Mərkəzində baş tutacaq “Ənənədən gələcəyə” adlı yubiley sərgisinə dəvət edən modelyer-dizayner hər kəsi milli geyimi sevməyə və qorumağa səslədi.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 8 mart.-
S.5.